Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

«EVİM QIFIL, QAPIM KİLİD GÖRMƏDİ…»

Firuzə MƏMMƏDLİ

Kamil ƏFSƏROĞLU
QARATOY
hekayə

Hüseyn HATƏMİ

Zemfira MƏHƏRRƏMLİ
QİSAS
Hekayə

CƏLİLABAD ŞAİRLƏRİ

İslam SADIQ

Elçin HÜSEYNBƏYLİ
QOCANIN AXDIĞI GÜN
(hekayə)

Tahir TALIBLI

NARINGÜL
SÜKUTUN SƏSİ 
(Hekayə)

Şahid MƏMMƏDKƏRİMOV

Fəxrəddin MEYDANLI

İlham QƏHRƏMAN
FOLKLOR HAQQINDA MOZAİKA

Əbülfət MƏDƏTOĞLU

G ülşən ƏLİYEVA-KƏNGƏRLİ
“BƏDİİ YALAN”IN ESTETİK MAHİYYƏTİ

Qərib MEHDİ
DƏYİŞMƏ
(hekayə)

Raquf HIDAYƏTOV

Beso XVEDELİDZE
TAMPO


 
Zemfira MƏHƏRRƏMLİ
QİSAS
Hekayə

 

“Yenə gəlib çıxmadı...” Son bir neçə saatda bu fikri bəlkə yüz dəfə öz-özünə pıçıldamış, götür-qoy etmişdi.
Görən harda qaldı, niyə yubandı, başına bir iş gəlməsə yaxşıdı. Nə vaxtdır ki, ev-eşiyinə yığışa bilmir. Elə bil fikri-zikri özündə deyil, qaradinməz, daim narahat görünür. Sanki ailəsində yox, yadların arasındadı. Evə gəldimi, ağzına su alıb oturur, gəmisi batmış adama oxşayır. Görəsən, bu vəziyyət nə qədər davam edəcək?
Başını əllərinin arasına alıb bütün bunları düşünürdü. Ərinin gecədən xeyli ötmüş, səhərə yaxın evə dönməsi, narazı, küskün baxışlarla qarşılanıb tənələrə tuş gəlsə belə, bu xoşagəlməz əməlindən əl çəkməməsi artıq dözülməz idi.
Uşaqlar da bezmişdilər. Analarının bəzən yalvarış, xahiş-minnətlə, bəzən isə səsini ucaldaraq atalarını düz yola çağırmasının şahidi idilər. Qızlarının və ilk övladları olan oğlanın: “Ata, bizi istəmirsən? Gəlmədiyin gecə harda idin?”- sualları çox vaxt cavabsız qalırdı. Analarının göz yaşlarına artıq tab gətirə bilmirdilər. Ata isə işin-gücün çoxluğunu bəhanə gətirərək, hər dəfə başaldadıcı sözlərlə yaxasını kənara çəkirdi.
Bunları göz önünə gətirdikcə yanıb-yaxılır, hövsələsi tükənirdi. Tez-tez aynabəndə çıxıb, magistral yola boylanır, ərinin maşını həyətə salacağı anı gözləyirdi. Hava az qala işıqlaşırdı, səhəri diri gözlü, fikir-xəyal içində açmışdı.
Bəlkə də bu üzüntülər əbəs idi. Ömrünün iyirmi ilini bir yastığa baş qoyduğu, həyatını sərf etdiyi, lakin indi ona arxa çevirən , dönük çıxan bir kəs üçün acı göz yaşları axıtmağa dəyməzdi. Dəfələrlə özünə söz vermişdi ki, bir qədər soyuqqanlı olsun, çox dərinə getməsin. Yəqin əri hansısa qadına meyil salıb, gününü keçirir. Güman edirdi ki, ötəri həvəsdi, yaz qarı kimi tez əriyib yox olar. Əfsus, ümidləri daşa dəyir, sabahkı günə inamı qalmırdı.
Vaxtilə eyni yerdə işləmiş, bir-birini ürəkdən sevib evlənmişdilər. Qohum-əqrəba, dost-tanış bu cütlüyün səmimi münasibətinə, mehr-ülfətinə qibtə edir, heyran olurdu. Dalbadal üç övlad dünyaya gətirəndən sonra işləyə bilmədi, heç əri də bunu istəmirdi. O, bizneslə məşğul olmağa başlamışdı: xırda alış-verişdən tutmuş, ta xarici ölkələrdən mal gətirməyə qədər.
Bir qədər sonra özünə kiçik dükan açmışdı. İlk vaxtlarda alveri pis getmirdi, necə deyərlər, ticarət aləmində əli gətirmişdi. Sonralar mağazalarının sayını artırdı. Keçmiş sovet istehsalı olan avtomobilini satıb əvəzində BMW almışdı. Kimya zavodunda birgə işlədikləri vaxtdan qat-qat yaxşı dolanırdılar. Şəhərin izdihamlı küçələrindən birində, doqquzmərtəbəli binada ev almışdılar. Əri xərc çəkib beşotaqlı mənzili çox gözəl təmir elətdirmiş, Türkiyədən bahalı mebel gətirtmişdi. Eyni mərtəbədə satılan digər mənzili də alıb öz mənzillərinə qataraq geniş ev-eşiyə sahib olmuşdular. Bir cüt göz lazım idi ki, bu cah-cəlala tamaşa etsin. Hər şey qaydasında gedirdi, bircə bu yad qadın olmasaydı....
Divanda oturub gözlərini divardakı zəngli saata zillədi. Rəhmətlik qayınatasından yadigar qalmış, köhnə, darısqal mənzillərindən gətirdikləri bu saatın kəfkiri ağır-ağır yellənir, ətrafda baş verənlərə, ailələrini çulğalamış olaylara məhəl qoymadan fasiləsiz ləngər vururdu. Dodağının altında mızıldandı: “ Bu saata bax, heç nəyi vecinə almır, nə yaxşıdı belə həyat”...
Deyinib ürəyini boşaltsa da, yenə təskinlik tapmır, aram olmurdu. Bacısı, qardaşı yoxdu ki, dərdini onlarla bölüşə. Atası dünyasını çox erkən dəyişmiş, anası isə ərə getməyib, bircə balasını böyütmüşdü. Ömrünü-gününü tək övladına sərf etmiş ağbirçək anasını ağrı-acıyla yükləyə bilməzdi. Ümid-pənahı ərinin iki bacısına qalmışdı. İnsafən, onlar öz gəlinlərini çox istəyir, xətrini əziz tuturdular. Axı o, əziz-xələf qardaşlarının xanımı idi. Dil boğaza qoymadan “bibi qardaş balalarını çox istəyər ”, – deyirdilər.
Ürəyini açıb, dərdini onlara danışmış, qardaşlarının bu saymazyana hərəkətlərini, isti ocağından perik düşməsini anlatmışdı. Ərinin valideynləri də, onu dünyalarca sevən bacıları da bu ilginc xəbəri çox ağrılı qarşılamışdılar. Bacılar əlac yolu axtarır, ailəni bu üzüntülü durumdan xilas etmək istəyirdilər. Kiçik bacısı hətta qardaşını izləməyi, bundan ötrü güdükcü tutmağı məsləhət görmüş, “ikicə günün içində onun haralarda gün keçirdiyini biləcəyik,” – demişdi. Və sözünün üstündə durmuşdu. Qardaşından iki yaş kiçik olan, oğlansayağı böyüyən bu bacı çox cəsarətli idi, ən çətin işlərə girişər, qalib gələndə qürrələnərdi. İdmanla məşğul olurdu, sükan arxasına əyləşib maşın sürürdü, həm də yaxşı üzgüçü idi. İdmançı rəfiqələrindən birinin avtomobilini özününkü ilə bir neçə günlüyə dəyişib, fərqli saç düzümündə, gözünə eynək taxaraq qardaşını izləməyə başlamış, çox əziyyət çəkmədən istədiyinə çatmışdı.
İri, işlək mağazaların sahibi olan qardaşının günün günorta çağı, nahar vaxtı üz tutduğu ünvanda işdən sonrakı saatlarda da tez-tez görünməsi və həmin mənzili səhərə yaxın tərk etməsi artıq çox şeyi deyirdi. Bu mənzilin binanın arxasına baxan açıq eyvanında qardaşının cavan, sarışın qadınla qol-boyun olub, şirin-şirin söhbət etməsini də gözdən qaçırmayıb tez gəlinlərinə xəbər vermişdi.
İndi baldızının ona əsib-coşaraq danışdıqlarını yadına saldıqca tüstüsü başından çıxırdı. Hönkür-hönkür ağlamaq, hayqırmaq, yeri-göyü köməyə çağırmaq istəyirdi. Çox düşünüb daşınmış, aranı dağa, dağı arana qatmışdı. Hər an beynində yüz fikir dolaşırdı. Bəlkə özünə qəsd etsin? Tez fikrindən daşınırdı, intihar vəziyyətdən çıxış yolu deyildi. Bəs həddi-büluğa çatmayan balalarının günahı nəydi? Onlar kimin ümidinə qalacaqdı?
Ərinin bəd əməlini, xəyanətini heç cür bağışlaya bilmir, onu cəzalandırmaq istəyirdi. Amma necə? Bir müddət beynini məşğul edən boşanmaq fikrindən də vaz keçmişdi. Axı, ailə dağılanda ikitirəlik yaranır, hərə bir tərəfə pərən-pərən düşür, uşaqlar odla su arasında qalır, bu ayrılığı çox çətin keçirirlər.
Deməli, çarə yalnız bir şeyə qalırdı – qisas almağa. Ərini əlindən alan, balalarından eləyən, isti aşına soyuq su qatan o qadını tapıb cəzalandırmağa qərar vermişdi. Özü də elə-belə yox, çox amansızlıqla. Onu bilirdi ki, intiqamı ağır olacaq.
Məqsədini gerçəkləşdirmək üçün yollar arayırdı. Axtardığını, deyəsən, tapmışdı...
Kimya zavodunda vaxtilə birgə iş şəraitindən tanıdığı ən yaxın yoldaşlarını göz önünə gətirdi. Onların arasında sex rəisi, hətta direktor müavini də vardı. Bütün əlaqələri işə salıb, münasib adam soraqlayaraq, bir xahişdə bulunmuş, azca turşu məhlulu istəmişdi. Eyni yerdə işləyib, bir süfrədə çörək kəsdiyi, indi az qala pensiya yaşına çatan, amma hələ də bu müəssisədən aralanmayan ağbirçək, üzüyola Firuzə ana onu doğma qızı qədər sevir, hərəkətlərindən, xasiyyətindən xoşlanırdı. Arabir zəngləşib hal-əhval tuturdular. Odur ki, sözünü yerə salmayıb, istədiyini yerinə yetirmiş, kiçik bankaya tökdüyü qələvi məhlulunu gizlincə sexdən çıxarıb ona göndərmişdi. Kiçik baldızı isə bu “əmanət”i ünvanına çatdırmışdı. İndi bu təhlükəli “əmanəti” uşaqların gözündən uzaq, əl çatmayan yerdə saxlayır, əlverişli məqam gözləyirdi.
Nəhayət, belə bir fürsət ələ düşdü. Ərinin yenə həmin başabəla ünvanda, məşuqəsinin yanında olduğunu bilən kimi qərarını qətiləşdirdi. Ona bu xəbəri çatdıran, halına yanıb kömək göstərən baldızının maşınına minib, evlərindən dörd-beş məhəllə aralıda olan binaya tərəf getdilər. Əsəbləri tarıma çəkilmişdi. Onun yerini tutmuş, sevdiyi insanı əlindən almış o əxlaqsız qadını didib parçalamağa, tikə-tikə doğramağa hazır idi. Sonrası nə olacaqdı, heç o barədə düşünmək belə istəmirdi. Yerlə göy birləşsə belə, rəqibini tapıb cəzalandırmaq, ona yerini göstərmək istəyirdi.
Dəqiqələr bir göz qırpımında ötüb keçdi. Daim ürəyində lənətlədiyi, “xaraba” adlandırdığı həmin binanın qarşısına çatanda sükan arxasındakına işarə edərək, “mən özüm gedəcəm”, -- deyib maşından düşdü. Binaya girən kimi əl çantasındakı şüşə qabı çıxarıb əlində tutdu, iti sürətlə üçüncü mərtəbəyə qalxıb pilləkənin üstündəki mənzilin zəngini çaldı. Ürəyi bərk döyünürdü: “Kaş qapını o ləçər özü açaydı.Əgər qapıya əri çıxsa, onda necə olacaq?”
Sualın cavabını düşünməyə macalı qalmadı. Qapının arxasından ayaq səsləri eşitdi. Kim idisə, görünür, çağırılmayan qonağı qəbul etmək istəmirdi.
Namünasib vaxtda qapının ağzını kəsən “qonaq” isə çox israrlı idi, zəngi dalbadal çalırdı.
Birdən qapı şaqqıltı ilə açıldı. Çəhrayı, güllü ipək xalat geyinmiş, saçları çiyinlərinə, sinəsinə dağılmış sarışın qadın təəccüblə ona baxırdı:
-Sizə kim lazımdı? – sualını eşidər-eşitməz əlində tutduğu qapağıaçıq şüşədəki turşu məhlulunu var gücü ilə rəqibinin üzünə tulladı.
-Öl, alçaq qadın, sənə bu da azdı! O yaramaz niyə çölə çıxmır?! deyib pillələri qaçaraq enməyə başladı.
Binanı tükürpədici qışqırıq səsi bürümüş, yaxın qonşular hay-küy eşidib mənzillərindən çıxmışdılar. Təkcə onu bilirdi ki, hadisə yerindən tez uzaqlaşıb getməlidir.
Gəldikləri maşınla geri qayıdırdılar. İti sürətlə həyətdən çıxıb gözdən itsələr də, bu naməlum avtomobili və içindəki qadınları görənlər olmuşdu...
Üzü, boyun-boğazı yanıb suluqlamış, pörşələnmiş qadın vay-şivən qoparıb qonum-qonşunu başına yığaraq, ufuldaya-ufuldaya hadisəni nəql edirdi.
Səsə toplaşanlardan kimsə təcili tibbi yardım çağırmaq istəyirdi. Başqa birisi tez polisə xəbər vermək üçün təkid edirdi. İçəridə isə üzüqara, vicdanı ləkəli bir kişi səsini içinə çəkib bir küncə qısılaraq arvadının səsini eşitmişdi. Bu namərd kişinin adam arasına çıxmağa üzü yox idi...
Sifətində dəhşətli ağrılar hiss edən, yanaqları, burnu ən ağır yanıqlarda olduğu kimi şişib eybəcər hala düşən sarışın gözəl bir an nə edəcəyini bilmədi. Birdən nə fikirləşdisə, ətrafına cəm olanlara çığırmağa başladı: “Burada tamaşa göstərirlər? Yoxsa bu hala düşməyim xoşunuza gəlib? Rədd olun mənim qapımdan! Heç kəsi görmək istəmirəm”.
Bunları deyib içəri girdi və mənzilin qapısını zərblə çırpdı. İndi onu yataq otağında gözləyən sevgilisinin qarşısına necə çıxsın. Yəqin ki, sifəti əcaib hala düşüb. Dəhlizdəki bədənnüma güzgüdə özünü görəndə az qala dəli olacaqdı. Baxdığı ən qorxulu filmdə belə eybəcər, bədheybət sifət görməmişdi. Gözləri sanki mütənasibliyini itirib lap çuxura düşmüşdü.
Birdən dəhşət içində anladı ki, sol gözü tamamilə görmür. Dodaqları qarsalanmış, əvvəlki şuxluğu qalmamışdı. Əyilmiş, qırışmış sifəti kimə lazımdı?
Qəfil təmasdan bərk diksindi. Sakit addımlarla ona yaxınlaşıb çiyinlərini qucaqlayan sevgilisi günahkar adamlar kimi gözlərini yerə dikmişdi. Handan-hana dili açıldı:
-Özüm çölə çıxmadım ki, qonşular məni görməsin. Bütün baş verənlərin təqsirkarı mənəm. Heç bilmirəm günahımı necə yuyum...
Məşuqəsi elə bil bu sözlərə bənd idi, səsini başına atıb:
-Həyasız arvadıvı tutduracam. Səni yanında görmək istəyirdi, indi heç görməyəcək, sevimli ərinə və balalarına ömürlük həsrət qalacaq, çünki qazamatda çürüyəcək. Sənə söz verirəm, bunu görəcəksən.
Nitqi qurumuşdu, deməyə söz tapmırdı. Üç-dörd il nazını çəkdiyi, şıltaqlığına dözdüyü, yağ içində böyrək kimi bəslədiyi bu ərköyün qadından indi bunları eşidirdi. Həyat yoldaşını, uşaqlarını, özünü qarşıda nələr gözlədiyindən xəbərsiz idi.
Şəhər xəstəxanasının yanıq travmatologiyası şöbəsinə üz tutmuşdular. Baş həkim hadisə barədə məlumat alan kimi polisə xəbər verdi, xəstəni isə palataya yerləşdirdilər. Hər şey də elə bundan sonra başladı, hadisə ilə bağlı cinayət işi açıldı.
Xəsarət alanın verdiyi ifadələr kifayət deyildi. Müstəntiq bu işdə suçlu bilinən tərəfləri, ən başlıcası isə ərlə arvadı, habelə şahidləri dindirmiş, ifadələrini almışdı. Hətta hadisənin törədilməsinə köməklik göstərmiş qadın sürücüyə- kiçik baldıza da növbə çatmışdı.
Biznesdən əldə olunan külli miqdarda gəlir işə salınmışdı. İri mağazaların sahibi bu biabırçılıqdan qurtarmaq üçün pulunu az qala göyə sovururdu. Hüquq-mühafizə sahəsində tanış-biliş arayıb, rüşvət verməklə işin xətm edilməsinə nail olmuşdu. Hər şeyə razı idi, təki arvadı tutulmasın, Uşaqların, qohum-əqrəbanın üzünə baxa bilməzdi, dünya-aləm, el-oba buna nə deyərdi?
Əlində çox az vəsaiti qalmışdı. Yaxşı ki, evdə həyat əvvəlki məcrasına qayıtmişdı. Ömür-gün yoldaşı ilə münasibətləri xeyli yaxşılaşmış, üzləşdikləri çətin gün onları birləşdirmişdi.
Siması tanınmaz hala düşmüş, vaxtilə gözəlliyi dillərdə dolaşan, indi çirkin olan qadın isə bu ailədən əl çəkmir, hədyanlar yağdırır, onun eybəcərliyinə bais olmuş qatilini cəzalandırmaq üçün dəridən-qabıqdan çıxırdı. Yeni vəkil tapmış, yuxarı instansiya məhkəmələrinə üz tutmuşdu.
Nəhayət, arzusu həyata keçmiş, məhkəmə onun xeyrinə qərar çıxarmış, rəqibini dörd il müddətinə azadlıqdan məhrum etmişdi.
Sifəti kimi xisləti də çirkin, eybəcər olan bu qadın daha da quduzlaşaraq, düşməni olan ailəni aramsız zəngləri ilə narahat edirdi.
Aylar dolanıb, illər ötmüşdu. Qadın həbsxanasında cəzalarının yarısını çəkərək, yaxşı davranışına və islah olunmasına görə əfvə düşmüş məhbusların arasında həyat yoldaşını və üç övladını bütün varlığı ilə sevən və bu yolda acılar yaşayan Ana da vardı.
Onu evə gətirərkən həyat yoldaşı yol boyu üzrxahlıq edir, həyatlarına uzun illər zəhər qatan hadisələrdə özünü günahkar sayırdı. Maşının arxa oturacağında əyləşib ərinin gecikmiş etiraflarını dinlədikcə kövrəlir, göz yaşlarını saxlaya bilmirdi. Lakin bu, sevinc göz yaşları idi.
Evə çatanda isə belə bir xəbər eşitdi:
-Üzü yanıq qadın iki saat əvvəl avtomobil qəzasında həlak olub.