Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Qəşəm NƏCƏFZADƏ

Məmməd İSMAYIL
İZ
(Roman)
* (Jurnal variantı)

Maarif TEYMUR
ƏHMƏD CƏMİLİN ŞƏXSİ FONDU

MƏMMƏD ARAZ

Kələntər KƏLƏNTƏRLİ
MƏNİM ŞAİR QARDAŞIM

İslam SADIQ

Xatirə ƏZIZ

Çingiz ƏLƏSGƏRLI
Kloun
Hekayə

Əli Rza XƏLƏFLİ

Xaliq RƏHİMLİ

Təyyar SALAMOĞLU
M.C.CƏFƏROV TƏNQIDI: ZAMANIN PARAMETRLƏRI, SƏNƏTIN HƏQIQƏTLƏRI

XURAMAN

Oqtay RZA

Həsən XASİYEV

Esmira FUAD
“...HIÇQIRTIDIR BU HƏYAT...”

Hadi QARAÇAY

Huşəng CƏFƏRİ

Solmaz MƏHƏMMƏDRZAYİ

Məlihə ƏZİZPUR

Səkinə HƏSƏNPUR

Ülkər UCQAR

Elməddin ƏLIBƏYZADƏ
DÜNYANIN TARİXİ YENİDƏN YAZILMALIDIR!
Polemika

Bilal ALARLI
KOMIK JANRIN ÖZƏLLIKLƏRI

Teyyub ORUCOV
M.Ə.SABİR YARADICILIĞINA YENİ BAXIŞ

Paşa ƏLİOĞLU
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ

Ədəbi portretlər
 
Təyyar SALAMOĞLU
M.C.CƏFƏROV TƏNQIDI: ZAMANIN PARAMETRLƏRI, SƏNƏTIN HƏQIQƏTLƏRI

 

M.C.Cəfərov haqqında vikipediya (açıq ensiklopediya) məlumatı

Cəfərov Məmməd Zeynalabdin oğlu 1909-cu il mayın 9-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Burada ilk təhsilini aldıqdan sonra Naxçıvan pedaqoji texnikumunu bitirmişdir (1928-1932).
APİ-nin dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, «Gənc işçi», «Maarif işçisi» qəzetlərinin redaksiyalarında şöbə müdiri vəzifəsində işləmişdir (1932-1935). Həmin institutun ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil almışdır (1935-1938). Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunda baş müəllim (1939-1941), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, həmçinin «Ədəbiyyat qəzeti» redaksiyasında şöbə müdiri (1941-1943), Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini (1943-1945), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, eyni zamanda «Ədəbiyyat qəzeti»nin redaktoru (1945-1949), ADU-nun filologiya fakültəsinin dekanı, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1949-1951), ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri (1951-1953), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Sovet ədəbiyyatı şöbəsinin (1959-1962), ədəbiyyat nəzəriyyəsi şöbəsinin (1963-1982) müdiri, institutun direktoru (1982-1984) olmuşdur. Azərbaycan EA ictimai elmlər bölməsinin akademik katibi (1984-1987), Azərbaycan EA Əlyazmaları İnstitutunda baş elmi işçi (1987-ci ildən) vəzifələrində çalışmışdır... Onun yaradıcılığı çoxcəhətli və əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir.
1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

M.C.Cəfərovun ədəbiyyata gəlişi və
dövrün ədəbiyyat siyasəti

Azərbaycan ədəbi tənqidinin tarixində M.C.Cəfərovun müstəsna mövqeyi vardır. O, bu sahədə qırx ildən artıq və aramsız fəaliyyət göstərmişdir. M.C.Cəfərov ədəbi tənqidə mürəkkəb bir dövrdə gəlmişdir. Keçən əsrin 40-ci illərində vulqar-sosioloji təmayül milli tənqid tariximiz üçün keçilmiş bir mərhələ olsa da, tənqiddə sosioloji amilin üstün mövqedə olması şübhə doğurmayan həqiqətdir. Bu illərdə artıq 20-30-cu illərə məxsus ədəbi mübahisə və döyüşlər səngimiş, incəsənətin bütün sahələri, o cümlədən ədəbiyyat kimi, ədəbi tənqid də bütövlükdə sovet platformasına keçmişdi. Tənqid ədəbi prosesi daha çox məfkurəvi istiqamətinə, marksizm-leninizm ideologiyasına, bu ideologiyanın estetik ifadəsi kimi düşünülən sosrealizmə sədaqət tendensiyasına görə qiymətləndirməyə meylli idi. Bununla belə tənqidin sənətkarların yaradıcılığına ifrat sosioloji yanaşmalardan uzaqlaşmağa çalışması da müşahidə olunmaqda idi. Ədəbiyyata, ədəbi qəhrəmana sinfi mövqedən yanaşma elmi qiymətləndirmədə əsas meyar kimi çıxış edə bilmir, xəlqilik, millilik, beynəlmiləlçilik kimi keyfiyyətlər ön mövqeyə keçirdi. Bədii qəhrəmana münasibətdə onun istehsalat prosesində iştirakı, qəhrəmanın əmək həyatı, sosializm quruculuğu uğrunda mübarizənin fəal iştirakçısı, partiya və hökümət qərarlarının yerinə yetirilməsində tutduğu fəal mövqe və bu kimi digər məsələlərə daha artıq diqqət yetirilir, dövrün, zamanın, xaruqələr yaradan sosialist insanının müsbət obrazının yaradılmasına xüsusi dəyər verilirdi. Bununla bərabər, nə ideoloji, məfkurəvi tendensiyalar, nə zamanın diktə etdiyi aktual mövzular sənətkarlıq axtarışlarını arxa plana keçirə bilmir, ədəbi qiymətləndirmədə estetikliyin vacib amilə çevrilməsi diqqəti çəkirdi. 40-50-ci illərin ədəbi prosesində ədəbi mübahisə və müzakirələrin mövzusu və predmeti vulqar sosioloji amillərlə yox, əsərlərin ideya-tematik və məfkurəvi istiqaməti ilə sənətkarlığın bir-birini nə dərəcədə tamamlayıb-tamamlaya bilməməsi ətrafında cərəyan edirdi. Sənətkarın yaradıcılığına, ədəbi əsərə yanaşmada iki təmayülü fərqləndirmək mümkün idi. Bir qisim tənqidçilər 30-cu illər tənqidinin təsirindən çıxmağa çətinlik çəkir, eyni zamanda, siyasi rejimin təlqinlərinə tam sədaqət nümayiş etdirərək sənətkarın yaradıcılığını ideya-tematik və məfkurəvi istiqamətinə görə qiymətləndirməyə üstünlük verir, sənətkarlığı arxa plana keçirirdilər. Lakin fərqli mövqe də müşahidə olunmaqda idi: Əsəri ideya-bədii mükəmməllik və həyat həqiqətinə sədaqət kontekstində qiymətləndirmək meyli. Ədəbi tənqid sahəsində fəaliyyətə başladığı ilk illərdən M.C.Cəfərov yaradıcılığı üçün ikinci meyl daha çox səciyyəvi idi. Şübhəsiz ki, M.C.Cəfərov tənqidinin də fəlsəfi əsasında marksizm-leninizm təlimi dayanırdı. Bu bir faktdır ki, hətta 60-70-ci illərdə yazdığı məqalələrində o, “ədəbiyyatın inkişafında Lenin təlimi”ni nəzəri cəhətdən əsaslandırmağa çalışır, sosrealizmdən “əsrin mütərəqqi yaradıcılıq metodu” kimi söhbət açırdı. Halbuki bu illər marksizm-leninizm fəlsəfəsinə, sosialist realizminə doqmatik baxışların artıq arxada qaldığı bir dövr idi. Xüsusən estetik düşüncədə sosrealizm doqmaları ciddi müqavimətlə qarşılaşır, sənətin immanent qanunları yeni yaradıcılıq üsullarının tapılmasını qaçılmaz edirdi. Bu mənada tənqidi düşüncənin estetik düşüncədən geridə qaldığını etiraf etmək lazım gəlir.

“Bir ömrün işıqları” yaxud M.C.Cəfərov tənqidi
Y.Qarayevin təqdimatında

M.C.Cəfərov tənqidində bir özünəməxsusluq var idi. Onun tənqidçi üslubunda ideoloji-sosioloji meyl aparıcı keyfiyyət kimi təzahür etmirdi. Görkəmli nəzəriyyəçi Y.Qarayev yazır: “Belə ki, fəlsəfi, estetik və sosioloji prinsiplərin vəhdəti, sintezi onun ədəbi hadisəyə tətbiq etdiyi ölçünün, meyarın özünün ünsürləri arasında yaranır. Fəlsəfə, əxlaq və etika problemlərinin siyasi-ictimai bir dərinlik və genişliklə qoyuluşu və həlli baxımından onun əsərləri müasir tənqidimizdə hamıdan fərqlənir” (Qarayev Y. Ədəbi üfüqlər. Bakı. Gənclik, 1985, s. 254)
Y.Qarayev M.C.Cəfərovun ömür və yaradıcılıq yolundan bəhs edən “Bir ömrün işıqları” adlı iri həcmli monoqrafik oçerkində alimin elmi yaradıcılığının bütün istiqamətləri haqqında müfəssəl söhbət açmaqla bərabər, bir tənqidçi kimi onu xarakterizə edən, başqalarından fərqləndirən, başqa sözlə, ədəbi tənqiddə M.C.Cəfərov üslubundan bəhs açmağa imkan verən əlamətdar keyfiyyətləri tapıb üzə çıxarmış və elmi cəhətdən tam əsaslandırmışdır.
Vaxtilə Səməd Vurğun M.C.Cəfərovu “filosof tənqidçi” adlandırmışdı. Y.Qarayev də böyük mütəfəkkir şairin bu mövqeyi ilə razılaşırdı. Ancaq ən əsas məsələ bu idi ki, Y.Qarayev böyük sənətkarın duyub ifadə etdiyi fikri bütün məzmunu və istiqamətləri ilə açıb ortaya qoyur. O yazır: “Tənqidçi təfəkkürünün iti bir publisistika və fəlsəfi vüsətlə vəhdəti böyük Belinski ilə həqiqi və yaradıcı bir tanışlığın izi və yadigarı kimi ona məxsus fərdi bir üslubun da ən yaxşı təzahürlərində həmişə qorunur.” (Qarayev Y. Göstərilən əsəri. S. 203). “Bir ömrün işıqları”nın böyük bir hissəsi tənqidçiyə “məxsus fərdi bir üslubun” əlamətdar xüsusiyyətlərini aşkarlamağa istiqamətlənir. Y.Qarayev bir tənqidçi kimi M.C.Cəfərovun uğurlarının və fərdi özünəməxsusluğunun təməl daşında “ənənəyə sədaqətin dayandığını” önə çəkir. Məlum olur ki, filosof tənqidçi ədəbi prosesin məhsulu olan hər bir əsərə qiymət verərəkən, “bədii ədəbiyyatın öz təcrübəsindən” çıxış edir, elmi qiymətləndirməni estetik fikrin tarixi inkişaf yolu əsasında aparır. Bu zaman “miqyaslı müşahidələr, analogiyalar və ümumiləşdirmələr” onun tənqdinin elmi-nəzəri dərinliyinin və fəlsəfi vüsətinin əsas şərtinə çevrilir.
Y.Qarayevin M.C.Cəfərov tənqidinin üslubi dominantı kimi fərqləndirdiyi və bizim fikrimizcə, ədəbi tənqidimizin tarixində çox az tənqidçidə müşahidə olunan bir keyfiyyət onun “tənqidin özünə bir sənət” kimi yanaşması, onu əsl yaradıcılıq hadisəsi kimi yaşayıb, gözəllik aktı səviyyəsinə qaldırmağı bacarmasıdır. Onu da qeyd edək ki, belə bir keyfiyyət M.C.Cəfərov tənqidində şüurlu bir cəhdin faktı kimi yox, fərdi üslubun mahiyyəti, elmi düşüncənin metodu kimi meydana çıxır. Tənqidi düşüncənin fərdiliyindən və fərqliliyindən irəli gələn bu üslubi dominantı Y.Qarayev aşağıdakı kimi ümumiləşdirir: “Məmməd Cəfərin ədəbi-elmi yaradıcılığının bədii-estetik xüsusiyyətləri bu yaradıcılığın özünün estetikasından, gözəllik aləmindən danışmağa bizə haqq verir və bizim ədəbiyyatşünaslıqda, “alimin estetik idealı” (Əziz Mirəhmədov) ifadəsinin bilavasitə onun tənqidçi sənətkarlığı ilə bağlı şəkildə işlədilməsi heç də təsadüf deyildir” (Qarayev Y. Göstərilən əsəri. s. 262)
“Bir ömrün işıqları”nda görkəmli tənqidçinin həyat yolunun elmi-publisistik bir dillə ən incə məqamları, ən səciyyəvi təfərrüatları araşdırıldıqdan sonra olduqca zəngin yaradıcılığının əsas təmayülləri aşağıdakı kimi müəyyənləşdirilir: 1. Mənəvi mənşə axtarışları: klassik irslə ünsiyyətdə; 2. Romantizm, romantika və romantik ənənələr haqqında; 3. Ədəbi əlaqələrin tədqiqi. Məmməd Cəfər və rus ədəbiyyatı; 4. Müasirlik yolları ilə: tənqid, estetika və teatr; 5. “M.Nəsrəddin” imzasının izi ilə: publisistika və nəsr”.

M.C.Cəfərov və ədəbiyyatımızın tarixi

M.C.Cəfərovun ilk mətbu məqaləsi 1937-ci ildə böyük rus mütəfəkkir yazıçısı A.İ.Gertsen haqqında yazdığı “Demokrat, revolyusioner, sosialist” məqaləsidir. 40-ci illərin əvvəllərində isə o, “Nizami yaradıcılığında humanizm” (1941), “Füzuli sevir” (1941), “Səni kim unudar” (M.Hadi haqqında, 1942), “Nəsimi” məqalələrini yazır. Bu illərdə onun tarixi ədəbi prosesə artan marağı M.Ə.Sabir, H.B.Zərdabi, C.Məmmədquluzadə və digər klassiklər haqqında silsilə məqalələrin meydana çıxması ilə nəticələnir. M.C.Cəfərovun tarixi ədəbi prosesə marağı davamlılığı və miqyasının genişliyi ilə diqqəti xüsusilə cəlb edir. 60-70-ci illərdə o, rus ədəbiyyatının böyük nümayəndələri A.S.Puşkin, A.İ.Gertsen, N.A.Nekrasov, N.Q.Çernışevski, A.N.Ostrovski, L.N.Tolstoy haqqında məqalələr yazır, üç cilddən ibarət “XIX əsr rus ədəbiyyatı” dərsliyini meydana çıxarır. Eyni zamanda “milli ədəbi-bədii fikrin tarixi inkişafına xas ümumi qanunauyğunluqlar onun nəzəri marağının daimi hədəfini təşkil edir” (Qarayev Y. Göstərilən əsəri. s. 199). Bu mənada “M.F.Axundovun ədəbi-tənqidi görüşləri” (1950), “Füzuli düşünür” (1959), “Hüseyn Cavid” (1960), “Azərbaycan ədəbiyyatında romantizm” (1963), “Səməd Vurğun” (1956), “Cəlil Məmmədquluzadə” (1966), “Nizaminin fikir dünyası” (1982) monoqrafiyalarının bir-birinin ardınca yazılması və nəşr edilməsində ciddi bir qanunauyğunluq nəzərə çarpır.
Milli və rus klassiklərinin yaradıcılığına ardıcıl marağı M.C.Cəfərovun ədəbiyyat tarixçisi - ədəbiyyatşünas alim kimi böyük potensialının, elmi təfəkkürünün dərinliyinin və universallığının göstəricisidir. Bütövlükdə sovet ədəbiyyatşünaslığı miqyasında, o cümədən milli ədəbiyyatşünaslıq və tənqiddə romantizmə ögey münasibət bəslənildiyi bir dövrdə M.C.Cəfərovun XX əsr Azərbaycan romantizminə dair monoqrafik araşdırmalar ortaya qoyması - “Hüseyn Cavid” və “Azərbaycan ədəbiyyatında romantizm” kitabları, bu ədəbi cərəyanın nümayəndələri və estetik prinsiplərinin şərhi ilə bağlı çoxsaylı məqalələrlə çıxışları, elmi sessiya və qurultaylardakı məruzələri onun ədəbiyyata ədəbiyyat marağı ilə yanaşdığını, tarixi milli ədəbi prosesin obyektiv və sistemli elmi mənzərəsini yaratmaqda israrlı olduğunu sübut edir. Bu israrlarda, davamlı mövqeyində siyasi rejimin diktələrinə boyun əymədiyini, ən müxtlif manevrlərlə, elmi məntiqidinin kəsəri, nəzəri səviyyəsinin dolğunluğu ilə romantik sənətin yaşarılığını əsaslandırmağa çalışdığını, “romantizmi öz ləyaqətində bərpa etmək, onun bəraət alan görkəmli nümayəndələri haqqında həqiqəti yenidən və ucadan söyləməkdən” (Y.Qarayev) çəkinmədiyini müşahidə edirik. Romantizmə Azərbaycan ədəbiyyatşünaslığında qazandırdığı vətəndaşlıq pasportu əslində M.C.Cəfərovun özünə bir ədəbiyyat tarixçisi kimi vətəndaşlıq pasportu qazandırdı, ədəbiyyat tarixçisi kimi onun ədəbiyyatşünaslığımızdakı şərəfli mövqeyini müəyyənləşdirdi.


M.C.Cəfərov və Azərbaycan teatrı

Şübhəsiz ki, M.C.Cəfərov çox görkəmli ədəbiyyat tarixçisidir. Bu mübahisə doğurmayan bir həqiqətdir. Lakin o, öz stixiyası etibarı ilə tənqidçidir. Ədəbi tənqid onun yaradıcılığının ana xəttidir. M.C.Cəfərovun ədəbiyyat tarixçisi kimi fəaliyyəti ilə tənqid sahəsindəki fəaliyyəti yaşıddır. 40-ci illərdən 80-ci illərə qədər o hər iki sahədə paralel və ardıcıl çalışmışdır. Ədəbiyyat tarixi sahəsindəki fəaliyyəti (xüsusən romantizmlə bağlı tədqiqatları) üzərinə qətiyyən kölgə salmadan deyə bilərik ki, o ədəbi tənqiddə daha nüfuzlu bir mövqeyə, heç kiminkinə bənzəməyən bir üsluba sahibdir.
Lakin burası da var ki, bu nüfuzun qazanılmasında, bu üslubun müəyyənləşməsində onun milli və dünya ədəbiyyatının tarixini dərindən bilməsinin, ədəbiyyat tarixinin ən müxtəlif dövrləri ilə bağlı ardıcıl araşdırmalar aparmasının da çox mühüm rolu var.
“Ədəbi düşüncələr” (Bakı. Azərnəşr, 1958), “Həyatın romantikası” (Bakı, Azərnəşr, 1968), “Sənət yollarında” (Bakı, Gənclik, 1975), “Həmişə bizimlə” (Bakı, Yazıçı, 1980) kitabları 1940-70-ci illər arasında M.C.Cəfərovun ədəbi tənqid sahəsindəki aramsız fəaliyyətinin məhsulları olaraq ərsəyə gəlmişdir.
Əgər desək ki, M.C.Cəfərov ədəbi tənqidə, ilk növbədə, teatr tənqidçisi kimi gəlmişdir, yəqin ki, yanlış olmaz. Onun ədəbi proseslə bağlı ilk məqalələrinin əksəriyyəti teatr tənqidinə həsr olunmuşdur. “Ünvansız məktub” (1944), “İntizar” tamaşası haqqında” (1945), “Teatr sənəti və teatr tənqidi” (1946), “Vaqif ” (1947) və s. məqalələri bu baxımdan səciyyəvidir.
Fikrimizcə, M.C.Cəfərovun 40-ci illərdəki tənqidçilik fəaliyyətinin ağırlığının teatr tənqidinə istiqamətlənməsi həyati zərurətdən doğmuş, bu sahədə nəzərə çarpan boşluğu doldurmaq kimi nəcib bir məqsəddən irəli gəlmişdir. “Teatr sənəti və teatr tənqidi” məqaləsində M.C.Cəfərov özü bu məsələyə aydınlıq gətirmişdir: “Xüsusən indiki halda bizə - Azərbaycana teatr tənqidi elmini inkişaf etdirmək başqalarına görə daha çox lazım və vacibdir. Ona görə ki, bizim səhnəmizdə indiyə qədər hər şeyi istedad həll etmişdir. İstedadlar çox olmuşdur, səhnə sənəti qüvvətli olmuşdur, ancaq səhnə nəzəriyyəsi zəif olmuşdur”. M.C.Cəfərov teatr tənqidini inkişaf etdirmədən Azərbaycan səhnəsinin böyük uğurlara imza atmasının mümkün olmayacağı qənaətinə gəlir və hesab edir ki, professional teatr tənqidinin yaradılması birinci halda, teatrı” teatr tənqidi adından sui-istifadə edən, teatr tənqidçisi adı ilə alverçilik edən atüstü cızma-qaraçılıqdan” xilas edər, ikinci halda, teatrla tamaşaçı arasında ünsiyyətin dərinləşməsinə təkan verər, üçüncü halda isə müəllif və rejissor, rejissor və aktyorlar arasındakı yaradıcılıq əlaqələrinin mahiyyətini izah edər, müəllif mətninin rejissor yozumundakı, eləcə də aktyor oyunundakı uğurlu və uğursuz cəhətlərini aşkarlaya bilər. Bu isə mahiyyətcə teatr sənətinin irəliyə doğru hərəkətinə ciddi təkan verər. M.C.Cəfərov bu qənaətdədir ki, teatr tənqidi teatr sənətinin tarixinin və nəzəriyyəsinin yaradılmasının ən əsas şərti və ən qısa yoludur. Məhz belə bir tarixin yaradılması, bu tarixin ümumiləşdirilib nəzəri konsepsiyalar halında təqdimi irs-varislik əlaqəsini təmin edə bilər, ənənəyə istinad imkanları yaradar, onu öyrənməyə, təhlil etməyə, nəticələr çıxamağa sövq edər, novatorluğu şərtləndirər: “Odur ki, mədəniyyət aləmində aktyor, rejissor, səhnə rəssamlığı sənətini yaşatmaq səhnə sənətinin gözəl ənənələrini gələcək nəsillərə çatdırmaq üçün ümumiyyətlə tamaşanı, onun yaxşı və pis cəhətlərini mətbuatda ətraflı izah etmək, qeyd etmək bir qanun olmuşdur. Mədəni cəmiyyət bir də buna görə teatr tənqidinə həmişə ciddi ehtiyac hiss edir”.
Şübhəsiz ki, teatr tənqidi ilə məşğul olmaq, bu sahədə nüfuz qazanmaq çətin bir işdir. Bu, ilk növbədə, teatrın mürəkkəb və sinkretik bir sənət olması ilə bağlıdır. Digər tərəfdən, səhnə həyatı canlı bir prosesdir. Tamaşa haqqında ancaq tamaşaya qoyulan əsərin mətni ilə bağlı mülahizə yürütmək kifayət etmir. Dram əsəri, yəni bədii mətn səhnədə özünün ikinci həyatını yaşayır. Dram əsərinin uğurunu və uğursuzluğunu xeyli dərəcədə, bəlkə də həlledici dərəcədə onun səhnə həyatı - rejissor həlli, aktyor oyunu və s. amillər şərtləndirir. Teatr tənqidində bütün bu cəhətlərin hamısı nəzərə alınmalıdır. Bədii mətndə əks olunan ideya-sənətkarlıq məsələləri ilə bərabər, onun səhnə həllindəki ideya-sənətkarlıq məsələləri də dəqiq surətdə aydınlaşdırılmalıdır. Teatr tənqidçisi əsərin səhnə təcəssümünü canlı proses kimi izləməli, mətnlə səhnə təcəssümünün bir-birini nə dərəcədə tamamlamasını, tamaşanın uğurlarını və uğursuzluqlarını şərtləndirən amillərin nə dərəcədə mətnlə, nə dərəcədə səhnə təcəssümü ilə bağlı olduğunu müəyyənləşdirməyi bacarmalıdır.
Bütün bunlar isə o qədər də asan məsələ deyildir və M.C.Cəfərovun fikrincə, teatr tənqidində uğur qazanmaq üçün “fəlsəfə başda olmaq üzrə humanitar elmin sahələrini və dramaturgiya başda olmaq üzrə incəsənətin bütün növlərini həm nəzəri, həm də praktiki cəhətdən yaxşı bilmək lazımdır. Lakin bu da hələ azdır. Teatr tənqidi sahəsində ağıllı bir fikir söyləyə bilmək üçün həyatı da gözəl bilmək, zəngin həyat təcrübəsinə malik olmaq lazımdır”.
M.C.Cəfərovun teatr tənqidçisinin qarşısına qoyduğu bu tələblərin hamısı bir keyfiyyət kimi onun özündə var idi. “İntizar”, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Kəndçi qızı”, “12-ci gecə”, “Müfəttiş” tamaşaları ilə bağlı resenziyaları buna parlaq sübutdur. Dramaturji janrlarda yazılmış əsərlərin səhnə təcəssümünə olduqca tələbkar yanaşan tənqidçi uğurlu cəhətləri, əsərin səhnə taleyindəki müvəffəqiyyətləri yığcam bir şəkildə ümumiləşdirəndən sonra, adətən, ağırlığı əsər və onun səhnə təfsirində müşahidə etdiyi, həm də olduqca həssas şəkildə müşahidə etdiyi qüsurlu halların üzərinə salır. S.Vurğunun “Fərhad və Şirin” dramının Azərbaycan Dövlət Dram Teatrının Moskvada keçirilən incəsənət və ədəbiyyat ongünlüyündəki tamaşasında Xosrov rolu haqqında tənqidçinin qeydləri əsərin səhnə təcəssümündəki qüsurların obyektiv şəkildə meydana çıxarılması və M.C.Cəfərovun təndiqçi təfəkkürünün dərinliyini göstərmək baxımından olduqca səciyyəvidir: “Azərbaycan SSR xalq artisti Rza Əfqanlının ifasında Xosrov bir “məhəbbət əsiri” olaraq çox canlıdır. Artist mürəkkəb, ziddiyyətli əhvali-ruhiyyəyə malik obrazın bu cəhətini, onun mənəvi böhranlarını, iztirablarını sənətkarlıqla yaradır. Lakin Əfqanlının ifasında, xüsusən birinci səhnədə Xosrov bir şah və hökmdar kimi sönükdür. Bu səhnədə onun hərəkətləri, jestləri, mimikaları xarakterinə uyğun olmayan bir şəkildə laqeyd, laübalıdır. Temperament zəifdir, hərarət azdır, artist danışığında yersiz pauzalara yol verir. Ancaq Xosrovun bu səhnədə sönük təsir bağışlamasına onunla mükalimədə olan başqa artistlər də səbəb olur. Onlar da bu səhnədə oyunun tempinə fikir vermirlər. Sözləri uzun pauzalarla söyləyirlər. Ümumiyyətlə, birinci şəkildə və bir sıra başqa şəkillərdə tamaşanın tempi zəifdir. Bu nöqsanın ləğv edilməsinə rejissor ciddi fikir verməlidir”.

S.Vurğunun “İnsan”ı, M.C.Cəfərovun
“Ünvansız məktub”u

Teatr və dramaturgiyamızn tarixinə bələd olanlara məlumdur ki, S.Vurğunun “İnsan” dramı ideya-tematik və obrazların səciyyəsi baxımından kifayət qədər mübahisələrə yol açmış, tənqid və ədəbiyyatşünaslıqda əsər haqqında bir-birini təkzib edən mülahizələr söylənmişdir. Əsərin ideyası və aparıcı qəhrəmanı “mücərrəd fəlsəfəçilik” tendensesiyası ilə bağlanmışdır. M.Hüseyn “İnsan”ı ümumilikdə dramaturgiya tariximizdə “müstəsna bir hadisə”, “müasir dramlar yaratmaq yolunda atılmış bir addım” hesab etsə də, o belə bir qənatə gəlmişdir ki, “İnsan”da mühakimə üsulundan istifadə edilir. Söylənilən qiymətli fikirlər dramaturji mübarizədən doğmur, bəlkə, havadan asılı qalır. Bu fikirlər öz-özlüyündə nə qədər gözəl olsa da, bütün əsərin ətinə və qanına hopdurulmadığı üçün tamaşaçının hiss və şüuruna lazımınca təsir göstərmir” (Hüseyn M. Əsərləri. On cillddə. IX cild. Bakı. Yazıçı, 1979, s. 537).
1946-ci ildə yazdığı “Dramaturgiyamıza bir nəzər” məqaləsində M.Arif də “İnsan” dramı ilə bağlı, demək olar ki, M.Hüseynlə eyni bir mövqedən çıxış edir: “Lakin şair bu əsərdə öz gözəl qayəsini canlı insan səciyyələrində təcəssüm etdirə bilməmişdir. Onun fikirləri daha çox mücərrəd məfhumlar halında ifadə edilmişdir. Biz şairin hər işarəsinə bir məna verməyə, onu başa düşməyə çalışırq; lakin bununla onun qəhrəmanları canlanmır, sxem olmaqdan, şairin fikrini ifadə edən deklamator olmaqdan uzaqlaşa bilmirlər” (Arif M. Seçilmiş əsərləri. Üç cilddə. I cild, Bakı, Azərb. SSR EA nəşr., 1967, s. 195 195).
İlk baxışdan tənqidçilər öz mülahizələrində tam haqlı görünürlər. Hətta M.Hüseyn tənqidi ilə bağlı məqaləmizdə “İnsan” dramı haqqında onun mülahizələri ilə “razılaşmamağın mümkün olmaması” qənaətinə də gəlmişdik (Bax: T.Salamoğlu. Ədəbi tənqid tarixinə dair portret-oçerklər. Bakı, 2011, s. 177)
Sən demə, bu tipli mülahizələrlə razılaşmamaq da olarmış. Nəinki razılaşmamaq olar, hətta əsərin ideya məzmunu, fəlsəfəsi və obrazlar aləmi haqqında tamam yeni bir nöqteyi-nəzər də ortaya qoymaq olarmış. Həm də elə bir nöqteyi-nəzər ki, “İnsan”ı mücərrədlikdə ittiham edən mövqeyin elmi cəhətdən tənqidə tamamilə dözümsüz olduğunu çox aydın dəlillər və məntiqlə izah etsin. Söhbət M.C.Cəfərovun “İnsan” dramının fəlsəfəsini açan, xarakterlərin estetik yükünü mükəmməl bir sürətdə, tam yeni aspektdə şərh edən “Ünvansız məktub” məqaləsindən gedir.
M.C.Cəfərov bu fikirdədir ki, “İnsan” dramına “mücərrəd fəlsəfəçilik” xüsusiyyəti tamamilə yad bir keyfiyyətdir; “İnsan” “mücərrəd fəlsəfi məfhumlarla məşğul olan bir əsər deyil”. Təndiqçiyə görə, əsərin adındakı mücərrədlik və obrazların fəlsəfi düşüncələri “İnsan”ı “ümumiyyətlə insan ehtirasları” haqqında yazılmış dram kimi başa düşməyə gətirib çıxarmışdır və bu, yanlış bir mövqedir; əsərin ideya-məzmununun düzgün başa düşülməməsidir. “İnsan” haqqında yanlış düşüncələr, ilk növbədə, əsərin məzmununun reallıqdan, tarixi gerçəklikdən sərf-nəzər edilməsindən qidalanır. “İnsan” real, həyati məzmunlu və müasir bir əsərdir. Əsərin ideya-məzmunu “Azərbaycanlıların Vətən müharibəsində verdiyi tarixi imtahanın inikası, müharibənin məhz bizim xalqın şüuruna, qəlbinə, fikir və zehniyyətinə etdiyi xüsusi təsirin ifadəsidir”.
M.C.Cəfərovun dramın məzmun və ideyasının real həyatla bağlılığını görə bilməsi obrazların xarakterini də düzgün başa düşməkdə ona yardımçı olmuşdur.
“Ünvansız məktub” məqaləsi tənqidçinin həmkarlarının fikir və mülahizələri ilə qiyabi dialoq formasında yazılmışdır. Məqalənin bu forması ədəbi tənqiddə Məmməd Cəfərə qədər ortaya qoyulmuş mövqelərlə onun fikirlərini müqayisə müstəvisinə gətirib, kimin haqlı olması haqqında düzgün qənaətlərə gəlməyə imkan verir.
M.C.Cəfərov, öz həmkarlarından fərqli olaraq, əsərin baş qəhrəmanı Şahbazın düşüncələrini müəllif mövqeyinin ifadəsi kimi başa düşmür. Qəhrəmanın fəlsəfi düşüncəyə meylini sənətkarın fəlsəfəçilik meylinin təzahürü kimi mənalandırmır. M.C.Cəfərov ədəbi tənqiddə ilk dəfə olaraq Şahbazı da, İslamı da öz fərdi dünyagörüşləri ilə bir-birindən seçilən, fərdi xarakterə və amallara malik real insan obrazları kimi təsəvvür edir. Elə real insan obrazları ki, bu reallığı zaman və mühit özü doğurmuşdur. M.C.Cəfərovun elmi təfsirində Şahbaz “hələ fəlsəfənin əlifbasını yeni-yeni öyrənməyə meyl gösətərən sadə bir gəncin surəti”dir. O, gənc fəlsəfə maraqlısıdır və “Şahbazı fəlsəfə ilə maraqlanmağa sövq edən səbəb də vətən sevgisidir”. “Qalib gələcəkmi cahanda kamal?” sualı ümumiyyətlə mücərrəd bir fəlsəfəçilik meylinin ifadəsi deyil, İkinci Dünya müharibəsinin insanları müdhiş bir əziyyət qarşısında qoyması ilə bağlı gənc bir vətənpərvərin, həm də fəlsəfəyə meylli gənc bir vətənpərvərin düşüncəsinə, beyninə rahatlq verməyən bir sualdır. Bu sualın bütün mahiyyəti etibarı ilə humanizmə, insana böyük sevgiyə köklənib.
II Dünya müharibəsinin dəhşətlərini kamalın qalib gələ bilməməsi ilə izah edən Şahbazdan fərqli olaraq, İslam “qılınc yazan həqiqətə” inanır. II Dünya müharibəsinin dəhşətlərini öz gözləri ilə görən və bundan təsirlənən iki dostun hər birinin narahatlığı, bu dəhşətlərin qarşısını alacaq çarələr axtarması və tamam fərqli qənaətlərə gəlməsi də təbiidir; dövrün, zamanın reallığıdır. Lakin bunların heç biri müəllif mövqeyinin ifadəsi deyil. Müəllif öz mövqeyini “xalq hikmətinin” təmsilçisi kimi əsərə daxil olan, daha çox şərti obraz səciyyəsi daşıyan Eldarın dili ilə ifadə edir:

Olmazmı qılıncda ağıl kəsəri,
Ağılda bir qılınc kəsəri ola?

M.C.Cəfərovun fikrincə, “İnsan” dramının reallığın bədii ifadəsi olan bir əsər kimi yox, hansısa simvolik ideyaların bədii əksi kimi dərk edilməsi əsərin səhnə təcəssümündə də yanlışlıqlara yol açmışdır. Obrazların məzmunu fərdilikdən sərf-nəzər edilmiş, onlar səhnədə mücərrəd ideyaların simvolları kimi canlandırılmışdır. Bu da nəticə etibarı ilə əsas surətlərin izahında realizmin tələb etdiyi “ən sadə zahiri əlamətlər - yaş xüsusiyyətləri, geyim, qrim və sair əlamətlərin” nəzərdən qaçırılmasına səbəb olmuşdur.

“Açıq kitab”a açıq münasibət

Əlbəttə, 40-ci illərdə M.C.Cəfərovun ədəbi tənqid sahəsindəki fəaliyyəti ancaq teatra, səhnə repertuarına göstərilən xüsusi diqqətlə məhdudlaşmır. “Açıq kitab” (1945), “Hey, hey, yeni dünya!..” (1947), “Yeni həyat, yeni insan, yeni sənət” (1949) məqalələri göstərir ki, tənqidə gəldiyi ilk illərdə də M.C.Cəfərov çağdaş ədəbi prosesin ən müxtəlif problemlərinə və istiqamətlərinə nüfuz etməkdən çəkinməmişdir. Onun tənqidi düşüncəsindəki universallıq bu sahədə fəaliyyət göstərdiyi ilk onillikdən özünü büruzə vermişdir.
Bu mənada bədii nəsr problemlərinə tənqidçinin yanaşmaları orijinallığı və obyektivliyi ilə diqqətəlayiqdir. Bu, xüsusən Mir Cəlalın “Açıq kitab” romanına münasibətdə özünü aydın göstərir. “İnsan” dramı kimi “Açıq kitab” romanı da ədəbi tənqiddə kifayət qədər mübahisə doğurmuşdur. Bəzi hallarda isə ədəbi tənqidin romana münasibəti sərt olmuşdur.
Mir Cəlal tənqidi realizmə aludəçilikdə günahlandırılmış, yazıçının cəmiyyət həyatında müşahidə etdiyi eybəcərliklərə tənqidi yanaşması sosialist gerçəkliyini təhrif və həyatı təsvirdə qeyri-səciyyəvilik kimi qiymətləndirilmişdir. “Sosialist realizminin bəzi məsələləri” məqaləsində M.Arif yazırdı: “Xalauşaqlarını, Şərbətalıları, gəldiyevləri, mirzə qərənfilləri və bu kimilərini sovet oxucularına tez-tez xatırlatmaqla və həm də pis xatırlatmaqla yazıçılar heç də sovet adamlarına kommunist tərbiyəsi vermək vəzifəsini yerinə yetirmirlər; çünki kapitalizm qalıqlarını mühafizə edən bu şəxslər yazıçılarımız tərəfindən qeyri-səciyyəvi, donmuş və dəyişməz halda təsvir edilir, onlar islaholunmaz, tərbiyə qəbul etməz, bir növ konkret ictimai zəmindən məhrum şəkildə göstərilirlər. Sosialist realizmi belə tənqidin əleyhinədir” (Arif M. Göstərilən əsəri. s. 275)
M.C.Cəfərovun isə ümumilikdə “Açıq kitab” romanına və onun əsas mənfi qəhrəmanı Gəldiyevə yanaşması M.Arifinkindən köklü şəkildə fərqlənirdi. O, “Açıq kitab”a nəsrimizdə “həqiqətin üzünə dik baxan bir neçə qiymətli” əsərdən biri kimi dəyər verir, onun mənfi qəhrəmanını “konkret ictimai zəmindən məhrum” bir obraz kimi yox, gerçəkliyin yüksək bədii səviyyədə ümumiləşdirilməsi kimi səciyyələndirir. M.C.Cəfərov cəmiyyəti başına götürmüş gəldiyevçiliyi aşağıdakı kimi xarakterizə edir: “Bir nəfər Gəldiyevin kiçik, murdar güzəranı yüzlərcə gənc istedadların məhv olması, saysız-hesabsız qızların, gəlinlərin ləkələnməsi, onlarca dilsiz körpənin uşaqların göz yaşlarında boğulması, uğursuz xəstəliklərə tutulması hesabına başa gəlir.
“Açıq kitab”da bu həqiqət çox gözəl bədii lövhələrlə təsvir edilmişdir. Kitabın qiyməti də hər şeydən əvvəl burdadır”. İki tənqidçinin eyni bir əsərə bu qədər fərqli münasibətinin səbəbi nədir? Fikrimizcə, birinci və əsas səbəb ictimai-siyasi şəraitlə bağlıdır. M.C.Cəfərovun məqaləsi 1945-ci ildə, M.Arifinki isə 1948-ci ildə yazılmışdır. Məsələ burasındadır ki, bir-birinə yaxın tarixdə yazılmalarına baxmayaraq, bu məqalələr fərqli siyasi və ideoloji şəraitlərin məhsulu kimi meydana çıxmışdır. M.Arifin məqaləsinin ÜİK(b)P MK-nın ədəbiyyat və incəsənət haqqında 1946-1948-ci il qərarlarından sonra yazıldığını nəzərə almaq lazım gəlir. “Zvezda” və “Leninqrad” jurnalları haqqında” (14 avqust 1946-ci il), “Dram teatrlarının repertuarı və onu yaxşılaşdırmaq tədbirləri haqqında” (26 avqust 1946-ci il), “Böyük həyat” kino filmi haqqında” (4 sentyabr 1946-ci il), “B.Muradelinin “Böyük dostluq” operası haqqında” (10fevral 1948-ci il) partiya qərarlarında rejimin ədəbiyyat siyasətinin daha da sərtləşməsi, ədəbiyyatı bütövlükdə və istisnasız şəkildə ideoloji müstəviyə keçirmək tələbi, bu qərarlarda sənətkarlara və tənqidçilərə qarşı yönəlmiş aşkar təhdidlər Azərbaycan ədəbi mühitini, ilk növbədə, tənqidini göstərişlərə (əslində tələb və təhdidlərə) uyğun mövqe nümayiş etdirməyə səfərbər etmişdi. M.Arifin “Açıq kitab” romanının tənqid pafosu, qəhrəmanın xarakteri ilə bağlı səsləndirdiyi fikirlər öz məzmununu, ideoloji əsaslarını birbaşa bu qərarlardan götürürdü. Dram teatrları ilə bağlı qərarda oxuyuruq: “Bu pyeslərdə bir qayda olaraq, sovet adamları eybəcər karikatura şəklində, ibtidai düşüncəli və az mədəniyyətli, meşşan zövqlü və xasiyyətli adamlar kimi təsvir edilir, mənfi şəxslər isə daha bariz xasiyyətli, güclü, iradəli və məharətli göstərilir. Bu cür pyeslərdəki hadisələr çox zaman uydurulmuş və yalan şəkildə təsvir edilir, buna görə də həmin pyeslər sovet həyatı haqqında yanlış, təhrif olunmuş təsəvvür oyadır”.

Əslində, M.C.Cəfərovun da “Açıq kitab”la bağlı təhlilləri romanın ideya-estetik mahiyyətinin açılması mənasında bizi tam təmin etmir. Tənqidçinin şərhlərində Gəldiyev obrazı vasitəsilə müəllifin məqsədinin xalqımızın “xoşbəxt həyatını öz dar, şəxsi mənfəətləri naminə içəridən zəhərləməyə çalışan adamların iç üzünü açıb göstərmək” kimi müəyyənləşməsi bizə mahiyyəti dəqiq ifadə edən yanaşma kimi görünmür. Bu halda romanın prozaik məzmunu irəli keçir. Halbuki, roman öz simvolik - şərti-metaforik məzmunu və fikir qatı ilə bu gün daha çox müasirlik qazanır və müəllifin vətəndaşlıq mövqeyi məhz bu məzmunda daha qabarıq meydana çıxır. Ədəbi tənqiddə “Açıq kitab”a inkarçı yanaşmalar da öz başlanğıcını burdan götürür. Fikrimizcə, Mir Cəlal Kərim Gəldiyevi fərdi xarakterin ümumiləşdirilmiş obrazı kimi yaratmayıb. Onun simasında siyasi rejimin “mənəvi dünyası”nı əks etdirib. Kərim Gəldiyev şərti-metaforik obrazdır. Zamanın xisləti Kərim Gəldiyevin üzərinə köçürülüb. M.C.Cəfərovun “Xalqımızn öz doğma milli mədəniyyətini sürətlə inkişaf etdirməyə başladığı bir zaman”la şər xislətin təcəssümü olan obraz - Kərim Gəldiyev arasındakı ziddiyəti əsərin konflikti kimi təqdim etməsi romanın polifonik məzmununu əks etdirmək gücündə deyil.
Biz bu qənaətdəyik ki, romanın konflikti Vahid-Rübabə cütlüyü ilə Kərim Gəldiyevin arasındakı ziddiyətlər əsasında inkişaf edir. Vahid - Rübabə cütlüyündə milli xarakterdən gələn bəzi səciyyəvi cizgilər əks etdirilmişdir. Onların təmiz sevgiləri də, xarakterlərindəki bütövlük də, milli ənənələrə böyük hörmətlə yanaşmaları da, insanlara saf və təmənnasız münasibətləri də bu ənənədən güc alır. Düşünürük ki,M.C.Cəfərovun “...lakin Rübabə ilə Vahid surətləri son dərəcə zəif, sönük çıxmışdır” qənaəti də romanın konfliktinin düzgün başa düşülməməsindən (bəlkə də başa düşülənin pərdələnməsindən) irəli gəlir. Nə Rübabə, nə də Vahid “zəif, sönük xarakterlər” deyil, gücsüzdürlər.
Onların gücsüzlüyü romanın milli tarixi varlıqla dəyişən zamanın üz-üzə gəlməsindən doğan konfliktin, dəyişən zamanın eybəcər xarakteri zəminində tamamilə məntiqi və başadüşüləndir. Bu obrazların yaradılmasında da yazıçının həyat həqiqətinə sədaqəti bütün çılpaqlığı ilə görünür. Müəllif onları, şişirdilmiş müsbət qəhrəmanlar kimi təqdim etmək fikrindən uzaqdır. Zamanın günü-gündən dəyişən xarakteri Vahidin və Rübabənin xeyrinə deyil. Milli tarixi varlıqdan gələn və Vahidin və Rübabənin xarakterində cəmləşən keyfiyyətlər onların yaşadıqları zamanda təqdir olunmur. Buna görə də onlar getdikcə daha artıq gücsüzləşir və tragik bir həyat yaşamağa məhkum olunurlar.
Lakin indiki halda məsələ romanın konfliktinin və xarakterlərin səciyyəsinin nə dərəcədə düzgün açılıb-açılmamasında deyil. Məsələyə tarixilik prinsipi ilə yanaşanda M.C.Cəfərovun “Açıq kitab” məqaləsində roman haqqında deyilməsi mümkün olan bütün həqiqətlər deyilib və romanda cəmiyyət həyatına tənqidi münasibətin həqiqətdən güc almasına dair həqiqət (öz dövrü üçün tənqidçidən böyük cəsarət tələb edən həqiqət) dilə gətirilib.
Məhz bu cəhət M.C.Cəfərovun sonrakı məqalələrində də - istər elmi-nəzəri və metodoloji istiqamətli, istərsə də ayrı-ayrı sahələri - nəsr, poeziya, dramaturgiya məsələlərini əhatə edən məqalələrində mümkün qədər hifz olunub. Həqiqətə sədaqət, estetikliyi mümkün qədər önə çəkmək meyli tənqidçi üslubunun dominantı rolunda çıxış edib.
M.C.Cəfərovun da məqalələrində partiyanın qərar və qətnamələrindən irəli gələn vəzifələri, ideoloji məsələləri nəzərə almaq tendensiyası var. Bəzi yazılarında hətta bu cəhət ön mövqeyə də keçir. Olsun ki, “Açıq kitab” romanı haqqında məqaləsini o da məlum qərarlardan sonra yazmış olsaydı, bəlkə də müəyyən qədər fərqli məzmunla qarşılaşmış olardıq. Ancaq bir iş də var ki, M.Cəfər qələmində ideolojidən gələnə, siyasi rejimin təlqinlərinə aludəçilik yoxdur. Əksinə, ədəbiyyatın immanent qanunlarına, estetik prinsiplərinə meyl və mətnə nüfuz cəhdi, sözünü, mətləbini bilavasitə mətndən çıxış edərək demək üslubu onun tənqidçi mövqeyində ideolojiyə gözəgörünməz bir müqavimət duyğusu da formalaşdırır.

İsa Hüseynov nəsri və əsəbləri tarıma çəkilmiş tənqid

50-ci illərin ədəbi prosesində gənc nasir kimi İ.Hüseynovun əsərləri diqqəti çəkirdi. İlk hekayələri, “Bizim qızlar”, “Dan ulduzu” kimi povestləri ilə o, ədəbi tənqidin marağına səbəb olmuşdu. Bəlkə də bu illərdə və də sonrakı onillikdə də gənc nasir olaraq İ.Hüseynov qədər eyni zamanda həm tənqid olunan, həm də təqdir olunan yazıçı olmamışdır. Fikrimizcə, 50-ci illərin ortalarına qədər İ.Hüseynovla bağlı tənqidlər, birinci növbədə, həyat materialının bədii əksində sənətkarlığın lazımı səviyyəyə qalxmaması ilə bağlı olmuşdur. İkinci halda, bu tənqidlər yazıçının həyat materialına bir qədər zəif şəkildə olsa da özünü göstərən yeni münasibətinin düzgün başa düşülməməsindən irəli gəlmişdir. Fikrimizcə, “Bizim qızlar” və “Dan ulduzu” povestlərində yazıçı hələ ənənəvi istehsalat mövzusu çərçivəsindədir. Mövzunun bədii həllində ənənəvi prinsiplər də öndədir. Lakin povestlərdə fərqli yazıçı üslubunun stixial elementləri də görünməkdədir. Başqa sözlə, “Bizim qızlar” və “Dan ulduzu”nda mövzuya ənənəvi münasibəti birmənalı şəkildə qəbul etməyən, lakin ona axıra qədər yeni həll verməyə də gücü çatmayan yazıçının yaradıcılıq axtarışları görünməkdədir.
M.C.Cəfərov böyük sənət duyumu, həssas tənqidçi təfəkkürü ilə İ.Hüseynovun Azərbaycan nəsrinə sıradan bir nasir kimi gəlmədiyini ən tez başa düşən və qəbul edən tənqidçilərdən biridir. “Dan ulduzu” (1954), “Doğma və yad adamlar” (1959) məqalələrində M.C.Cəfərovun İ.Hüseynovun yazıçı istedadına dərin inamı duyulur, onun istedadına inandığı gənc nasiri tənqidçi qələminin bütün gücü ilə böyük sənət yoluna çıxarmaq üçün əlindən gələni etməyə hazır olduğu aşkar görünür. Bu məqalələrdə yazıçının “Bizim qılzar”, “Dan ulduzu” və “Doğma və yad adamlar” povestləri təfərrüatlı təhlilə çəkilir.
Fikrimizcə, bu təfərrüat və təfsilatın özü də yazıçı istedadına inamdan güc alır. İ.Hüseynovda, ilk növbədə, tənqidçinin diqqətini çəkən, marağına səbəb olan “onun yaradıcılıq istedadının orijinal xüsusiyyətləri”dir, “sözün həqiqi mənasında obrazlı təfəkkürə malik” olmasıdır. İ.Hüseynovda “hər bir hadisənin mahiyyətinə dərindən nüfuz edə bilən çox incə yazıçılıq müşahidəsinin” görünməsi, “yazıçının canlı dili çox gözəl” bilməsi, “ədəbi dilin bütün qanunlarına riayət etməklə, bu dildən son dərəcə səmərəli istifadə etməyi bacarması” M.C.Cəfərovu təmin edir, həqiqi bir sənətkar olmaq üçün bu cəhətlərin çox vacib keyfiyyətlər olduğunu başa düşən tənqidçi yazıçının yaradıcılığında özünü göstərən qüsurların zaman-zaman, xüsusən tənqid onun yaradıcılığına həssas yanaşıb düzgün istiqamətləndirəcəyi təqdirdə, yazıçının da bu tənqidə həssas yanaşacağı təqdirdə düzələcəyinə inanırdı.
M.C.Cəfərov “Dan ulduzu” povesti haqqında yazırdı: “Mövzu çox əhəmiyyətli və müasirdir, məqsəd çox gözəl və aydındır. Müəllif bundan əvvəl yazdığı “Bizim qızlar” povestində də qarşısına bu cür məqsəd qoymuşdu. Bu povestdə də kolxozçu gənclərin yeni, mədəni baramaçılıq uğrunda mübarizəsi təsvir olunurdu”. Tənqidçinin “Bizim qızlar” və “Dan ulduzu” povestlərinin mövzusunu təqdir etməsi zamanın ədəbiyyat siyasətinin ifadəsidir, mövzunun “əhəmiyyətli və müasir” olması haqqında fikirlər zamanın “həqiqətləri”ni əks etdirir. Ancaq mövzuya müsbət münasibətdə M.C.Cəfərovun təqdir etdiyi başqa həqiqət də var: “Mövzunun xarakteri göstərir ki, burada yazıçı yalnız təsərrüfat hadisələrini və yeniliklərini təsvir etməklə kifayətlənə bilməz. Əsas vəzifə şüurla, mənəviyyatla, bir sözlə, insanla məşğul olmaqdır. “Dan ulduzu” müəllifi də qarşısına belə bir məqsəd qoymuşdur.” Bu artıq bədii mətnə yanaşmada zamanın “həqiqəti”nin yox, sənət həqiqətinin önə çəkilməsidir, sosiolojidən estetikliyə keçidi şərtləndirir. M.C.Cəfərovun İ.Hüseynovun ilk povestlərinin mövzusu ilə bağlı təqdir etdiyi iki cəhəti - əslində bir-birini rədd edən iki cəhəti ortaq məxrəcə gətirmək cəhdi əsərlərin qələmə alındığı zamanın sənətə münasibətdə keçid xarakterli olmasını, dualist münasibətin də buradan irəli gəldiyini işarələyir. 50-ci illərin əvvəllərinin yazıçısı kimi İ.Hüseynov da, 50-ci illərin tənqidçisi kimi M.C.Cəfərov da eyni zamanda sənətdə istehsalat problemlərinin baş məqsədə çevrilməsinin effektsizliyini duymuş, istehsalat problemləri fonunda insan mənəviyyatını önə çəkməyin zəruriliyini başa düşmüşlər. İ.Hüseynov başa düşdüyünə, dərk etdiyinə təcrübəsinin azlığı üzündən mükəmməl bədii həll verməyə çətinlik çəkmişdirsə, tənqidçi də əsəri birbaşa insan mənəviyyatı kontekstinə çıxarmağa bir o qədər çətinlik çəkmişdir. Onun “baramaçılıq uğrunda mübarizə”yə “çox əhəmiyyətli və müasir” mövzu kimi yanaşması da bunun əlamətidir.
Keçid dövrünün tənqidi düşüncəsində “kolxoz təsərrüfatının inkişafı üçün çalışan, köhnəliyin qalıqlarından azad, yeni ruhlu ictimai bir qızın” obrazını ədəbiyyatın müsbət qəhrəmanı kimi təqdir etmək stixiyası qalır. Keçid dövrünün estetik düşüncəsi kimi, tənqidi düşüncəsi də bədii konfliktdə yeniliklə köhnəliyin mübarizəsinə üstünlük verir və bunun həqiqi mənada həyati ziddiyət olduğuna inanır. Xüsusən tənqidi düşüncə “səsi çox uzaqlardan, dərinlərdən gələn patriarxal məişət, köçərilik meylləri, dədə-baba yoluna” gerilik, keçmişin qalığı, yeniliyə mane olan, rədd edilməsi vacib keyfiyyətlər kimi yanaşır. Dədə-baba qaydası ilə yaşamaq, çalışmaq istəyən insana “keçmişin qalığı” kimi baxılır. Onun obrazı bədii əsərdə canlı çıxanda, koloritli çıxanda tənqid buna qısqanclıqla yanaşır, yazıçını yeni həyatın üstünlüklərini qavramağa çətinlik çəkməkdə, mövzuya düzgün bədii həll verməməkdə suçlayır. Köçərilik - yayda yaylağa, qışda qışlağa köçmək maldarlıqla məşğul olanların minillik həyat tərzidir. Buna görə də “kolxozun Əsmər xala kimi çalışqan üzvləri belə hələ də bu köçərilik meyli ilə vidalaşa bilmirlər”. Tənqid “köçəriliyə meyli” insanların təbii məişət həyatı kimi yox, mühafizəkarlıq, gerilik kimi qiymətləndirir; “yeni həyat”ı, onun perspektivlərini başa düşməmək kimi mənalandırır. Buna görə də tənqid Əsmər xala, Fatma və Tamam qarıları müsbət ideya daşıyıcıları kimi təqdir edə bilmir. Bununla belə, bu obrazların reallıqdan güc alan “daha canlı və inandırıcı” xarakterləri bir obraz, xüsusən müsbət qəhrəman kimi “zəif” olan Zərəfşana qarşı qoyulur.
Azərbaycan ədəbiyyatşünaslığı istehsalat qabaqcılına məhz istehsal qabaqcılı olduğu üçün ona sənətdə müsbət rol verilməsinin perspektivsizliyini çoxdan sübut etmişdir. Bu mənada Minayə (“Bizim qızlar”) və Zərəfşan (“Dan ulduzu”) obrazlarında mübət qəhrəman axtarıcılığının ideoloji əsaslara söykəndiyi şübhə doğurmur. Tənqidçiyə görə, müəllif əsərində müsbət qəhrəmanın yaranmasına imkan verən “xarakterik həyat hadisələri” seçə bilməmişdir. Yenə də tənqidçiyə görə, “bu hadisələr məhz elə xarakterik həyat hadisələri və bu insanlar, istər mənfi, istər müsbət, -elə xarakterik insanlar olmalıdır ki, onların arasında, onlarla münasibətdə yazıçının yaratmaq istədiyi ən səciyyəvi, müsbət xarakter özünü göstərməyə imkan və meydana tapa bilsin” (44-45). Sosrealizmin estetik prinsipləri baxımından bu tələb tamam haqlıdır. Lakin bir məsələ var. Ümumiyyətlə, fərdi yaradıcılıq manerasını, həyatı bədii idrakda özünəməxsusluğunu elə ilk əsərlərində bu və ya digər dərəcədə göstərməyə nail olan yazıçının “ən səciyyəvi, müsbət xarakter - qəhrəman” yaratmaq fikri olmuşdurmu? Bəlkə, Minayə, yaxud Zərəfşan İ.Hüseynovun realist qələmində daha çox adi insan, həyati obraz kimi düşünülmüşdür?
Məsələ burasındadır ki, istər Zərəfşan obrazı, istərsə də Nadir və Kərim dayı obrazları ilə bağlı təsvir edilən hadisələrin həyati situasiyalardan doğduğunu, həyat həqiqətinin ifadəsi olduğunu tənqidçi özü də etiraf edir: “Bu təsvirlərin (Zərəfşanla bağlı təsvirlərin - T.S.) qeyri-təbii olduğuna hökm vermək sadəlövhlük olardı... Qoca Kərim dayının bu qayğıkeşliyi də həyat həqiqətidir. Çox təbii və inandırıcıdır. Bu qayğıkeşlik sənətin güzgüsünə düşməyə layiqdir.Üstəlik, burada hər tipi öz dili ilə danışdırmaqda müəllifin ustalığını da qeyd etmək olar”.
Tənqidçiyə görə, yazıçı Zərəfşanı “sənətin böyük tələblərinə görə” canlandıra bilməmişdir. Yaxşı, axı yazıçı bir insan (tənqidçiyə görə - yeni insan) kimi qəhrəmanını görüb, duya bilmişdirsə, Zərəfşanla, eləcə də digər qəhrəmanlarla bağlı təsvirlər həyat həqiqətinin ifadəsi kimi təbii və inandırıcıdırsa, onda tənqidçi nədən narazıdır? Və o “sənətin böyük tələbləri” dedikdə nəyə nəzərdə tutur? Tənqidçinin təhlillərindən görünür ki, Zərəfşan tənqidçinin “müsbət qəhrəman” tələblərinə cavab vermir. Tənqidçi Zərəfşanda “köhnəliklə üz-üzə gələn yeniliyin, xüsusən kəndin yeni gənc qüvvələrinin” ümumiləşdirilmiş obrazını görmək istəyir. Fikrimizcə, Zərəfşanın bu tələbə cavab verə bilməməsinin səbəbi yazıçının sənətkarlıq zəifliyində axtarılmamalıdır. Burda artıq həyat həqiqətinə estetik münasibətdə tənqidiçi ilə yazıçının baxışları haçalanır. Tənqidçi zamanın tələbini, yazıçı isə sənətin qanunlarını, onun insanı insan kimi - bütün mürəkkəbliyi, ziddiyətləri, başqa sözlə, öz təbiliyində canlandırmaq prinsipini önə çəkir. Tənqidçinin Zərəfşan obrazının xarakterinə “yüngüllük” gətirən, müsbət qəhrəmana yaraşmayan hərəkətlər hesab etdiyi situasiyalar, yazıçı üçün qəhrəmanın təbiiliyini, həyatiliyini şərtləndirən əlamətdar cəhətlər kimi qəbul edilir. Hiss olunur ki, yazıçı yaratdığı obraza müsbət qəhrəman səciyyəsi vermək üçün əlavə bəzək-düzək vurmaqdan şüurlu şəkildə qaçır. Tənqidçi hər iki povestin əsas qəhrəmanlarını - Minayəni və Zərəfşanı müqayisə edir və belə qərara gəlir ki, “...Zərəfşan bir müsbət surət kimi Minayəyə nisbətən zəifdir”. Şübhəsiz ki, tənqidçi bu cəhəti gənc yazıçının yaradıcılığında geriyə doğru addım, ümumən isə sənətkarlıq qüsuru hesab edir. Diqqət edilsə, Minayə və Zərəfşan obrazları və ümumiyyətlə, İ.Hüseynovun bu povestləri ilə bağlı deyilən qüsurların, demək olar ki, hamısı “müsbət qəhrəman” məsələsi ilə bağlıdır. Sosrealizmin “müsbət qəhrəman” parametrləri ilə yanaşanda, M.C.Cəfərovun Zərəfşanı Minayəyə nisbətən zəif hesab etməsi tamamilə qanunauyğun görünür. Ancaq bədii yaradıcılığa gəldiyi ilk əsərlərindən etibarən yazıçının əsərdən əsərə öz prinsiplərini daha inadla sənətə tətbiq etdiyini də düşünmək olar. Məsələn, düşünmək olar ki, “Bizim qızlar”da “Dan ulduzu”na nisbətən yazıçı daha çox sosrealizm prinsiplərindən çıxış edirdi və yaxud əksinə, “Dan ulduzu”nda o, daha artıq sərbəstlik nümayiş etdirə bilmiş, öz aparıcı qəhrəmanını bu metodun prinsiplərinə tabe tutmağa o qədər meyl etməmişdir. Əslində bu proses şüurlu yaradıcılıq addımı kimi yox, bədii istedadın realist qələmə təlqinləri şəklində, stxial olaraq baş vermişdir. Öz estetik təfəkkür tərzi ilə həyatiliyə meylli olan yazıçı qəhrəmanını ideolojinin reseptləri əsasında yox, gördüyü, müşahidə etdiyi həyati situasiyalar, canlı insanlar üzərindəki müşahidələri əsasında yaratmışdır. Bu mənada, heç şübhəsiz ki, “Bizim qızlar”a nisbətən “Dan ulduzu”, Minayəyə nisbətən Zərəfşanı bədii nəsrimizdə, eləcə də İ.Hüseynovun yaradıcılığında irəliyə doğru hərəkətin nəticəsi saymaq mümkündür.

Müşahidə edirik ki, İ.Hüseynovun yaradıcılıq təcrübəsi artdıqca, o, yeni-yeni əsərlər yazdıqca ədəbi tənqidin daha sərt reaksiyaları ilə üzləşir. Yazıçı “Bizim qızlar”a nisbətən “Dan ulduzu”, “Dan ulduzu”na nisbətən “Doğma və yad adamlar”la bağlı daha ciddi tənqidlə qarşılaşır. Tənqid və yazıçı münasibətlərində paradoksallıq artmağa başlayır və yazıçının həyat hadisələrinə münasibətinin xarakteri tənqidin aktiv etirazına səbəb olur. “Doğma və yad adamlar” povestini oxuyandan sonra M.C.Cəfərov yazırdı: “Sizə nə olmuşdur? Əvvəlki əsərlərinizdə geniş həyat üfüqləri, zəhmət, fəaliyyət, mübarizə meydanı var idi. Burada isə nəinki qəhrəmanlarınız, heç oxucu xəyalı da tərpənməyə yer tapa bilmir” (282). Tənqidin mövqeyini qəbul etsək, düşünməliyik ki, İ.Hüseynov əsərdən-əsərə geri gedir. Çünki “Yanar ürək” romanı da müəyyən mənada, belə də deyə bilərik ki,tənqidin əsəblərini tamam tarıma çəkmiş, yazıçı həyat həqiqətini təhrifdə suçlanmışdı. “Doğma və yad adamlar”, bəzi məqamlarda “Yanar ürək”lə, hətta “Tütək səsi” ilə müqayisədə tənqidin “Bizim qızlar” və “Dan ulduzu” povestlərinə üstünlük verməsinə yazıçının yaradıcılıq yoluna obyektiv qiymət kimi yanaşmaq olarmı? Tənqid nə üçün yazıçını həyat həqiqətini bədii inikasda “bundan əvvəl” (“Doğma və yad adamlardan əvvəl” - T.S) yazdığı” əsərlərdəki inikas prinsiplərini davam etdirməyə çağırırdı? M.C.Cəfərov yazırdı: “Bizim arzumuz budur ki, bundan əvvəl yazdığınız əsərlərdə olduğu kimi, həyat adamları necə tərbiyə edirsə, siz də onu oldğu kimi göstərməyə çalışasınız” (283). Tənqid bu mövqeyində haqlı idimi? Axı deyirlər, zaman ən yaxşı tənqidçidir. Müasir ədəbiyyatşünaslıqda “Bizim qızlar” və “Dan ulduzu”na nisbətən “Doğma və yad adamlar”da, sonuncu ilə müqayisədə “Yanar ürək”, “Tütək səsi”, “Teleqram”da yazıçının yeni yaradıcılıq üfüqlərinə çıxması, nəsrimizdə “insan amilini, şəxsiyyət başlanğıcı”nı önə çəkən, əsaslandıran psixoloji nəsrin ən uğurlu nümunələrini yaratması birmənalı şəkildə qəbul olunmuşdur. Onda bəs nə üçün tənqidçi hətta 1965-ci ildə, ədəbiyyatımızın və eləcə də tənqidimizin yenə keyfiyyət mərhələsinə daxil olduğu illərdə belə, “Doğma və yad adamlar”ı, “Tütək səsi”ni varlığa subyektiv münasibətdə suçlayır, “Telqram”ı kəndi birtərəfli, tufeyliliyi “ilk planda təsvir” edən, “yeknəsəq bədii priyom”la, “süni süjet quruluşu”nda yazılmış yazılmış əsərlərdən sayır?
“Doğma və yad adamlar” povestinə həsr edilmiş məqalədə biz bu suala əhatəli cavab tapırıq. Məlum olur ki, həyat həqiqətinin bədii həqiqətə çevrilməsi məsələsində yazıçı ilə tənqidçi arasında hələ sənətkarın ilk əsərlərinə münasibətdə özünü göstərən haçalanma, fikir ayrılığı getdikcə dərinləşir. Bir növ, yazıçı tənqidin tövsiyələrini qulaqardına vurur. Özünün bədii inikas prinsiplərinin arxasınca gedir. Tənqidin təlqin etdiyi prinsiplərə yox, özünün dünyaduyumuna axıra qədər sadiq qalan yazıçı tənqidçilərin sərt tənqidi ilə üzləşir. Tənqid etiraf edir ki, “Doğma və yad adamlar”da bizi kifayətləndirməsə də, qənaətləndirməsə də müəyyən fikir də vardır, obraz da, xarakter də, hisslər də. Məişət təsviri də var, dramatizm də var, konfliktdə. Məhəbbət də var, nifrət də” (276).
Deməli, əslində, əsərdə həyatın mükəmməl bədii təsviri var. Bəs nə üçün əsər sərt tənqidə məruz qalır? Tənqidin məntiqinə görə, əsərdə hər şey var, ancaq “müasir həyata vüsətli baxış” yoxdur. “Həyatı sənət əsərində canlandırmağa qadir olan bir qələmin özünə görə iqtidarı çox aydın hiss olunan” “Doğma və yad adamlar”da tənqidin görmək istədiyi nədir? “Müasir həyata vüsətli baxış” deyəndə tənqid nəyi nəzərdə tutur? “Bu vüsətli baxış” naminə İ.Hüseynov nə etməlidir? M.C.Cəfərov yazır: “Nailə, bu gənc fəhlə qız, həyatında bir səhv addım atmış olsa da, sarsılmamalıdır. Hər bir çətinliyə üstün gəlməlidir. Qoy, Nailə surətində bizim cəmiyyətimizdə sadə adamların, fəhlələrin, siravi kolxozçuların və xüsusən əli qabarlı zəhmətkeş qadınların nə qədər böyük qayğılarla əhatə edildiyini, necə sürətlə inkişaf etdiyini, ictimai həyatda necə yüksək mövqe tutduğunu, necə ali dərəcəyə çatdığını və həm də bu yolun mürəkkəbliyini göstərsin. Nailənin hələ sovxozda işlərkən oradakı fəaliyyəti, zəhməti, nəcabəti, zəhmət adamına məxus yüksək sadəliyi və möhkəm iradəsi diqqəti cəlb etməlidir. Nailə şəhərə gələndən sonra bu istedad, qabiliyyət, bacarıq, fədakarlıq, ləyaqət daha parlaq təzahür etməlidir, yeni şəraitdə inkişaf etmək üçün daha müsbət zəmin tapmalıdır. Sosialist şəhəri bu sadə ictimai faydalı insanı daha geniş qayğı ilə əhatə etməlidir. Nailə Vahidin arxasınca yox, Vahid Nailənin arxasınca getməlidi”.
Tənqidçi fikrində davam edərək yazır: “Əlbəttə, bunlar göstəriş deyil, arzulardır”. Biz düşünmürük ki, bunlar tənqidçinin yazıçıya tövsiyələri, arzularıdır. Tənqidçinin mülahizələrinin ahəngində hökm var. Bunlar arzu deyil, reseptdir. Tənqidin necə əsər yazmaq, həyatı necə görmək, obrazı necə təsəvvür etmək lazım olduğu barədə qəti göstərişlərdir. Bu mülahizələrdə sosrealizmin müsbət qəhrəman tələbinin birmənalı sxemi var. Bu yolla gedən yazıçının canlı, həyati İnsan obrazı yaratması mümkün deyil. Məqalənin 1959-cu ildə yazıldığını nəzərə alsaq, hətta yazıçı qarşısına qoyulmuş tələbləri zamanın “həqiqətləri” kimi də dəyərləndirmək olmaz. Çünki Stalin rejiminin çöküşündən sonra, xüsusən 50-ci illərin sonlarına doğru ədəbiyyatımız yeni keyfiyyət mərhələsinə daxil olmuşdu, sənətin həyat həqiqətinə münasibəti yeni keyfiyyət mərhələsinə keçmişdi. Tənqid bunu görməyə, duymağa borclu idi. Bu mənada “Doğma və yad adamlar”a bu rakursda yanaşmanı tənqidin estetik düşüncədən geridə qalmasının və yaxud stereotiplərdən qurtara bilməməsinin nəticəsi hesab etmək olar.
Lakin bu da danılmaz bir həqiqətdir ki, güclü tənqid güclü ədəbiyyatla müvazi yaranır. Şübhəsiz ki, Belinski tənqidini Puşkin, Qoqol yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Bu mənada 50-ci illərin sonu, xüsusən 60-ci illərdə estetik fikrin irəliyə doğru hərəkəti ədəbi tənqidə də təsirsiz qalmadı.

Həyat həqiqətinin estetik həqiqət kimi
dərki istiqamətində ciddi addımlar

50-ci illərin sonu, 60-ci illərdə bədii nəsr məsələlərinə həsr etdiyi çoxsaylı məqalələr ümumilikdə Məmməd Cəfər tənqidinin həyat həqiqətinin estetik həqiqət şəklində dərki istiqamətində ciddi bir təkamül yolu keçməsi haqqında fikir söyləməyə əsas verir. “Doğma və yad adamlar”, “Əməlpərvər ədib”, “Romanlar müəllifi”, “Yazıçı-tərbiyəçi”, “Mənalı konfliktlər”, “General” romanı və müharibə mövzusu”, “Müasir kəndin təsviri”, “Ədəbiyyatımızn yeni nəsli”, “Yüksək sənətkarlıq uğrunda”, “Bir mübahisə münasibətilə”, “Xalqla bir cəbhədə” məqalələrində bədii nəsrimizin müxtəlif keyfiyyət mərhələləri və nümayəndələrinin yaradıcılığı haqqında əhatəli və dolğun təsəvvür yaradılır. Bu məqalələrdə nəsrin irəliyə doğru hərəkətini fərqli janrların - hekayənin, povest və romanın, həmçinin fərdi üslubların, hətta üslub təmayüllərinin kontekstində izləmək mümkündür.
Məmməd Cəfər tənqidində deyilməsi vacib olan həqiqət deyilməsi mümkün olan elmi həqiqət şəklində ifadəsini tapıb.
Bu isə o deməkdir ki, bu tənqiddə zamanın “həqiqətləri” ilə sənətin həqiqətləri həmişə üz-üzədir. M.C.Cəfərovun tənqidçi xarakterini səciyyələndirən ən əsas cəhət də ondan ibarətdir ki, bu mübarizə prosesində sənət həqiqəti zamanın “həqiqəti”nə heç vaxt qurban verilmir. Bəlkə də belə demək olar ki, zamanın “həqiqətləri”nin dilə gətirilməsi sənətin həqiqətlərini demək üçün vəsilə olur.
Fikrimizin təsdiqi mənasında “Ədəbiyyatımızın yeni nəsli” və “Yüksək sənətkarlıq uğrunda” məqalələrinə daha təfərrüatlı nəzər salaq. 1962-ci ildə yazılmış birinci məqalə aşağıdakı cümlə ilə başlayır.: “Ədəbiyyatımızın yeni, üçüncü nəsli yetişir” (81). Tənqidçi elə bu cümlə ilə həm tədqiqatının obyektini, həm də məramını müəyyənləşdirir: Ədəbiyyata gələn yeni qüvvələrin yaradıcılığı haqqında qənaətlərini əks etdirmək; yeni nəsil yazarların yaradıcılığındakı müsbət tendensiyalara və qüsurlu hallara diqqət çəkmək. Təbii ki, əsas məqsəd ədəbi prosesin inkişafına təkan verməkdir. Bu məqalədə ədəbi proses həm nəsr, həm də poeziyanın hərəkəti istiqamətində izlənir. M.C.Cəfərov bu məqalədə Ə.Hacızadə, Y.Səmədoğlu, Anar, A.Əfəndiyev, Ş.Fərzəliyev, Ç.Hüseynov, T.Əfəndiyev, Ə.Hacıyev, Ə.Mirzəcəfərli, Ç.Ələkbərzadə və eləcə də bədii nəsrimizdə imzaları yenicə görünməyə başlayan digər nasirlər haqqında fikir söyləyir. O qədər də böyük olmayan məqalədə yeni nəsil şairlərinin də yaradıcılığının zəngin palitrasının yaradıldığını nəzərə alsaq, tənqidçinin ədəbi prosesə həssas münasibətini, nəsrin və poeziyanın irəliyə doğru hərəkətini ümumiləşdirmək bacarığını xüsusi qeyd etməliyik. Onu da qeyd edək ki, tənqidçi “ümumi sözlər olmasın deyə, gənclərə fərdi yanaşmağı” lazım bilmiş, məhz bu yolla “onlar hərəsinin özünəməxsus yaradıcılıq müvəffəqiyyəti və kəsirləri”ni müəyyənləşdirməyi nəzərdə tutmuşdur. İlk diqqəti çəkən cəhət tənqidçinin yeni nəsil sənətkarlarının yaradıcılıq laboratoriyasına yetərincə bələdliyidir. Hələlik daha çox hekayə “orbiti”ndə fırlanan bu gənclərin əsərlərinin fərdi üslub, fərdi yazı manerası kontesktində qiymətləndirilməsi, şübhəsiz ki, tənqidçinin ədəbi prosesə yeni rakursdan, yeni baxış bucağı ilə yanaşmasının əlamətidir. Müəllif güzəştsiz təhlil aparır, Ə.Hacızadə, Anar, Y.Səmədoğlu, Ç.Hüseynov kimi sonradan məşhur Azərbaycan nasirləri kimi tanınan sənətkarların, eləcə də imzasını sonradan təsdiq edə bilməyənlərin yaradıcılığının çox qısa, lakin olduqca elmi xarakteristikasını verir. Bir nasir kimi onların ümid verən cəhətləri ilə yanaşı, gələcəkdə inkişaflarına mane ola biləcək xüsusiyyətlərə də diqqət yetirir. Məsələn Ə.Hacızadənin hekayələrində dilin emosionallığı, yığcamlığı, işlənməmiş mövzular tapmaq bacarığı, obrazların “fikir və hisslərini verməyə xüsusi səy” göstərilməsini dəqiq müşahidə edib ümumiləşdirən tənqidçi onun bəzi hekayələrində, xüsusən “Ağ saçlı qızın hekayəsi”ndə yazıçının ifrat sentimentalizmə qapılmasına, həm təsvir üsulunun məhdudluğu, həm də təsvir edilən hadisələrin qeyri-təbiiliyi, inandırıcı olmaması, qəhrəmanların, xüsusən ona xəyanət etmiş nişanlısının yolunu on yeddi il gözləyən qızın xarakterinin qeyri-səciyyəviliyinə dair tənqidi mülahizələr söyləyir.
Şübhəsiz ki, yazıçının yaradıcılıq yoluna qiymət vermək kifayət qədər çətin, həm də məsuliyyətlli bir işdir. Bu çətinlik də, məsuliyyət də ordan irəli gəlir ki, tənqidçi öz arqumentləri ilə həm yazıçını, həm də oxucunu müşahidə və ümumiləşdirmələrinin dəqiqliyinə inandırmalıdır. Burda uğur qazanmağı, ilk növbədə, tənqidçi istedadı müəyyənləşdirir. İkinci halda isə sənətkarın yaradıcılıq yolunun hər bir faktına yetərincə bələd olmaq əsas şərtlərdəndir. Fikrimizcə, 60-ci illərdə qələmini nəsr sahəsində də sınayan, sonralar tənqidçi kimi məşhurlaşan Asif Əfəndiyevin hekayələri haqqında M.C.Cəfərovun müşahidələri ədəbi prosesə həqiqi tənqidçi münasibətinin nümunəsi kimi qiymətləndirilə bilər: “Elə gənc nasirlər də var ki, məsələn Asif Əfəndiyev kimi, onların hekayələrində psixoloji analiz, insan qəlbinin gizli hərəkətlərinin təsvirinə az diqqət yetirilir. Asif Əfəndiyev çox yazır, həyatın müxtəlif sahələrindən yaxşı mövzular axtarıb tapır, lakin həyat materailını dərindən mənimsəməyə və bu materialı yüksək bədii formada ifadə etməyə az fikir verir. Buna görədir ki, onun hekayələrində fabula, süjet quruluşu, kompozisiya çox zaman zəif olur. Çox zaman gənc nasirin bədii qayəsi ilə həyat materialı, xarakterlə süjet uyğun gəlmir”.
Tənqidçi haqlı olaraq, bədii qayəyə münasib həyat materialı intixab etməyi tövsiyə edir. Hekayə janrında “çoxsurətlilik, çox materiallılıq ”, başqa sözlə, süjeti lüzumsuz təfərrüatlarla yükləməyin, əsas əhvalatı kənar əhvalatlar içərisində itirib batırmağın işin xeyrinə olmadığını inkaredilməz dəlillərlə sübut edir. M.C.Cəfərov gənc nasirləri məqsəd aydınlığına çağırır. Ç.Ələkbərzadənin yaradıcılığı üzərindəki müşahidələri onu belə bir qənaətə gətirir ki, yaradıcılıq müşahidəsi və istedad, hətta mövzu seçiminin dəqiqliyi belə, məqsəd aydınlığı olmadan lazımi səmərə verə bilməz.
“Yüksək sənətkarlıq uğrunda” məqaləsi 1965-ci ildə yazılmışdır. Ədəbi icmalın mükəmməl nümunəsi olan bu məqalədə tənqidçi son illər bədii nəsrimizlə bağlı müşahidə və qənaətlərini ümumiləşdirməyi əsas məqsəd kimi götürmüş və “Ədəbiyyatımızın yeni nəsli”ndən fərqli olaraq burada nəsrimizin inkişafını mövzu və problematika kontekstində izləməyi nəzərdə tutmuşdur. Məqalədə 60-ci illərdə Azərbaycan nəsrində kolxoz kəndi, fəhlə həyatı, Böyük Vətən müharibəsi, inqilab uğrunda mübarizə, ailə-məişət, mənəvi-əxlaqi problemlər, tarixi və s. mövzularda yazılmış hekayə, povest və romanlar təhlil süzgəcindən keçirilmişdir.
Məqsədimiz, əlbəttə, məqalənin təfsilatlı təhlilini vermək deyil. Heç müəllif də öz məqaləsində ayrı-ayrı əsərlərin təfsilatlı təhlilini vermək fikrində olmamışdır. M.C.Cəfərovun bu məqaləsi nəsrin hərəkətinə tam yeni bir rakursdan yanaşması ilə diqqəti çəkir. Mövzuların işlənilməsi baxımından ayrı-ayrı sənətkarların yaradıcılığında müşahidə olunan novator cəhətlər qeyd olunandan sonra, müəllif nəsrin ayrı-ayrı janrlarında sözü gedən mövzuların işlənməsində nəzərə çarpan sənətkarlıq qüsurlarını tipoloji ümumiləşdirməyə cəlb edir. Bu ümumiləşdirmə kifayət qədər dərin və ciddidir. (Ümumiləşdirmənin ciddiliyini və dərinliyini müəllifin öz mülahizələrini çoxsaylı əsərlərdən aldığı təəssürat üzərində qurması şərtləndirir). Çoxsurətlilik və əhvalatçılıq (kiçik bir povestə sığa bilən hadisəni şişirdib roman etmək və ya kiçik bir hekayə materialını yersiz, namünasib təfərrüatla ağırlaşdırıb povest etmək meyli), mənfi-müsbət surətlərin “tənasübünü” gözləmək kimi köhnəlmiş olan bir ənənə, tez-tez “tənqidi haşiyələr”ə çıxmaq səyi, dildə məhəlliçilik tənqidçinin bədii nəsrimizdə müşahidə etdiyi köklü sənətkarlıq qüsurları arasında yer alır. Bədii nəsrimizdə müşahidə olunan bu və ya digər qüsurları ümumiləşdirərkən tənqidçi əsasən sənət həqiqətindən çıxış edir. Məqalənin, eləcə də M.C.Cəfərovun tənqidi irsinin müasirliyini şərtləndirən əsas və aparıcı təmayül, tendensiya da məhz bundan ibarətdir.
Lakin məqalədə tənqidçinin bədii nəsrimizdə qüsurlu hal hesab etdiyi bəzi məsələlərlə razılaşmaq mümkün deyil. Tənqidçi yazır: “Həyatda yazıçının müşahidə etdiyi bütün həqiqətlər, gerçəkliklər sənətin predmeti ola bilər. Bir şərtlə ki, bunlar həyat gücü olan həqiqətlər olsun. Həyatda həyati əhəmiyyətini, həyat gücünü itirmiş olan “gerçəkliklər” də vardır ki, onları yenidən sənətdə canlandıranda, həm də qüdrətli qələmlə, müsbət planda bədii həqiqət şəklinə salanda, sənət həyati əhəmiyyətini itirmiş olan bu gerçəkliyə yenidən həyat gücü verir. Həyat həqiqətlərini müşahidə edən yazıçı məhz bu yerdə diqqətli olmalı, həyat gücünü itirmiş olan lüzumsuz fərdi gerçəkliklərə yenidən sənət vasitəsilə həyat gücü, canlı həyat həqiqətləri şəkli verməməlidir”. Bu mülahizə sənət estetikası baxımından heç bir tənqidə dözmür. Çünki həyat həqiqəti birdir və o, həyatda mövcud olanı nəzərdə tutur. Burda söhbət həyat həqiqətinin tipik və yaxud qeyri-tipik olmasından da getmir. Əslində, tənqidçi həyat həqiqətini “sosialist gerçəkliyi”nə müncər edir və yalnız onu sənət həqiqətinə çevirməyin lüzumundan söhbət açır. M.C.Cəfərovun nəzəri mülahizəsini əsaslandırmaq üçün bədii əsərlərdə yer alan, lakin yer almasını qətiyyən lazımlı hesab etmədiyi həqiqətlər də (qız qaçırmaq, bəyi güləşməyə dəvət etmək, yas yerlərində ağı deyib ağlamaq və s.) sübut edir ki, o, bəzi hallarda və təbii ki, tam yanlış olaraq milli həqiqətləri zamanın “həqiqətləri”nə qurban verir.
M.C.Cəfərov müasir bədii nəsrin klassik milli nəsr ənənələri əsasında inkişaf etməli olduğunu söyləyəndə, heç şübhəsiz ki, haqlıdır. Milli ənənədən kənarda novatorluq yoxdur. Lakin milli ənənəyə istinad dünya nəsr təcrübəsinə istinadı, dünya nəsrində gedən prosesləri mənimsəyib milli nəsrə tətbiq etməyi inkar etmir. Nəsrin axtarışlarında bu proses qaçılmazdır. Tənqidçi bədii nəsrdə rəmzi-sözaltı mənaya artan meyli realizmdən uzaqlaşmaq kimi təsəvvür edir və 60-ci illər nəsrində görünməyə başlayan bu tipli təsvir üsullarına tənqidi yanaşır. Halbuki, bu tendensiya 60-ci illər nəsrində dünya nəsr təcrübəsinə istinadın, uğurlu sənətkarlıq axtarışlarının nümunəsi kimi qiymətləndirilməlidir.


Poeziyanın novatorluq axtarışları və
Məmməd Cəfər tənqidi

M.C.Cəfərov tənqidində poeziya məsələləri də əhəmiyyətli yer tutur. “Şairin düşüncələri” (1956), “Böyük vətəndaş” (1957), “Rəsul Rza” (1960), “Əsil sənət yollarında” (1966), “Ədəbiyyatımızın yeni nəsli” (1962), “Həyat hadisələrinə yeni münasibət mühüm şərtdir” (1960), “Şeirimiz son beş ildə” (1971) məqalələrinin yazılış xronologiyası bizə əsas verir, deyək ki, M.C.Cəfərov poeziya məsələlərinə yaradıcılığının ikinci mərhələsində daha artıq diqqət yetirmişdir. Mahiyyətcə bu, o demək idi ki, 50-ci illərin sonu, 60-ci illərdə M.C.Cəfərov tənqidinin əhatə dairəsi genişlənmiş və ədəbi təsərrüfata bütövlükdə nüfuz etmək imkanına və iqtidarına malik olmuşdur. Poetik təsərrüfata sistemli nüfuzu 50-ci illərin ortalarından başlasa da Səməd Vurğun haqqında yazdığı iki məqalə (“Şairin düşüncələr”i, “Böyük vətəndaş”), “Rəsul Rza” və eləcə də O.Sarıvəllinin yaradıcılığına həsr olunmuş “Əsil sənət yollarında” məqalələri göstərir ki, tənqidçi ümumən sovet dövrü Azərbaycan şeirinin inkişaf təmüyüllərini izləməyə və ayrı-ayrı sənətkarların yaradıcılığındakı əlamətdar keyfiyyətləri müəyyənləşdirməyə çalışmışdır.
Maraqlıdır ki, “Böyük vətəndaş” və “Şairin düşüncələri” məqalələrində böyük sənətkarın yaradıcılığına iki əks qütbdən baxış aşkar görünür. Birinci məqalədə S.Vurğun şeirində sosializm-leninizm ideologiyasına xidmət edən məfkurəvi əsasların tapılıb ortalığa çıxarılması sanki tənqidçinin əsas məqsədinə çevrilir və belə qərara gəlir ki, “Səməd Vurğun şeirində tərənnüm edilən əsas aparıcı ideya sosializm ideyaları, marksizm-leninizm ideyalarıdır” (214). Lakin “Şairin düşüncələri” məqaləsi S.Vurğun şeiri haqqında bizə tamam başqa həqiqətləri təlqin edir. Şairin düşüncələrinin əsasında azərbaycançılıq ideologiyası dayanır. Tənqidçi S.Vurğunu bütün varlığında milli ruhu yaşadan və bu ruhu yaradıcılığında böyük sənətkarlıq və cəsarətlə əks etdirən ölməz sənətkar kimi xarakterizə edir. “Səməd Vurğun Azərbaycana təkcə bir şeir həsr etməmişdir. Onun bütün yaradıcılığı Azərbaycana həsr edilmişdir”. Bu mülahizə mahiyyətcə “Səməd Vurğun şeirində tərənnüm edilən əsas aparıcı ideya, sosializm ideyaları, marksizm-leninizm ideyalarıdır” tezisini tamamilə təkzib etmək deməkdir. Bu təkzib həm də o mənada əsaslıdır ki, “Sənət düşüncələri” məqaləsində S.Vurğun şeirinin Azərbaycançılığa söykənən əsasları, başqa sözlə, milli məzmunu ən incə təfərrüatlarına qədər araşdırlır. M.C.Cəfərov “onun əsərləri başında şərəfli bir tarix dolanır ki, bu onun mənsub olduğu xalqın tarixi və bu günkü varlığıdır” tezisinin, zamanına görə böyük cəsarət tələb edən tezisinin bədii həqiqət şəklində S.Vurğun poeziyasından əsas və aparıcı bir xətt kimi keçdiyini zəngin material əsasında sübut edir. M.C.Cəfərov S.Vurğun şeirindən “mənim vahid vətənimsə dörd hərfli SSRİ-dir” şəklində keçən zamanın “həqiqəti”nə qarşı, Vurğunun təkcə dramaları xalqı tanımaq, sevmək və onun qəhrəman keçmişini düzgün qiymətləndirmək nöqteyi-nəzərindən çoxcildli yazılı mənbələrdən qat-qat artıq məlumat, bilik və təsəvvür verə bilər” kimi elmi bir həqiqəti qoyur və bu fikrini S.Vurğunun yaradıcılığından gətirdiyi aşağıdakı tipli sitatlara - bədii materiala söykənərək əsaslandırır:

Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı!

Məmməd Cəfərin “Rəsul Rza” məqaləsində şairin yaradıcılıq yolunun inkişaf mərhələləri haqqında dolğun təəssüratla bərabər, sərbəst şeir, onun tarixi, nəzəriyyəsi, poetikası, Azərbaycan sovet şeirinin üslubları ilə bağlı elmi-nəzəri mülahizələr də əsaslı şəkildə yer alır və əslində portret-oçerk kimi nəzərdə tutulmuş bu yazı 30-cu illərdən 50-ci illərin sonlarına qədərki Azərbaycan şerinin mənzərəsi haqqında təsəvvür yaradır.
Məlumdur ki, Azərbaycan şeirinin və tənqidinin tarixində sərbəst şeirə münasibət birmənalı olmamışdır. Xüsusən 20-30-cu illərdə sərbəst şeiri Azərbaycan şeirinin milli vəzninə - hecaya qarşı qoymaq tendensiyası - proletkultçuluqdan güc alan bir tendensiya mövcud olmuşdur. Müəyyən mənada bu hətta ədəbi bir qarşıdurmaya da gətirib çıxarmışdır. M.C.Cəfərovun sərbəst şeirə münasibəti bu qeyri-sağlam tendensiyadan uzaqdır. Sərbəst şeir onun üçün milli vəznə qarşı duran bir şeir təmayülü yox, milli poeziyaya dünya ədəbi təcrübəsindən gələn və zamanın bədii düşüncəsinin irəliyə doğru hərəkətini şərtləndirən estetik hərəkatdır. Bu hərəkatı düzgün istiqamətləndirmək ədəbi tənqidin borcudur. M.C.Cəfərov belə qənaətə gəlirdi ki, “...20-ci illərin axırı və 30-cu illərin əvvəllərində bizdə “sərbəst şeir” hələ öz milli koloritini, milli xüsusiyyətlərini axtarırdı, möhkəm surətdə əsaslanmalı olduğu ədəbi ənənələri axtarırdı”, həm də bir qədər inadkarlıqla axtarırdı.” Tənqidçinin ikinci əsas qənaətinə görə, “bu inadkar axtarış” öz səmərəli bəhrəsini yalnız 50-ci illərdə verdi və “sərbəst şeir sahəsində belə bir müvəffəqiyyətin əldə edilməsində Rəsul Rzanın xidməti çoxdur”. Məqalədə sərbəst şeirin milli ədəbiyyatda özünün orijinal keyfiyyətlərini yaradana qədər, xüsusən R.Rza şeirinin timsalında keçdiyi yolun eniş və yoxuşları, şairin fərdi üslubunun müəyyənləşməsindəki uğurlar və sapmaların estetik qanunauyğunluqları əhatəli şərhini tapır.
Ədəbi icmal janrında yazılmış “Ədəbiyyatımızın yeni nəsli”, “Şeirimiz son beş ildə” məqalələrində tədqiqat predmetinin tələbinə uyğun olaraq M.C.Cəfərovun müxtəlif ədəbi nəsillərin, xüsusən gənc yazarların yaradıcılığına tələbkar, obyektiv, həssas yanaşma ilə bərabər, estetikliyi birmənalı meyara çevirməsi onun tənqidçi təfəkkürünün 60-ci illərdə artıq sosioloji-ideoloji qiymətləndirməyə müxalif bir düşüncəyə kökləndiyini nümayiş etdirir. Məmməd Cəfər yaradıcılığındakı aparıcı keyfiyyətlər - metodoloji-sağlamlıq, elmi-nəzəri dolğunluq və bütün bunların şərtləndirdiyi estetikliyin ön plana keçməsi “ömrün əsən yellərinə istedad yelkəni ilə sinə gərməyin” (Ç.Aytmatov) nəticəsi idi. “Ömrün əsən yellərinə istedad yelkəni ilə sinə gərmək” bacarığı onun tənqidinin həmişəyaşarlığına təminat verən əsas amildir.