Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

MIKAYIL MÜŞFIQ – 100


Sü­da­bə AĞA­BA­LA­YE­VA
ZA­MAN­DAN GÜC­LÜ


Vaqif YUSİFLİ
ÜÇ MÜŞFİQ


Rafiq YUSİFOĞLU
İŞIQLI POEZİYA


Xa­lid MAH­MUD
DƏR­DİN 37-Cİ NƏĞ­MƏ­Sİ


Dilmancsız dialoq
Söhbət Xalq Yazıçısı İsa Muğannanın 80 illik yubileyinə ithaf olunur


Riz­van NƏ­Sİ­BOĞ­LU
El­dar NƏ­SİB­Lİ Sİ­Bİ­REL
Mah­mud QA­CAR


Aslan QULIYEV
SONUNCU
roman


Ha­cı Ər­şad BƏ­DƏL­Lİ
El­man HƏ­BİB
FƏXRI MÜSLÜM


Elçin Muxtar ELXAN
ŞƏBEH EPİK TEATRIMIZ


Şiringül MUSAYEVA
MƏHƏBBƏT HƏMİŞƏ VAR
Hekayə


Qələndər XAÇINÇAYLI
Həsən VALEH
Zöh­rab BO­RAN


Rüstəm Kamal
Mif zamanı yaxud Don Kixot kompleksi


Vüqar AYDINOĞLU
"Leyli və Məcnun" fenomeni


Mikayıl Müşfiq – 100


 

Vaqif YUSİFLİ
ÜÇ MÜŞFİQ


 

Hər bir istedadlı sənətkarın öz yolu, öz məktəbi olur. Müşfiqin də öz yolu, öz məktəbi vardı. Elə bir yol ki,o yolu kimsə gedə bilməz və elə bir məktəb ki, orada şagird olmaq, o məktəbin müdavimi olmaq şərəfdir. Bəlkə YOL sözü kimsəyə qəribə gəlməsin, bu sözü Müşfiq kimi sənətdə öz dəst-xəttini, üslubunu və bənzərsizliyini təsdiq edənlər üçün işlədəndə təəccüblü görünmür. MƏKTƏB sözü isə kimsəyə qəribə gələ bilər(söhbət məktəb müəllimliyindən yox, poetik məktəbdən gedir). Mən də daxil olmaqla bütün ədəbiyyatşünaslar "Poeziyada Müşfiq ədəbi məktəbi" haqda bir kəlmə də söz açmamışıq.Amma mən bu ifadəni məcazi mənada işlədirəm və elə bu mənada həqiqət budur ki, Mikayıl Müşfiq poeziyası XX əsrin ikinci yarısından sonra çox şairlərimiz üçün bir məktəb olmuşdur: görüb-götürmək, öyrənmək,poetik ustalığa yiyələnmək, sözü Müşfiq kimi demək səriştəsi...


Mən bu kiçik yazını qələmə almaq istəyəndə bir daha Müşfiqin bütün şeirlərini və poemalarını oxudum.Eyni zamanda Müşfiq yaradıcılığı barədə yazılan irili-xırdalı bir çox monoqrafiyaları, məqalələri nəzərdən keçirdim. Qətiyyən ərinməyib Axundov adına kitabxanada otuzuncu illərin solmuş-saralmış qəzet və jurnal səhifələrini vərəqlədim, Müşfiqə atılan böhtanları əks etdirən yazılarla bir də tanış oldum. Nəzərimdə bir qədər qəribə təsir bağışlasa da, üç Müşfiq obrazı canlandı. Birinci Müşfiq yalnız şeirlərini, poemalarını oxuduğum Müşfiqdir ki,mən bu Müşfiqə onun yaşayıb-yaratdığı konkret illərin söz ustası kimi baxıram.Həm də bu Müşfiqə keçən əsrin iyirminci-otuzuncu illərinin ədəbi kontekstində yanaşıram. Çox mürəkkəb və ziddiyyətli bir dövr olan 20-30-cu illərin poeziya mənzərəsində Müşfiqin şair obrazı iri planda görünür.


Müşfiq ilk növbədə, öz zamanının oğlu idi.Onun yaradıcılığını diqqətlə nəzərdən keçirin, şeir və poemalarının səksən faizi yeni quruluşun poetik əks-sədası idi. 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri 28 neysan inqilabına həsr olunmuşdu. Şeirin ilk iki bəndində şair keçən günlərin acılığından söz açır, hər yerdə min dürlü sitəmlərlə, kədərlərlə üzləşdiyini, qəmdən, kədərdən göz yaşlarının çaylar kimi axdfığından acı-acı gileylənir. Amma sonra:


 


Bax şimdi, bu bir gün bizə bəxş etdi şəfəqdən


 


Doğmuş olan asudə, gözəl, bir yeni məskən.


Bir gün bizi qurtardı əsarət qucağından,


Bir səs gəliyor iştə könüllər bucağından:


 


"-Bir gün! Bizə buldunsa şu aləmdə səadət,


Hörmət sənə, hörmət sənə, hörmət sənə, hörmət"


 


Daha sonrakı illərdə də Müşfiq yeni quruluşun bəxş etdiyi sevinclərdən yazmağı davam etdirdi. Bunu təbii qarşılamaq lazımdır. Müşfiq zorən şair olmadığı kimi, zorən də, kiminsə sifarişiylə də ürəyinə hökm etməmişdir. Heç kim, heç bir qüvvə Müşfiqə bu misraları zorla yazdıra bilməzdi:


 


Mən əzilən bir sinifin hayqıran,


Haq bağıran sədasından yarandım.


Ölümlərin pəncəsində hıçqıran


Məzlumların nəvasından yarandım.


 


Başqa bir misal:


 


Şaxtalar, zavodlar, fabriklər yarışda,


Ocaqlar, dəmirlər, çəliklər yarışda.


Çıxmışdır yarışa qayışlar, təkərlər,


Çıxmışdır yarışa mədənçi, çilingər.


 


Beyinlər, duyğular, ürəklər yarışda,


Sementli özüllər, dirəklər yarışda.


Sobalar qızışıb, tövşüyür körüklər,


Çağlayır borular, oxuyur düdüklər.


 


Müşfiq yaradıcılığından söz açarkən təbii ki, bu şeirlərin üstündən sükutla keçilməməlidir. Bu şeirlər dövrün, zamanın Müşfiqdə yaratdığı intibalar, duyğular idi ki, şair öz ilhamını heç də zorlamadan bu mövzuları coşqunluqla qələmə alırdı. Daha doğrusu, Müşfiq də Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil və başqa gənc sovet şairlərinin gördüyü işləri görürdü. Ömrü boyu yalançı və riyakar olmayan Müşfiq tam və səmimi etiraf edirdi ki:


 


Yoldaşlar!


Mən bolşeviklər diyarında


Beşillik planın


işıldayan raylarında,


Sosializmə doğru qoşan kütlələrin,


Dneprostroy dalğaları kimi


Aşıb-daşan kütlələrin


Əzəməti qarşısında


Dona qalmış bir şairəm,


Bu, səmimi bir etiraf, açıq, saf...


 


Müşfiqin lirik qəhrəmanı Azərbaycanda gedən quruculuq işlərindən vəcdə gəlirdi, o, bu işlərin fəal iştirakçılarından idi. Təbii ki, indi, bu günün meyarları ilə düşünüb keçən əsrin otuzuncu illərinin şairlərini bu quruculuq işlərini, yeni quruluşdan doğan romantikanı qələmə almaqda suçlamaq tamamilə ədalətsizlik olardı. Nazim Hikmət kimi talantlı bir şairin Bakıya gəlib "Günəşi içənlərin türküsü" kitabını çap etdirməsi, yeni inqilabı alqışlaması, əlbəttə, əqidə və inam söhbəti idi. Müşfiqin öz zamanının oğlu olduğunu, yazdıqlarının doğrudan da  ürəyinin səsi olduğunu sübut etməyə zənnimcə, heç bir ehtiyac duyulmur. Müşfiqin "Azadlıq dastanı" poeması onun ictimai-siyasi platformasını çox düzgün, dəqiq müəyyənləşdirir. Müşfiq bu poemada dünyada, beynəlxalq aləmdə gedən hadisələrə münasibətini bildirir, azadlıq uğrunda mübarizə aparan xalqları alqışlayır, azadlığın böyük nemət olduğu barədə düşüncələrini izhar edir və nəhayət, bu qərara gəlir ki:


 


Ey qara torpağı bir xəyal kimi,


Qəlbləri bir şirin ideal kimi


Hər zaman, hər yerdə gəzən azadlıq,


Dustağa, sürgünə dözən azadlıq!


Ləzzətlə çalışmaq, ləzzətlə gülmək,


Bərabər doğmuşkən, bərabər ölmək,


Budur, təbiətdən ilk payımız, bu!


Sən ey sosializmin əsas qanunu,


Apar qəlbimizi bərabərliyə,


Şadlığa, şənliyə, bəxtəvərliyə!


 


Hiss olunur ki, Müşfiq bu poemanı SSRİ Konstitutsiyası qəbul edilərkən(1936) qələmə alıb.


Əziz oxucu! Müşfiq haqqında bu düşüncələrimi sizinlə bölüşərkən elə zənn etməyin ki, mən Müşfiqi sırf sovet şairi kimi təqdim etmək istəyirəm. Sadəcə belə bir faktı nəzərə çarpdırmaq istədim ki, hər bir şair ilk növbədə, öz zamanının oğludur və həyat, cəmiyyət, ətrafında baş verən hadisələr mütləq həmin şairin poetik aləmində əks-səda doğurmalıdır. Siz otuzuncu illərin qorxulu, vahiməli ictimai-siyasi ab-havasını da unutmayın. Unutmayın ki, yeni quruluş deyilən cəmiyyətdə bir ideologiya vardı və ədəbiyyat da istər-istəməz bu ideologiyanın lokomotivlərindən biri idi.


Ancaq bunu da unutmaq lazım deyil ki,Müşfiq kimi şairlər hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq yaddaşlarda ideologiya şairi kimi yox,məhz ŞAİR kimi yaşayırlar. İstənilən ideologiya, partiya qərarı vaxtı gələndə ömrünü başa vurur, amma şairin o dövrdə yazdıqlarından poeziya naminə nə qalıbsa, şairi yaşadan da elə odur.Bu baxımdan Mikayıl Müşfiqi bir şair kimi bütün sonrakı əsrlərdə də yaşadacaq şeirlər var.Bu şeirlər çoxəsrlik Azərbaycan poeziyasının xəzinəsinə daxil olan şeirlərdir.


20-ci illərin axırları-30-cu illərin əvvəllərində "proletar mədəniyyəti" təbliğçiləri qədim incəsənət əsərlərinə, milli musiqi alətlərinə qarşı kompaniyaya başlamışdılar.Məsələn, Mustafa Quliyev bir məqaləsində yazmışdı ki:" Bu aləti müdafiə etmək külüncdür. Avropa müsiqisi əvəzinə tar dərnəkləri təşkil etmək və türk müsiqisi inkişafında tara əhəmiyyət verərək, onunla hesablaşmaq lazım deyildir. Tar öz-özlüyündə həyat səhnəsindən çıxacaqdır".


Doğrudan da, az sonra Tar bir musiqi aləti kimi konservatoriyadan çıxarılır. Hətta mətbuatda tarın çıxarılmasını alqışlayanlar da olur.O zaman bu qərarın əleyhinə ilk çıxış eləyən Müşfiq olur. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə yazır ki, bir gün Qurban Pirimov çox pərişan halda bizə gəlir. O, incik halda deyir ki, tarı bir musiqi aləti kimi qadağan etmək istəyirlər. "Müşfiq könlümüzü açmaq üçün qoca ustaddan tarı götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə sıxdı. Tar dilə gəldi, tar inildədi, tar hönkürdü. Mənə elə gəldi ki, tar nalə çəkir, ağlayır, qəşş edir. Qurban müəllim "Yetim segahı" çalırdı. Sanki tar cəmiyyətdən ayrılıb kimsəsizliyə atılacağını hiss edib fəryad çəkirdi.


Tarın qopardığı nalələr altında Müşfiq özünü çəkdiyi papirosun dumanlarına bürümüşdü. Sanki o da od tutub yanırdı. Mən birdən gördüm ki, Müşfiqin yanıqlı səsi tarın naləsinə qarışdı".


 


Oxu, tar, oxu, tar!


Səsindən ən lətif şeirlər dinləyim.


Nəğməni su kimi alışan ruhuma çiləyim.


Oxu, tar!


Səni kim unudar?


Ey geniş kütlənin acısı, şərbəti-


Alovlu sənəti!


Zilin var, vəsətin, bəmin var,


Sənin də quşların dəmindən ayrılan


Bir özgə dəmin var.


Səni də avara eyləmiş


Dağınıq telli bir "zərəfşan"


Onunçun segahın danışır


Pərişan, pərişan...


 


İllər keçəcək, Müşfiqin müasiri olan Mirzə İbrahimov "Tar" şeirinin doğurduğu əks-səda haqqında yazacaq: "Tar"ı ilk dəfə o, Maarif evində neçə yüz adamın içində oxudu. Biz hamıimız və bütün zal qeyri-adi, şiddətli bir dalğanın qanadlarında uçur kimi vəcdə gəlib Müşfiqi alqışladıq. O, bir məşəl kimi tribunadan dörd tərəfə hərarət və işıq saçırdı. Tarın köhnəldiyini, xalqın sosializm uğrunda mübarizəsinə kömək etmədiyini deyənlərə məğrur səslə hücum çəkirdi".


Müşfiqin otuzuncu illərdəki şair obrazı haqqında düşünərkən, onun coşqun təbli, fitri istedada malik bir insan olduğu, çoxlarına nəsib olmayan poetik talantının genişliyi doğrudan da heyrət doğurur. Onun istənilən bir şeirində bu talantın izləri, bəlirləri dərhal nəzərə çarpır. Əlbəttə, mövzusundan asılı olmayaraq ...Müşfiq sosializm quruculuğunu tərənnüm edən şeirlərində də bu talantı yaşadırdı, sırf lirik şeirlərində də.


Dövrünün heç bir şairi Müşfiq qədər Azərbaycan şeirinin bütün vəznlərində eyni dərəcədə uğur qazana bilməmişdi. Bəlkə də mənim bu fikirlərim bir qədər subyektiv təsir bağışlaya bilər, amma həqiqətə göz yummaq olmaz.Elə bircə şeirin vəzni məsələsini götürək. Onun yaradıcılığına dönə-dönə müraciət edən yazıçı-alim Gülhüseyn Hüseynoğlu yazır: "Şairin poeziyası vəzn cəhətindən də maraqlıdır. O, demək olar ki, heca vəzninin bütün bölgülərində (üç hecalıdan tutmuş iyirmi hecalıya qədər), əruz vəzninin əsasən, həzəc və rəməl bəhrlərində əsərlər və eləcə də sərbəst şeirlər yazmışdır." Daha sonra Gülhüseyn müəllim yazır: "Tar"ı və eləcə də "Gecə çeşməsi" şeirlərini tam heca vəznində yazılmış şeirlər kimi götürmək olmur. Bu şeirlər "heca vəzninin bir ritm vahidi üç təqtidən ibarət forması”nda olsalar da, tam heca deyillər, zahiri görünüşünə, misralarda hecaların qeyri-bərabərliyinə görə bu şeirlər hansı vəzndə yazılmışdır? Bu, Müşfiq icadıdır, Müşfiq vəznidir və bu vəznin poeziya tariximizdə yeganə nümunələrini Müşfiq yaratmışdır”.


Müşfiq poeziyasında belə kəşflər, icadlar az deyil, sadəcə olaraq, elə bir tədqiqatçı tapıla ki,Müşfiq sənətinin bu incəliklərini birər-birər incələyə.


Müşfiq dünya poeziyasına bələd olan şavirlərdən idi .O, Azərbaycan sonetinin bir sıra dəyərli nümunələrini yaradıb və bu sahədə ilkin cığır açanlardan olub. (Bu haqda professor Seyfulla Əsədullayevin və filologiya elmləri namizədi Hüseyn Həşimlinin tədqiqatlarında geniş söhbət açılır). Şairin  italyan soneti formasında qələmə aldığı "Çağlayan" sonetinə diqqət yetirək. Bu sonet bir şəlalənin təsvirinə həsr olunub:


 


Sən uca bir dağın göy gözlərindən


Sevincdən tökülən gur yaşlar kimi-


Axdıqca, ürəyim qopur yerindən,


Uçunur bədənim bir ruzgar kimi.


 


Ey böyük çağlayan, ey təmiz ürək,


Yoxmu aramızda bir könül bağı?


Səsimə səs verən bəstəkar gərək,


Ey qüvvət qaynağı, işıq qaynağı!


 


Sən də şəlaləsən,təbim yerində,


Ürəklər, beyinlər, ruhlar çağıldar


Sənin də ölməyən nəğmələrində.


 


Fikirlər torpağı, hisslər torpağı


Sənin seylabında çiçəklər açar,


Ey şəvəs qaynağı, nəğmə qaynağı!


Ümumiyyətlə, Müşfiqin poetik sənətkarlığı haqqında geniş söz açmaq olar. Bu mövzuda geniş danışmağın əhəmiyyəti ondadır ki,Müşfiqin on-on bir il ərzində - qısa bir zaman kəsiyində poeziyaya necə tələbkarlıqla yanaşdığının şahidi olasan. Cəsarətlə demək olar ki, Müşfiq şeiri həm öz dövründə, həm də indi - şeirimizin poetexniki elementlərinin çoxaldığı bir zamanda Poeziyanı, Musiqini və Rəssamlığı özündə birləşdirən ən parlaq nümunələrlə zəngindir.


 


Bu gecə nə qədər xoş gecədir,


Bir qara qız kimi tellicədir.


Yer işıq, göy işıq,


Hər tərəf yaraşıq.


Sevgilim, dayanma, sahilə gəl,


Seyr elə gəl.


Ulduzlar ətrafa nur səpələr,


Bir bölük uşaqdır şən ləpələr.


Onların əlində top kimi ay,


Sevgilim, başında ağ kələğay


Sahilə gəl,


Seyr elə gəl.


 


Müşfiqin otuzuncu illərdəki şair obrazını onun həmin illərdə poeziya gecələrindəki coşqun çıxışları, xalq sevgisi tamamlayır. Bu haqda çox yazıblar. Onun əzbərçi yox, hafiz olması, yəni çox güclü yaddaşı ilə hamını heyrətləndirməsi barədə də xatirələrdə izlər var. Dilbər Axundzadə "Müşfiqli günlərim" kitabında yazır: "Müşfiq bir dəfə tələbəlik həyatından mənə belə bir əhvalat danışdı: "Ədəbiyyat dərsimizin birində Tovfiq Fikrətin həyatını keçmişdik. Növbəti dərsimizdə isə  onun yaradıcılığını öyrənəcəkdik. Müəl­lim auditoriyaya gəldikdə Tovfiq Fikrətin kitabını unudub gətirmədiyi üçün dərsi təxirə salacağını bildirdi. Bu vaxt mən müəllimdən söz alıb dedim:


- Müəllim, dərsi təxirə salmayın. Tovfiq Fikrətin  hansı əsəri lazımsa, mən onu əzbər deyə bilərəm.


Müəllim təəccüblə soruşdu:


- Sən onun hansı əsərini bilirsən?


- Siz məndən soruşun ki, hansı əsərini bilmirsən?


Müəllim gülümsəyib xəbər aldı:


- Demək, onun bütün əsərlərini əzbər bilirsən?


- Bəli, - dedim".


Müşfiqin şeir yaddaşı barədə Sabit Rəhman-onun ən vəfalı dostlarından biri-yazır: "Müşfiqin çox güclü hafizəsi vardı, şeir hafizəsi. Həyatda, məişətdə isə çox laübalı idi, dünən yediyi bu gün yadından çıxırdı... Ancaq şeirə gəldikdə, onun hafizəsi bir ümman idi. Nəinki təkcə öz şeirlərini, bütün klassik şeirimizi əzbərdən bilirdi. Bu cür hafizə, bu qədər fitri istedad çox nadir təsadüf edilən hadisədir".


Əlbəttə, mən Müşfiqin otuzuncu illərdəki obrazı barədə digər misallar da gətirə bilərəm.Onun dostluqda səmimiyyəti, yalan danışa bilməməsi və riyakarlığa nifrəti, Dilbərə sonsuz sevgisi və bu sevginin az qala əfsanələşməsi... bütün bunlar Şair Müşfiq obrazının ayrı-ayrı cizgiləridir. Onun dostları, müasirləri Müşfiqin böyük istedadını etiraf edirdilər. Dilbər Axundzadənin kitabında oxuyuram: "Hələ otuzuncu illərdə Müşfiqin şeir istedadına yüksək qiymət verən Səməd Vurğun bir dəfə özünəməxsus  açıq ürəklə və yarızarafatla:


- Əyə, bilirsinizmi, - deyirdi - məndən sonra ən böyük istedad odur!


- Niyə səndən sonra, ay Səməd, bəlkə səndən əvvəl! - deyə kimsə zarafatla irad tutur.


Bu sözdən sonra Səməd Vurğun səmimiyyətlə deyir:


- Əyə, düz deyirsiniz, əsl istedad odur!".


Əlbəttə, Səməd Vurğunla Mikayıl Müşfiqi qarşı-qarşıya qoymaq, o dövrdə hansının daha istedadlı olduğunu sübut eləmək mənasız bir işdir.  Söhbət ondan gedir ki, onlar bir-böirinin istedadına biganə deyildilər.


Müşfiq haqqında düşünəndə bir də otuzuncu illərin o təlatümlü, o mürəkkəb, qatmaqarışıq, sinfi ideologiyanın hökm sürdüyü çağların Müşfiqi durur gözlərim qarşısında. Təbii ki, mən o dövrü yaşamamışam, ancaq o dövrün canlı şahidləri olan qəzet, jurnal səhifələrində əks olunan yazılar yaşayır. Bu qovğalı sətirlərdə mən şair Müşfiqdən çox,  başı cəllad kötüyünə yuvarlanan, böhtan sellərinə qərq olan Müşfiqi görürəm. Oxuyuram o yazıları və təəccübümdən donub qalıram: Mikayıl Müşfiq, əslində, Azərbaycan sovet poeziyasının banilərindən biri, öz şeir və poemalarında Şura inqilabını, bu inqilabın sevincini, quruculuq işlərini, sovet gənclərinin duyğu və düşüncələrini, əməkçi insanın həyatını, gələcəyə inamını əks etdirən şair niyə repressiyanın qurbanı oldu. Niyə onun şair dostlarından biri olan, özü də poetik istedadına görə Müşfiqdən qat-qat zəif olan Məmməd Rahim "Ədəbiyyat qəzeti"ndə (21 avqust, 1937) Müşfiq haqqında "Kontrrevolyusioner, kondrabançı,oğru" məqaləsi ilə çıxış etməliydi? (Bu faktı hörmətli Gülhüseyn müəllim də xatırladır və yazır ki, çox illər sonra Müşfiq bəraət alandan sonra M.Rahim Müşfiq haqqında "Şairin əziz surəti" adlı məqalə ilə çıxış edib günahını yumaq istəyib).


Əslində, Müşfiqə qarşı bu ədalətsizlik otuzuncu illərin əvvəllərindən başlamışdı. O illərin mətbuatını izləyəndə onun yaradıcılığı barədə bəzi təqdiredici məqalələr yazıldığını da qeyd etməliyik, ancaq bunlar o təhqirlərin, ədəbi söyüşlərin və böhtanların müqabilində azlıq təşkil edirdi.Elə bil, bədxah "tənqidçilər" Müşfiqi misra-misra oxuyub qaşınmayan yerdən qan çıxarırdılar. Məsələn, Zəngili adlı bir müəllif Müşfiqin təbiət şeirlərindən biri haqqında yazırdı: "Müşfiq... dağlara doğru uçmaq istəyir. Onun dağları da, küləkləri də dumanlıdır. Müşfiq dağlara tərəf qaçdığını və nə səbəbə belə bir vəziyyət aldığını oxucu kütlələrinə anlatmadan keçir". Çox maraqlıdır ki, o dövrün tanınmış tənqidçilərinin Müşfiqə münasibətində də bəzən ikilik nəzərə çarpırdı, bir tənqidçi tutalım, bir məqaləsində Müşfiqi tərifləyirdisə, sonra yazdığı başqa bir məqaləsində onu kəskin tənqid edirdi. Təfərrüata varmaq istəmirəm. Amma deyim ki, göstərdiyim bu cəhət Əli Nazimin, Mustafa Quliyevin, hətta Mehdi Hüseynin yazılarında diqqətimi cəlb edib.


Təbii ki, bunları hardasa o dövrün kəskin ədəbi mübarizəsi, hər bir əsərin "proletar ədəbiyyatı" sxeminə uyğun gəlib-gəlməməsi ilə də izah etmək olar. O da maraqlıdır ki, Müşfiqi tənqid edənlərin bir çoxu (yəni onu sırf "proletar şairi" kimi görmək istəyənlər) Müşfiq kimi repressiya qurbanına çevrildilər.


Əlbəttə, Müşfiqin tutulmasının, "troyka"nın qərarı ilə qətlə yetirilməsinin səbəblərini şərh eləmək istəməzdik.Ancaq yenə istər-istəməz bir sıra suallar doğur:niyə məhz Müşfiq tutuldu, axı, o, ömrünün son illərində deyilənə görə Stalinə şeir də həsr edibmiş. Axı, onun yaradıcılığı göz qabağındadır, öncə dediyim kimi, Müşfiq sovet quruluşunu pisləmirdi, çox böyük vəcdlə alqışlayırdı həmin quruluşu. Bəlkə onun böyük istedadına paxıllıq çəkənlər olub. Bəlkə Müşfiqin Hüseyn Cavidlə, Əhməd Cavadla yaxınlıq etməsi kimlərisə şübhələndirmişdi? Bu suallar cavabı müşgül olan suallardı. Elə bilirəm, həmin suallar bu gün də cavabsız qalır. Amma 73 il bundan əvvəl, 1935-ci ildə Müşfiq bu suallara özü cavab axtarırdı:


 


Ah, mən gündən-günə bu gözəlləşən


İşıqlı dünyadan necə əl çəkim?


Bu yerlə çarpışan, göylə əlləşən


Dostdan, aşinadan necə əl çəkim?


 


Həyat dedikləri bu kəşməkəşdən,


Qəlbimdə, qanımda yanan atəşdən,


Gecədən, gündüzdən, aydan, günəşdən,


Bu əngin fəzadan necə əl çəkim?


 


Qarşımda dalğalı dərin bir ümman,


Ümmanı sarsıdan bir acı tufan,


Bəyaz köpükləri bir çiçək yapan,


Şeirdən, xülyadan necə əl çəkim?


 


Mehriban sevgilim qarşımda durdu,


Yenə şairliyim başıma vurdu,


Məndən məcnun könül maraqla sordu


Bu saçı leyladan necə əl çəkim?


 


...Və nəhayət, xəyalımda canlanan sonuncu, amma əbədi Müşfiq. O Müşfiq ki, təkcə XX əsr Azərbaycan poeziyası üçün deyil, bütün əsrlər üçün, hər dəfə, hər nəsil üçün yenidən doğulan Müşfiqdir.


Bu gün Müşfiq bizim müasirimizdir.