|
Azərbaycan xalqının tarixi-mənəvi varlığını bədii sözün əbədiyyət aləmində inadkar inamla qoruyan, əks etdirən yazıçı və tənqidçilərdən biri çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki Elçin Əfəndiyevdir. O, təkcə ədəbi-tarixi prosesdə yox, ümumiyyətlə, milli ictimai fikirdə özünəməxsus yeri olan əvəzolunmaz yazıçı, ictimai xadim, təəssübkeş vətəndaş, böyük ziyalı və nəcib insandır. Elçin unudulmaz İlyas Əfəndiyevin sanballı romanlar və dramlar yazmış əzəmətli əlinin sığalı ilə böyümüş, heç zaman bu dünya şöhrətli yazıçının müqəddəs əlinin hərarətini unutmamış, İ.Əfəndiyev və onun mənsub olduğu nəslin böyük ədəbi-tarixi ənənələrini əzmlə davam etdirmişdir. Bu gün o, yazıçı, ictimai xadim, ədəbiyyatşünas kimi möhtəşəm fəaliyyət göstərməklə bərabər, yarım əsr İ.Əfəndiyevin çiyinlərində irəliyə getmiş, yaşayıb mövcud olmuş milli teatr üçün dəyərli dram əsərləri yazır, böyük ədibin ənənələrini sozalmağa qoymur. On il əvvəl yubileylərin birində böyük alimimiz mərhum Yaşar Qarayev iclası açaraq dedi: «60-cıların 60 yaşı tamam olur». İndi 60-cıların əksəriyyətinin 70 yaşı tamam olub, budur, artıq 60-cıların ən cavanı da 65 yaşa çatdı... 61 yaşının tamam olduğu günün səhəri Elçin Əfəndiyevin qəbuluna getmişdim. Məni həmişəki kimi gülərüzlə qarşıladı. Əl uzadıb dedim: «Elçin müəllim, ad gününüzü təbrik edirəm». Bununla mən 50 yaşımla bağlı söhbətimizə körpü salmaq istəyirdim. Elçin müəllim özünəməxsus tərzdə gülüb dedi: - «Ay Nizaməddin, adam heç istəmir ki, 60-dan sonra onun ad gününü yada salsınlar...». İndi də bu sətirləri yaza-yaza həmin cavab üzərində düşünürəm... Bir aydan sonra «Ədəbiyyat qəzeti»ndə Elçin Əfəndiyevin mənim barəmdə yazılmış «İstedad + Zəhmət» adlı böyük məqaləsi çap olundu. 1979-cu ildə ilk qələm təcrübələrimdən biri, ustadım Yaşar Qarayevin «Poeziya və nəsr» kitabı haqqında «Azərbaycan» jurnalında resenziyam çap olunmuşdu. O zaman Yazıçılar İttifaqının katibi olan Elçin bu yazıda təzə nəfəsi duyub Y.Qarayevə demişdi - «Kimdi bu, onu niyə gizlədirsiniz, göndər gəlsin mənim yanıma». Bu gənc bir qələm əhli üçün böyük qiymət, unudulmaz görüş idi. O, mənə bir kəlmə tərif demədən dərhal hazırlamaqda olduğu «Fikrin karvanı» toplusu üçün yazılar tapşırdı, mən Əli Nazim və Bəkir Çobanzadə oçerklərini yazdım... Fikrimin canı budur ki, 70-ci illərdən etibarən Elçin qələmi olan bir çox gənclərin əlindən tutdu, uğurlu yol, bəzilərinin kitablarına ön söz yazdı. Elçin istedadlı adamın qədrini bilən, gənc nəsildə özünə inam formalaşdıran, istedadla yazılmış əsəri iti tənqidçi fəhmi ilə ədəbi proses nəhrində seçib dərhal qiymətləndirən səmimi, böyük ürəkli şəxsiyyətdir. Elçin bizim qədrimizi bilir, biz də onun yerini; ona böyük dostumuz, ağsaqqalımız kimi dərin ehtiram bəsləyirik. Onun özündən sonrakı nəsillərlə ünsiyyət saxlaya bilməsinin bir səbəbi də budur ki, Elçin gənclik ehtirasını qoruyub saxlayan, daima fikri yeniliyə can atan, ehkamları vaxtında dağıtmağı bacaran şəxsiyyət və sənətkardır. Elçinin yaradıcılığı Azərbaycan ədəbiyatının zəngin bir təmayülünü təşkil edir. O, 60-cı illərdə yeni bir nəfəslə ədəbiyyata gəlmiş və artıq 50 ilə yaxındır ki, bu nəfəs yeniliyini, bədii təravəti qoruyub saxlamaqdadır. 60-cı illər nəsrinin poetikasının təşəkkül və formalaşmasında İ.Hüseynov, S.Əhmədli, Anar, Ə.Əylisli, M.və R.İbrahimbəyovlar, S.Azəri, İ.Məlikzadə ilə birlikdə Elçinin misilsiz xidmətləri olmuşdur. Elçinin ilk hekayəsi «O inanırdı» düz 49 il bundan əvvəl, 1959-cu il iyulun 5-də «Azərbaycan gəncləri» qəzetində çap olunub. Və o gündən bu yana çap olunmuş «Seçilmiş əsərləri»nin möhtəşəm on cildi qarşımda durur. Bilmirəm hansı əsərini seçim və üzərində dayanım. Bu vaxtadək Elçinin yaradıcılığı haqqında altı məqalə yazmışam və onlar Əfəndiyevlər nəslinin ədəbi-tarixi mövqeyini əks etdirən «Ədəbi proses və ədəbi nəsil» (2008, V.Xanoğlanla birlikdə) kitabında birlikdə çap olunub. Elçinin bütün əsərləri maraqlıdır, hekayələri də, esseləri də, dramları da, tənqid və ədəbiyyatşünaslıq əsərləri də. Çünki Elçin heç vaxt ağ kağıza xəyanət etməyib, kağız korlamayıb, çünki onun başının üstə həmişə İ.Əfəndiyevin zəhmi dayanıb. İ.Əfəndiyevin yanında pis yazmaq mümkün deyildi... Elçinin hekayələri - «Beş qəpiklik motosikl», «Qatar. Pikasso. Latur. 1968», «Qırmızı ayı balası», «Gümüşü, narıncı, məxməri», «Günlərin bir günündə», «Bu dünyada qatarlar gedər», «Sarı gəlin», «Beş dəqiqə və əbədiyyət», «Şuşaya duman gəlib» və əlbəttə «Baladadaşın ilk məhəbbəti» bədii sözün qüdrəti ilə rəsm edilmiş canlı həyat parçalarıdır. Bu hekayələrdə XX əsr Azərbaycan klassik hekayəçilik ənənələri - Mirzə Cəlil, Ə.Haqverdiyev, Yusif Vəzir, Mir Cəlal, İ.Əfəndiyev, S.Rəhimov, Ə.Məmmədxanlı hekayələrindən gələn ən yaxşı ənənələr yeni tarixi müstəvidə, əlbəttə yeni və orijinal bir üslubda - lrik-psixoloji üslubda davam etdirilmişdir. Küllən 60-cı illər ümumsovet nəsri, xüsusən də Azərbaycan nəsri üçün xarakterik olan poetik və estetik cəhətlər Elçinin hekayələrində parlaq bir tərzdə ortaya çıxır. Elçin müasirləri ilə birlikdə nəsrin poetikasında reforma apardı və öz poetikasını yaratdı. Bu reformanın mahiyyətini belə xülasə edə bilərəm: sələflərindən və yaşlı müasirlərindən fərqli olaraq Elçin öz hekayə və povestlərində həyat hadisələrinin panoram təsvirindən imtina etdi, təsvirdə bədii dəqiqliyə nail oldu, onun üslubunda lirik təhkiyyə və psixoloji təhlil gücləndi, bədii detal təfərrüatı əvəz etdi. Yazıçı sovet ədəbiyyatı, sosializm realizmi mədəniyyəti üçün xarakterik olan ictimai borc amilini insan amili ilə əvəz etməyə nail oldu. Bunun üçün hər şeydən əvvəl adi insanın daxili dünyasına, qəlb aləminə enmək lazım idi. Elçin öz müasirlərinə, adi insana həssaslıqla yanaşdı, əvvəlcə kəpənək çiçəyin ləçəyinə qonan kimi onun mübhəm sirlərlə dolu narahat mənəvi aləminə endi və sonra da inadkar bir inamla həmin insan uğrunda mübarizəyə başladı, onun gözəlliklərlə dolu daxili aləmini cəmiyyətə çıxarıb, bütün dünyaya bu aləmin prizmasından nəzər saldı. Təbii ki, siyasi rejimin təzyiqi altında Elçin bəzən ezop dilində, bəzən sətiraltı mənalarla danışmalı, bəzən də fantasmoqoriya və qallüsinasiyalara müraciət etməli oldu. Bütöv halda bunlar Elçinin novatorluğunu şərtləndirən cəhətlər, onun nəsrin üslubuna və poetikasına gətirdiyi yeniliklər idi. Bu yenilikləri biz XX əsrin son çərəyində yazıçının hekayələri ilə bərabər, onun «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça», «Bayraqdar» povestlərində də müşahidə edirik. Bu povestlər müxtəlif səpkilərdə cəmiyyəti və ədibi narahat edən mənəvi-əxlaqi problemlərə həsr olunub. Vaxtilə möhtəməş «İskəndərnamə» əsərində dahi Nizami deyirdi: «Mənim fəqanım təndürüstsüzlükdəndir». Elçin də öz əsərlərində XX əsrin təndürüstsüzlüyündən, mənəvi-əxlaqi harmoniyanın pozulmasından yazdı, onun səbəblərini aradı. Sevgisiz həyatın faciəsini yaşayan Məsməxanımın göy gözlərindən onun darıxan qəlbinə, tənha iç dünyasına endi, («Bir görüşün tarixçəsi»). Öz əməllərinin cəzasını yaşayan, dərk olunmuş faciənin qurbanı Zübeydənin «dərsini verdi» («Toyuğun diri qalması»), nəinki min illik adət-ənənələrə müqəddəs inamla yaşayan insanların, hətta öz vəzifəsini etibarla yerinə yetirən itin pozulması səbəbləri üzərində dayandı («Dolça»). Bu povestlər janr baxımından da yeni, miniatür povestlər idi. Elçinin çoxcəhətli yaradıcılığında onun möhtəşəm romanları - «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» xüsusi yer tutur. «Mahmud və Məryəm» nakam məhəbbət haqqında yox, xalqın tarixi və taleyi haqqında romandır. Burada eşq və qəm xalqın özünüdərkinin başlanğıcı kimi ümumiləşdirilir. Yeri və taleyi məlum olmayan səadətini axtaran Mahmud «itmiş» xalqını tapır və onun faciəsinə qovuşur. Əziz və istəkli adamın axtarışı xalqın axtarışına çevrilir. Bu əsərdə artıq yazıçını adi qəhrəmanın daxili sarsıntıları yox, bütün adilərin - xalqın iztirabları narahat edir. «Mahmud və Məryəm» romanında yazıçının böyük müvəffəqiyyəti «camaat» obrazı ilə bağlıdır. Mirzə Fətəlinin «nuxuluları», Mirzə Cəlilin «ölüləri» və «dəliləri». Sabirin «intilgentləri» kimi Elçinin «camaatı» da monumental toplum obrazdır. «Camaat» Səfəvilər dövlətinin süqutundan sonra Azərbaycan xalqının faciəsini əks etdirir. Xalq dövlətini itirəndə taleyi naməlum kütləyə, «camaat»a çevrilir. Ziyad xanı gənc Qarabağ xanəndəsinin qəmli səsi, Mahmudu isə Məryəmin ilıq nəfəsi oyadır. «Ağ dəvə» romanında da musiqi mənəvi intibahın simvolu kimi obrazlaşır. Balakərimin tütəyi dillə deyilməsi müşkül olan həqiqətlərdən söz açır. «Mahmud və Məryəm» romanında Sazlı Abdullanın faciəsi, gənc xanəndənin yanıqlı səsi, «Ağ dəvə»də Balakərimin tütəyi hadisələrə aydınlıq gətirir, 37-ci ilin canlı faciələri ilə günahsız talelər arasında gözəgörünməz bir təmizlik, saflıq pərdəsi çəkir. Hər iki roman kökəqayıdışın zəruriliyini təsdiq edən əsərlərdir. «Ağ dəvə»də Elçin kökəqayıdışın, milli özünüdərkin iki yolunu göstərir: əfsanə və yaddaş! Tarixin ən yaxşı saxlancı yaddaşdır, yaddaş məhv olmur, bəzən adi bir tütəyin səsində də yaşayır. Tarix arxivdə, sənəddə yox, yaddaşda yaşayır: əfsanənin, mahnının, işığın yaddaşında «Ağ dəvə» romanının əsas qəhrəmanı yaddaşdır, müəllif onu qorumağa çağırır. «Ağ dəvə» romanında Elçinin estetik idealı, humanist konsepsiyası əfsanədə təcəssüm tapır. Milli-mənəvi yaddaşımızda ağ rəng ümid, murad rəmzidir. Elçinin əfsanəsindəki ağ dəvənin ləpirlərində ağ güllər çiçək açır. Ağ dəvə karvanının yolu ağ işıq dolu nurlu sabahlardır, bu, Azərbaycan xalqının yoludur. Elçin onlarla monoqrafiyaın, yüzlərlə elmi-nəzəri məqalənin müəllifi olan görkəmli nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professordur. Ədibin on cildlik «Seçilmiş əsərləri»nin dörd cüldi onun elmi əsərlərini əhatə edir. Təxminən bir ay əvvəl şəxsiyyətinə və yaradıcılığına dərin rəğbət bəslədiyim xalqı yazıçısı Anarın 70 illiyi ilə bağlı Akademiyadakı çıxışımda mən dedim ki, əgər biz həqiqi elmə qiymət veririksə (!) onda Anarı və Elçini Akademiyaya üzv seçməliyik. Onların həm ədəbi-tarixi xidmətləri, həm də əsərləri buna imkan verir. Əlbəttə, kiçik bir məqalədə mən Elçinin fundamental monoqrafiyalarını təhlil etmək fikrində deyiləm, zamanında bu dəyərli əsərlər (məsələn, «Tənqid və ədəbiyyatımızın problemləri», «Klassiklər və müasirlər») haqqında yazmışam. Elçinin alim kimi yazdığı ilk böyük əsər ədibin on cildliyinin 8-ci cildinə «Tənqid və nəsr» kimi daxil olan, 1945-1965-ci illər Azərbaycan bədii nəsrinin ədəbi tənqiddə dərk və şərhinə həsr olunmuş monoqrafiyadır. Vaxtilə bu əsər «Tənqid və ədəbiyyatımızın problemləri» adlı kitabda çap olunmuşdu və akademik K.Talıbzadə bu kitaba «Tənqid və janrların taleyi» adlı maraqlı bir ön söz yazmışdı. Akademiklər Məmməd Arif və Məmməd Cəfər Elçinin nəsrini, K.Talıbzadə isə bu «ön söz»də Elçinin elmini, virtioz tənqidçi məharətini yüksək qiymətləndirirdi. «Tənqid və nəsr» monoqrafiyasında Elçin ilk dəfə ona çox doğma olan, beşiyi başında dayandığı 60-cı illər ədəbiyyatının təşəkkül çətinliklərini ədəbi-tənqidi proses kontekstində izah edirdi. Bu nadir hadisədir, həm yeni nəsri yaradasan, həm də öz nəzəri fərasətinlə onun ədəbi-tarixi prosesə gəlişinə mühafizəkar tənqidilə mübarizədə yol açasan. O zamankı ədəbi tənqidin ən mübahisəli problemlərindən olan «Səriyyə məsələsi»ni (İ.Əfəndiyevin «Körpüsalanlar» əsərinin qəhrəmanı) Elçin çoz düzgün həll etməyə nail oldu: «Səriyyənin öz dövrü üçün adi hərəkətlərini az qala milli adət-ənənələrin faciəsi kimi qiymətləndirmək» məhz ondan irəli gəlirdi ki, «milli xarakterin dinamik mahiyyəti, yəni tarixi kateqoriya olduğu, ənənə və novatorluğun dialektik vəhdəti unudulurdu». Həm Elçinin, həm də mənim - ikimizin də yaxın dostu, mərhum Y.Qarayevin belə bir fikri vardı: novatorluq, əslində, ənənəyə münasibətin konkretliyidir. Elçin «Səriyyə məsələsi»nə milli xarakterin tarixi rolu və estetik mahiyyəti prizmasından nəzər salır və ona qarşı çevrilmiş tənqidi tərksilah edir. Tərəddüd etmədən deyə bilərəm ki, həm görkəmli ədəbiyyatşünas alim, həm də professional tənqidçi kimi Elçinin əsərlərinin başlıca problemi MÜASİRLİKDİR. Bu materialist estetikadan gələn adi bir ifadə deyil, Elçinin sənətə münasibət meyarı, onun nəzəri-estetik idealının ifadə tərzidir. Onun ciddi əsərlərindən biri «Ədəbiyyatda tarix və müasirlik problemi» adlanır. Bu, Elçinin filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün etdiyi məruzənin adıdır. Bu məruzə bizim elmdə ciddi monoqrafiyalara bərabər tutuldu. Elçin geniş diapazona malik tədqiqatçıdır. Bunu müəyyən etmək üçün onun «Klassik aşıq poeziyasında «Dünya» obrazı» monoqrafiyasını oxumaq kifayətdir. Bu əsər Elçinin mifik təfəkkürdən milli fəlsəfəyə qədərki düşüncə tariximizi gözəl bildiyini əks etdirir. Elçin müxtəlif bədii-fəlsəfi cərəyanları həssas yazıçı fəhmi, çevik tənqidçi təfəkkürü ilə, aydın və sadə üslubda təhlil etməyi bacaran nəzəriyyəçi alimdir. Elçinin iki monoqrafik tədqiqatını xüsusi bir şövqlə qeyd etmək istəyirəm: böyük mütəfəkkir Üzeyir bəyə həsr olunmuş «Bəstəkarın vətəndaş sözü» və Azərbaycanın böyük milli yazıçı C.Cabbarlıdan bəhs edən «Şəxsiyyət və istedad» monoqrafiyalarını! Hər iki əsər Elçinin öz sələfləri ilə dialoqundan yaranıb. Elçinin şəxsiyyətində həm Ü.Hacıbəyliyə, həm də C.Cabbarlıya oxşar cəhətlər var: müdrikliyin təmkini və gəncliyin ehtirası! «Ehtiras olmadan dahiyanə heç nə yaratmaq mümkün deyil» - deyirdi dahi filosof Hegel! Elçin həm yüksək nəzəri təfəkkürə, həm də çevik tənqidçi üslubuna malikdir. S.Vurğun, M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, R.Rza, İ.Əfəndiyev kimi o da, Anar da ədəbi-tənqidi və nəzəri-estetik əsərlərində bədii yaradıcılığın təcrübəsi ilə nəzəriyyəsini birləşdirən yazıçı-tənqidçi tipidir. Bu tipli yazıçıların, xüsusən də Elçinin, elmi əsərləri də daha canlı, oxunaqlı və təsirli olur. Elçin təkcə nəsr və dramaturgiyada yox, ədəbi tənqiddə də reforma aparmış müəllifdir. O, 60-70-ci illərdə tənqidçi həmkarları (məsələn Y.Qarayev, A.Hüseynov, A.Əfəndiyev) ilə birlikdə təsvir tənqidindən təhlil tənqidinə keçidin əsasını qoydu. Onun böyük ziyalı amalı, vətəndaşı yanğısı ilə 70-ci illərdə yazdığı «Şeir axını. Nə etməli?», «Hekayə janrı: imkanlarımız və iddialarımız» kimi konspetual yazıları nəinki Azərbaycan, o zamankı İttifaq tənqidinin parlaq nümunələri idi... Müasir qloballaşan dünyada yazıçı mövqeyinin çətinləşdiyi bir dövrdə Elçin (Əfəndiyev) əzm və istedadla yazıb yaradır, onun addımlarının səsi dünya ədəbi prosesinin ritminə düzəm verir, o, Azərbaycan bədii sözünün şöhrətini üçrəngli bayrağımız kimi dünyanın ən uca zirvələrinə qaldırır.
 Elçin Mehrəliyev YAZIÇININ YURD ŒHƏSRƏTİ (Elçinin "Qarabağ şikəstəsi" hekayəsi üzərində düşünərkən) Məlumdur ki, hadisələrin lakonik tərzdə inikası və insan-zaman, mühit-mənəviyyat problemləri ilə bağlı fikir və duyğuların canlı təsviri baxımından Elçin yaradıcılığı səciyyəvidir. Yazıçının "Qaçqınlar" silsiləsindən "Bayraqdar" povesti, "Sarı gəlin", "Araba", "Qarabağ şikəstəsi" kimi hekayələri həm də bu yöndən diqqəti cəlb edir. Adı çəkilən əsərlərdə Qarabağ faciəsinin dözülməz məşəqqətlilik ponoramı, qaçqın və köçkünlərin doğma yurd-ocaq təşnəsi incə psixoloji duyğu, cizgi və məqamlarla, nəinki sözün, ifadənin, hətta durğu işarələrinin verə biləcəyi imkanlardan özünəxas yaradıcılıq məharəti ilə istifadə edilməklə əks etdirilir. "Qarabağ şikəstəsi" hekayəsi belə başlanır: "...sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi..." Sonrakı sətirlərdən dərhal aydınlaşır ki, buradakı "qatar - hərəkət" detalı əslində, hekayə qəhrəmanı Cümünün qovğalı ömrünün davamına - əzablı qaçqınlıq taleyinə bir işarədir. Doğma Şuşasından ayrı düşəndən sonra Buzovnadakı fəhlə yataqxanasında "müvəqqəti məskunlaşmış" Cümü artıq on ildir ki, keçmiş xatirələrlə yaşayır. Çünki "Cümünün bu on ildəki həyatı onun üçün ömür deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür - Şuşada, o Ağadədəli məhəlləsində qalmışdı" (Elçin. Bayraqdar. "Qapp-Poliqraf", Bakı, 2004, s.35). İllah da, hələ qatarın uzaqdan gələn səsini eşidincə, həyatında ilk dəfə səfərə çıxması, avtobusla Şuşadan Yevlaxa, oradan da qatarla Bakıya, universitetə imtahan verməyə gəlməyi yadına düşür və hər dəfə də Cümü bu qəmli-nisgilli xəyalatdan yaxa qurtarmaq üçün içmək, fikrini dağıtmaq istəyir - çünki onun bir vaxtlar romantik arzularla üz tutduğu gələcəkdən indi lax yumurta iyi-üfunəti gəlir. Hekayənin ekspozisiyasındakı müəllif təhkiyəsi Cümü haqqındakı bu qısa qeydlərdən sonra qaçqın, köçkün insanların tale yaşantılarından doğan hiss və duyğular arasındakı oxşarlığı üzə çıxarmaq və epik təhlilə imkan yaratmaq məqsədilə tamam başqa bir istiqamətə - Ziba-İzabel xəttinə yönəlir. Buradan belə məlum olur ki, İzabel Zibanın qızıdır. Ziba bir vaxtlar Azərbaycanın Quba şəhərində doğulub, Qırmızı Qəsəbədə məktəb bitirib, orada ərə gedib, buradakı Azərbaycan dilli orta məktəbdə coğrafiya dərsi deyib... Sonradan qohumlarının dəvəti və ərinin təkidilə bütün ailəsilə İzrailə köçüb. Amma onun da ürəyi köhnə yurdda qalıb, "fikri-zikri, hissləri heç cürə bu ölkəyə sığışmır, əcdadlarının diyarı kimi İzrailə hörmət etsə də, hətta bu ölkəni sevsə də, düşüncəsi, hissiyyatı, xatirələri ilə bərabər uçub bu yerlərdən min kilometrlərlə uzaqlarda yerləşən Azərbaycana... qonur." Və onun nisgilli söhbətlərinin hamısı İzabelin uşaqlıq xatirəsinə hopub, artıq anasının vəfatından on dörd illik bir müddət ötsə də, Ziba nostalgiyası İzabelin qəlbindən çıxmır; böyük qardaş və bacılarından fərqli olaraq, Azərbaycanı görməsə də, İzraildə Eriha deyilən kiçik bir şəhərdə anadan olsa da, "Azərbaycan" sözü də o Ziba nostalgiyasının içində İzabelin ürəyində yaşayır. Hətta nə vaxtsa ərə gedəndə, oğlu olanda ona "Aydın" adı qoyacağını düşünür, çünki anası ona oğlu olanda adını "Aydın" qoymağı tapşırmışdı. Elə bu yerdəcə İzabelin özünə qaçqınlarla bağlı iş seçməsinin - BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığında işləməsinin təsadüfi yox, bilavasitə ana nostalgiyasının təsiri altında baş verməsi məntiqi üzə çıxır. Və günlərin bir günündə İzabel Xanukoff vəzifə xidmətinə uyğun olaraq Azərbaycana göndəriləcəyi xəbərini eşidəndə anası gözlərinin qabağına gəlir, ürəyindən bir sızıltı keçir... Hekayənin giriş hissəsində süjet xəttinə daha bir obraz daxil edilir - bu, Xəzər sahilində, Buzovna ilə Zuğulba arasındakı sal qayalığın yaxınlığında yaşayan, hər yatanda elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidən və bu uğultu səsinə gözünü açıb iş-gücünün dalınca yollanan avtobus sürücüsü Ağadadaşdır. Beləliklə, ata-baba yurdundan zorla qovulmuş Cümü, "vətən" deyib sevdiyi Azərbaycanı öz xoşuna tərk edib İzrailə köçmüş Zibanın qızı İzabel və Buzovnada özünəxas sakit həyat tərzi keçirən Ağadadaş obrazları vasitəsilə hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsi, əlaqələndirilməsi, finalda başlıca qayənin açılması yüksək bədii-estetik səviyyədə təmin edilir. Yazıçı insanlar-talelər kontekstində yurda - kökə bağlı üç obrazın həyat tərzini və mənəvi dünyasını açıb ümumiləşdirməklə Azərbaycanın Qarabağ ovqatlı gerçəkliklərinə nüfuz edir. Göstərir ki, Azərbaycanda həyat İzabel üçün cazibəli və möcüzəli, Ağadadaş üçün sadə və yeknəsəqdirsə, Cümü üçün cəhənnəm əzabıdır, usandırıcıdır. Hekayənin məzmunundan belə məlum olur ki, Cümü universitetə qəbul imtahanında "2" alandan sonra yenə cənnətməkan Şuşaya qayıdıb, taksi sürücüsü işləyib, özünə yaxşı həyət-baca düzəldib, ailə qurub - orada onu Qızıldiş Cümşüd kimi tanıyıb hörmət edirdilər, amma ermənilər Şuşanı işğal edəndən sonra qaçıb gəlib Buzovnadakı bir fəhlə yataqxanasında sığınacaq tapandan - anası Güllü, arvadı Sona, qızı Cəmilə, oğlu Qalib, baldızı kor Solmazla birlikdə cəmi on altı kvadratmetrlik bir otaqda yaşamaq, bu qədər külfəti "hay-hayı getmiş" üstü kuzovlu bir motorolle ilə dolandırmaq məcburiyyətində qalandan sonra dönüb hamı üçün Cümü olub. Bir vaxtlar Şuşada "Gözlə-Gəlirəm Məmməd" adı ilə tanınan çayçı Məmməd acınacaqlı qaçqınlıq həyatında el-oba dərdi ilə havalanıb öz-özü ilə danışdığı və hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb yataqxana həyətindəki sınıq-salxaq skamyada əyləşib bir də şər qarışanda o otağa qayıtdığı kimi, Cümü də "bu dünyadan" can qurtarmaq üçün sübhdən tır-tırını xodlayıb harasa yollanır; hərdən sahildəki qayalığa çəkilib elə Gözlə-Gəlirəm Məmməd kimi öz-özü ilə danışır, ucuz və zəhərli içkiləri qəbul etməklə fikir və sıxıntıdan xilas olmağa çalışır. İzabel də çox yaxşı bilir ki, Azərbaycanda bir milyondan artıq qaçqın var. Bu insanlar Ermənistanın işğal etdiyi torpaqlardan qaçmış, məcburi köçkün düşmüşlər. Onlar çox ağır vəziyyətdə yaşayırlar. İzabell onu da yaxşı bilir ki, bu ölkənin cəmi səkkiz milyon əhalisi var, deməli, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqındır, bu isə dünyada analoqu olmayan bir hadisədir. Lakin bütün bunlar, xüsusən də qaçqın anaların məişəti, qaçqın uşaqların güzəranı ürəyini ağrıtsa da, İzabel üçün sadəcə vəzifə borcunu yerinə yetirmək qədər-qiymətincədir. Onu Azərbaycana gətirən yurd həsrəti, vətən dərdi yox, elə bu vəzifə borcudur - yurd dərdi təngnəfəs olanda sidq-ürəkdən Qəçrəşin havasını arzulayan xəstə Zibanın qəlbində, şüurunda idi, onu da ölərkən özü ilə aparmışdır. İzabelin başlıca fikri, arzusu da qaçqınlarla son görüşü tez keçirib mütləq Qubaya, Qırmızı Qəsəbəyə getməkdi. İzabel o yerlərə getməsə, heç olmasa, bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhunun ondan inciyəcəyini düşünür. O hətta qaçqın dilindən eşitdiyi qəlbağrıdan, ürəkgöynədən giley-güzarın da o qədər fərqində deyil - çünki bu can ağrısı, yurd təşnəsi onun yox, Cümülərin, Məmmədlərin, Sürəyyaların, Sonalarındır. İzabelin, anasının ruhu şad olsun deyə hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün Cenevrədən alıb gətirdiyi hədiyyəni - bir şüşə fransız ətrini Sonaya, "bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap dərinlərinəcən kədər içində olan cavan bir qadına" verməsi də anası ilə əlaqəlidir. Sonanın gözlərindəki kədər İzabelə anasını xatırladır və "o kədəri heç cürə qəbul etmək istəmir". Bir sözlə, hekayədə Ziba-İzabel xətti ana ilə bala arasındakı sırf bioloji bağlılıq, doğmalıq hissiyyatı müstəvisində qurulub, anadan balaya ötürülmə informasiya, yaddaş elementi şəklində inkişaf etdirilirsə, Cümü - qaçqın xətti etnik kökə, etnik mənəvi mühitə ruhən, mənən bağlılıq telləri üzərində qurulub həll edilir. Odur ki, İzabelin mənən yaşamadığı, onun üçün sadəcə ötürülmə olan "yurd həsrəti" ana nostalgiyasına diqqət, ana xatirələrinin oyatdığı maraq səviyyəsindən o tərəfə getmir və qaçqın Cümünün (Cümülərin) yalnız fiziki deyil, həm də mənəvi mənada əzablı yaşantısının ayrılmaz tərkib hissəsinə çevrilmiş yurd həsrəti ilə müqayisəyə gəlməzdir. Yurd sahibi Ağadadaşla yurdsuz Cümünün tale yaşantısındakı kəskin fərqlər də bədii detallarla ümumiləşdirilir: əgər dəniz-qayalıq uğultusu sakit həyat tərzi keçirən Ağadadaşa bir rahatlıq və özü ilə bərabər yüngül bir sərinlik, bir yuxu gətirirsə, Cümünü yatmağa qoymur; Abşeron havası Ağadadaşa ata-babasını, onların da vaxtilə bu yerlərin sakini olduğunu xatırladıb qəlbində qürur hissi doğurursa, Cümü üçün nəm və istidir - onu darıxdırır, o, bu havada nəfəs ala bilmir, Ziba öz Qəçrəşini arzuladığı kimi, Cümü də öz səfalı Şuşasını, gül-çiçəkli həyət-bacasını xatırlayıb-arzulayır. Yazıçının insana həm təbiətin bir parçası, həm də sosial-mənəvi varlıq kimi baxışı elmi-məntiqi, sosial-psixoloji cəhətdən əsaslandırılmış qənaət doğurur: insanı insan edən və daim öz şirəsi ilə qidalandırmaqla mənən ucaldan, ruhən yaşadan etnik kök, ilkin mühit, yurd-ocaq, el-oba sehri-möcüzəsi, doğma təbiətin torpağının, suyunun, havasının həyat cövhəridir - insan bu sehr-möcüzədən, həyat cövhərindən aralı düşüncə, kökündən qoparılmış gül kimi solmağa məhkumdur. Lakin Zibadan fərqli olaraq, Cümünü darıxdıran yalnız "hava məsələsi" deyil. Ziba Azərbaycanla bərabər azərbaycanlıları da xoş xatirələrlə anıb öz yurdu üçün darıxırdı, "Ziba nostalgiyası" qızı İzabeldə azərbaycanlılar haqqında qəribə xoş hisslər, duyğular oyatmışdır və bu hisslər, duyğular hətta əsrarəngiz Qəçrəş gecəsində bir azərbaycanlı gənclə sevişmə həvəsi, marağı yaradır, onun Azərbaycana işgüzar səfəri məhəbbət macərası, sərgüzəşti ilə tamamlanır. Cümü isə indi onun həyət-bacasına sahib çıxmış, oradakı armud ağacından, bir dəfə dişləyəndə şirəsi axıb adamın yaxasını isladan armud dərib Cümünün dədə-babasının goruna söyə-söyə ləzzətlə yeyən erməniləri nifrət və qəzəblə yada salır - fikir-qaramatla daha çox yüklənir, nəfəsi daha da ağırlaşır. "Cümü nostalgiyası" oğlu Qalibin, qızı Cəmilənin içində işğalçı ermənilərə qarşı kin, nifrət, Şuşa faciəsinə biganə münasibət göstərənlərə isə inamsızlıq hissləri göyərtməkdədir - onlar çətin ki, yağı düşməni bağışlaya bilələr, çətin ki, buz kimi soyuq insanlara etibar edib arxa çevirələr... Digər tərəfdən, yazıçı Ağadadaş obrazı vasitəsilə qaçqın dərdinə yalnız əcnəbilərin deyil, həm də Qarabağ dərdli Azərbaycanın özündə, hətta artıq on ildir ki, Cümü və Cümülərlə bir qəsəbədə yaşayan vətəndaşlarımızın biganə münasibət göstərdiyini açıqlayır. Ağadadaş Cümünün əhvalını duymaqdan, anlamaqdan çox-çox uzaqdır, hətta büsbütün Qarabağ faciəsinin ona sanki heç bir dəxli yoxdur - iş günü avtobusunu sürür, istirahət günü nərd oynayır, futbola azarkeşlik edir və gecələr dəniz-qayalıq uğultusunun sədaları altında arvadının yanında rahatca yatağına uzanır, onu vaxtsız banlayıb şirin yuxudan elədiyinə görə Qırmızı xoruzu hindən çıxarıb toyuq qarışıq həyətdən qovur. Cümü də insandır, o da halalca arvadı ilə bir yataqda yatmaq, gözəl Sonasını öpüb-oxşamaq istəyir, amma qaçqın məişəti buna imkan vermir. Hərdən Sonanı kimsəsiz qayalığa dartıb gətirməyə, xəlvəti sevişməyə məcbur olur. Amma bir dəfə bir-birini tanımayan Ağadadaşla Cümü burada, xoşagəlməz bir vəziyyətdə qarşılaşırlar: "...Mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı... axşam Cümü yenə Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pıtlayıb zühur elədi, bir ağsaqqal kişi - kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb: - Alə, - dedi, - it döyülsüz siz!...Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!.. Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı və kuzova minib hönkürə-hönkürə çığırdı: - Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!.." Hekayədə təsvir edilən həyati epizodlarda qaçqınlıq, didərginlik faciəsinin böyüklüyü və bu faciədən doğan hissi-psixoloji sarsıntıların dərinliyi məharətlə əks etdirilir. Məsələn, əsərdə yataqxana həyatının ağırlığı belə təsvir edilir: "Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi". Yaxud epizodlardan birində Sona ona verilən hədiyyənin ətir olduğunu bilincə, sadəcə gülümsünür və heç nə olmayıbmış kimi, çayniki götürüb krantdan su doldurmaq üçün həyətə düşür. Onun bu hərəkəti gülümsəməyinin "bu günümdə bircə ətirim əskik idi!" ironik mənasını da ifadə edir. Qadınların ən çox sevdiyi hədiyyələrdən olan ətir indi Sona üçün tamamilə mənasızdır - o, həyatın bu kimi şirin dadlarından, ləzzətlərindən çoxdan məhrum olub, özünü də, öz dediyi kimi, bir insan, bir qadın kimi deyil, qaçqın kimi görüb hiss edir, dəyərləndirir, Gözlə-Gəlirəm Məmmədin arvadı Sürəyya xala kimi, öz qaynanası Güllü arvad kimi fikri-xəyalı, arzusu-istəyi bəzənib-düzənməkdə yox, öz yurduna qayıtmaqdadır. Ona görə də Güllü arvadın: "Ə, səninnəyəm... Al bunu, apar yarmakada sat, o qıza, - əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, - bir babat don al gətir..." - deməsi qaçqın ailənin maddi ehtiyacı ilə bağlı olduğu qədər belə yaşanışın mənasızlığı, ömrün puçluğu haqqındakı acı təsəvvür və qənaətlə əlaqəlidir. Sonanın insanlıq ləyaqətini təhqir edən, onu mənən alçaldan, gənc ikən soluxdurub qocaldan erməni məkri, xəyanəti, qəddarlığıdır. Və yazıçı bu obraza qəsdən Sona adı verməklə bir vaxtlar Cəfər Cabbarlının "1905-ci ildə" pyesində iki qonşu xalqın gələcək münasibətlərinə böyük ümidlərlə yaratdığı gənc Sona obrazının sonrakı taleyinə işarə edir, faciəvi aqibətdən ibrət dərsi götürməyə çağırır. Yazıçı İzabelin qaçqınlarla görüşü epizodu vasitəsilə xarici ölkələrin, beynəlxalq təşkilatların azərbaycanlı qaçqınlara münasibəti məsələsinə də aydınlıq gətirir: "Əslində, daha belə görüşlərə qaçqınların da həvəsi və deməyə bir sözü qalmamışdı, çünki nə qədər söz var idisə, bu on-on bir ildə hamısını demişdilər, amma nə olsun? - xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözləri ilə görürdülər, başlarını bulayırdılar, hətta, eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözləri dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, bloknotlarında nəsə yazırdılar, sonra da çıxıb gedirdilər - nə dəyişirdi?". Odur ki, Məmməd kişinin arvadı Sürəyya xala Bakıya gəlib qaçqınların güzəranı ilə maraqlanan İzabel Xanukoffun qabağını kəsərək: "- Bura bax, - dedi. - Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə Şuşanı qaytarın! - Sonra üzünü tərcüməçi qıza tutdu: - Az, tərcümə elə! Nətər deyirəm, elə də tərcümə elə! - Və tərcüməçi qız onun sözlərini tərcümə etməyə başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti qonağa tamaşa edən Qalibin - Cümü ilə Sonanın oğlunun - qolundan yapışıb irəli çəkdi. - Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar? - Sonra da aralığın açıq pəncərəsindən əlini uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil, Şuşanı erməni yox, bu uzun, kürən qız onların əlindən almışdı - Odur, bax, - dedi, - mənim kişim on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı! - Və daha da bərkdən qışqırdı: - Şuşanı qaytar bizə! Şuşanı!... Şuşanı...". Bir sözlə, Cümünün (Cümülərin) cəhənnəm həyatı mənəvi-psixoloji sarsıntılarla müşayiət olunur, yurd dərdi, həsrəti onu (onları) dirigözlü qəbrə sürükləyir. Beləliklə, Elçin öz hekayəsində üç tale yaşantısı arasındakı oxşar və fərqli, əlaqəli və əlaqəsiz, uyğun və ziddiyyətli vəziyyətləri üzə çıxarmağa imkan verən müxtəlif hadisələri, əhvalatları, anları, məqamları təsvir yolu ilə yurd-yurddaş vəhdəti və asılılığına aydınlıq gətirir, vətəndaşlıq problemini qabardır, işğalçı siyasətin acı nəticələrini, ağır fəsadlarını üzə çıxarır, Azərbaycan xalqının öz varlığı, milli mənliyi, mənəvi-əxlaqi dəyərləri uğrunda mübarizəsinin həyati zərurətini əks etdirir, sərhədsiz dünya birliyinə ümidin özünü doğruldub-doğrultmayacağı kimi qlobal məsələlər üzərində düşünməyə sövq edir. Qarabağın taleyinin bu problemlərdən, onların həllindən keçdiyini göstərir və buradan irəli gələn bədii vüsət əsərin başlıca ideya-məzmun xüsusiyyətini müəyyən edir.
|
|