Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Xəyal RZA

Günel ANARQIZI

MƏLƏKLƏRİN MƏSKƏNİ

EYVAZ ZEYNALOVUN «NƏVƏ» HEKAYƏSINƏ YAZILAN MÜƏLLIF SONLUQlARI

Mehmet Ömer KAZANCI

KERKÜK BİR ÂŞIĞINI DAHA KAYBETTİ

Elbəyi CƏLALOĞLU

Yaşar QASIMBƏYLİ 

TƏNHA TƏNQİDÇİNİN ƏFSANƏSİ

Gülnar SƏMA

Elnarə NUR

Elnur SÜLEYMANLI

Rüfət AXUNDLU

Nəbi HÜSEYNLİ

Zərəngiz Dəmirçi QAYALI

Alpay AZƏR

MİZANTROPİK MƏQAMLAR

Elman TOVUZ

Mahir HƏMZƏYEV

MÜASİR LİTVA NOVELLASINDAN NÜMUNƏLƏR

Əziz MUSA

ZIRVƏDƏN DÜNYAYA BOYLANAN INSAN

Nərgiz CABBARLI

SÜKUTUN «MONOLOQ»U 

(«Ədəbi portretlər» silsiləsindən)

Qələndər XAÇINÇAYLI

Vaqif YUSİFLİ

BU ƏHMƏD CƏMİLDİR

(ƏHMƏD CƏMİLİN ANADAN OLMASININ 100 illiyi)

Hacı ƏRŞAD

Aşıq Əli QULİYEV
(Urfan Əli)

Rəşad BƏYDƏMİRLİ

Nizami TAĞISOY

ÇAĞDAŞ ƏDƏBİ-ESTETİK FİKRİMİZİN PROFESSOR MƏMMƏD QOCAYEV «SƏHİFƏLƏRİ»

«ULDUZ» JURNALI ILƏ «QAFQAZINFO.AZ» SAYTININ BIRGƏ LAYIHƏSI

İLHAM ABBASOVUN TƏQDIMATINDA

RABİNDRANAT TAQOR. ŞƏRQİN İLK NOBEL MÜKAFATÇISI

Mayisə ƏSƏDULLAQIZI

Hicran HÜSEYNOVA

REDAKSİYAMIZA GÖNDƏRİLƏN KİTABLAR


 
Nizami TAĞISOY

ÇAĞDAŞ ƏDƏBİ-ESTETİK FİKRİMİZİN PROFESSOR MƏMMƏD QOCAYEV «SƏHİFƏLƏRİ»

 

Neçə vaxtdır elm ictimaiyyətinə bir portret yazı təqdim etmək fikrin¬dəydim. Amma nədənsə uzun müddət risk edə bilmirdim. Elə bil hansı hiss isə tutub saxlayır və deyirdi: «Kim haqqında və necə yazacağını düşünmüsənmi?! Mənim boynumda çoxlarının yükü var: atamın, anamın, mənim böyük müəllimlərimin, ustadlarımın və bir də bütün ləyaqətli insanların… 

Mən müəllim dedikdə heç də orta məktəbdə işləyən, ali məktəbdə çalışan bütün müəllimlərdən danışmıram. Sinifdə, auditoriyada şagirdə, tələbəyə dərs demək hələ heç də müəllimlik məsuliyyəti deyil və təəssüf ki, bu məsuliyyəti heç də əksər müəllimlər dərindən dərk etmirlər. Mən müəllim dedikdə onun mənəvi-əxlaqi keyfiyyətlərini, vətənə bağlılığını, elmi-nəzəri hazırlığını, öyrədicilərinə humanist sevgisini və eyni zamanda tələbkar münasibəti başa düşürəm. Bu keyfiyyətlərin hamısı mən deyən müəllimdə cəm olmalıdır.

Mən xoşbəxtəm. Allah bəxtimə məhz belə müəllimlər çıxarıb. Orta məktəbdə Məhəmməd müəllim, Xasay müəllim, Fərman müəllim, Yaşar müəllim…, ali məktəbdə Həbib müəllim, Atamoğlan müəllim və bir də Məmməd müəllim. Bu günə qədər dünyasını dəyişənlərin də (yerləri behiştlik olsun), sağ-salamat olanların da üstümdə çox zəhmətləri olub. Onların qayğısı, nəzarəti altında böyümüşəm, pərvazlanmışam, artmışam, insanlıq yoluna, Allahın dərgahına, elmə, biliyə, nəzəri hazırlığa azdan-çoxdan yiyələnmişəm. Bəlkə elə bu gün ömür eləyib, fəaliyyət göstərməyim də onların sayəsindədir. Hamısına minnətdaram, hamısı haqqında portret oçerklər yazmaq, onları daha çox təbliğ etmək borcumdur. Bu yazımda isə yalnız onlardan biri – tanınmış ədəbiyyat¬şünas, rus və Azərbaycan ədəbiyyatlarının mahir bilicisi, Dostoyev¬skişünas, insanşünas, tərcüməçi, elmi-nəzəri fikir aydını, filologiya elmləri doktoru, professor Məmməd Qoca oğlu Qocayev haqqında danışacağam. Onun haqqında danışmağa o qədər sözüm var ki, hansını söyləyim, hansını dilə gətirim. Ən yadda qalanlar, xatirələrimin küncündə ilişib qalanlar yüzlərlədir.


***


Vaxtilə böyük alman mütəfəkkiri İohann Volfanq Höte tərcümə ilə bağlı mülahizələrindən birində demişdi: «Tərcümə sərbəst olmalıdır, lakin onun sərbəstliyinə mütərcimin hüququ olmalıdır». Bu məlum həqiqəti perifraz edərək deyirəm ki, mənim Böyük Müəllim Məmməd Qocayev haqqında danışmağa tam səlahiyyətim var. Ən azı ona görə ki, onu 42 ildən artıqdır tanıyıram. Və bu tanışlıq məhz tələbə auditoriyasından başlayıb. Başlanğıc o qədər yaddaqalan, o qədər davamlı və maraqlı olub ki, sanki mən bu gün də həmin tanışlığın təsiri altındayam. 


***


1972-ci ildən Məmməd müəllim o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda XIX əsr rus ədəbiyyatı fənnindən bizə dərs deməyə başladı. Bu cavan, enerjili, rus ədəbiyyatının vurğunu olan mütəxəssis bizə İ.S.Turgenevin, A.A.Fetin, N.A.Nekrasovun, V.İ.Belinskinin, N.Q.Çernışevskinin, L.N.Tolstoyun, A.P.Çexovun, 

İ.A.Qonçarovun, F.M.Dostoyevskini, N.A.Dobrolyubovun və başqalarının yaradıcılığını mənimsət¬məyə çalışdı. Məmməd müəllim istər mühazirələrdə, istərsə də seminar dərslərində mövzuları bizə keçməmişdi, onları «həzm» etdirmişdi. Təhlilə cəlb edilmiş əsərlərin mövzusu, ideyası, məzmunu, kompozisiyası, obrazlar sistemi, epizodik personajlarını elə şəkildə çatdırılıb aydınlaşdırırdı ki, onları bizim təfəkkürümüzə hopdururdu. Məmməd müəllimin fəpdi mühazirə aparmaq metodikası və konsepsiyası vardı. Bu, bu gün də belədir. Mühazirəni elə şəkildə xüsusi diksiya, intonasiya və ahənglə aparıb, elə psixoloji priyomlardan istifadə edirdi ki, 60 nəfərlik auditoriya Məmməd müəllimin hər kəlməsinə qulaq kəsilir və bununla da o, auditoriyaya öz mimikası, jesti ilə məzmunu «həzm» etdirirdi. Məmməd müəllim bizi (potokumuzdan ilk növbədə Heydəri, Səlahəddini, Vaqifi nəzərdə tuturam – Allah rəhmət eləsin yenicə dünyasını dəyişib – N.T.) özünə elə cəlb etmişdi ki, biz başqa müəllimlərin dərslərindən qaçıb Məmməd müəllimin mühazirələrində oturmağa çalışırdıq. Bəzən buna görə dekanlıq tərəfindən danlanılsaq da, yenə də bu yoldan çəkinmirdik.


***


Mən çox müəllimlər görmüşəm, çoxları mənə dərs deyib, çoxları ilə ünsiyyətdə olmuşam, amma onun kimi bütün keyfiyyətləri bir-birinə həmahəng olanını görməmişəm. Məmməd müəllim sözün birinci mənasında Böyük İnsan, Böyük Pedaqoq, Böyük Humanist, Böyük Alim, Böyük Şəxsiyyətdir. Və bu «Böyük»lərdən heç biri onun vücudunun, «mən»inin epiteti deyil. Çünki Məmməd müəllimin şəxsiyyəti məcazlarda yox, məcazlardan daha yüksəkdədir. Məmməd müəllim heç vaxt, heç zaman korporativ maraqlarla yaşayan insan olmayıb. Onun başlıca məqsədi indiyə qədər zərrə-zərrə, qətrə-qətrə, damla-damla yığdıqlarını tələbələrinə gen-bolluqla xərcləmək olub. Elə buna görə də Məmməd müəllimin bəzi keyfiyyətləri ilə bağlı mülahizə və müşahidələrimi ortaya qoymaq istəyirəm.


***


Borçalı mahalında (Gürcüstanın Marneuli rayonunda) doğulmuş, rus mühiti görməmiş Məmməd müəllim fenomenal istedad sahibi kimi Marneulidə Pedaqoji Məktəb bitirdikdən sonra yuxarıda adını çəkdiyim İnstituta daxil olub. Rus dilinin sirlərinə elə yaxından bələd olub ki, bu dildə fikir və mülahizələrini etnik-milli təfəkkürü rus dilində yoğrulmuşlardan daha sistemli, ardıcıl, məntiqli ifadə edilib. Ən başlıcası isə ədəbiyyatçı olduğundan fikirlərini elə bədii, poetik və obrazlı dil vasitəsi ilə çatdırmaq bacarığı olub ki, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (APRD və Əİ-da) çalışan rus, yəhudi, erməni mənşəli alimlər – Litvinov, Svariçevski, Roşal, Şatalin, Manqasaryan, Keqamyan, İonnesyan və başqaları onun nitq səlisliyinə vurğunluqlarını gizlətməyiblər. Biliyini hamıya ərməğan edib. Bu yüksək keyfiyyətlər Məmməd müəllimdə bu gün də özünü təzahür etdirməkdədir. «Pul xərcləndikcə azaldığı halda, bilik xərcləndikcə artır» kəlamını atalar əbəs yerə deməyiblər.


***


Məmməd müəllimin həyat və fəaliyyət illərini «vərəqlədikcə» onun qarşıya qoyduğu böyük məqsəd uğrunda mübarizə etdiyini görürük. Belə ki, Məmməd müəllim XX əsrin 60-cı illərinin əvvəlindən Pedaqoji Məktəbə təsadüfən düşməyib. Bu onun ömür payı, tale yazısı olub və biz sonralar görürük ki, Məmməd müəllim öyrədicilik, pedaqoqluq, müəllimlik peşəsinin mahiyyətcə vurğunu olub.


***


Məmməd müəllim xalqının, millətinin qədrini bilən, onun təəssübünü çəkən, ömrünü ona həsr edən, belə xidmətdən xüsusi zövq alan ictimai mənafeyi şəxsi, mənafedən üstün tutan, ölkəsinin müstəqilliyini hər şeydən ümdə bilən milliçaplı Vətəndaşdır. Onun Ermənistan – Azərbaycan müharibəsi, qaçqınlıq və köçkünlüklə bağlı, xalq taleyi haqqında mühakimələri daim özəl, məntiqə söykənən, düşündürməyə vadar edəndir. Məmməd müəllim bütün ömrünü böyük İsveçrə pedaqoqu İ.Pestalotsi kimi «Hamıya hər şey, özümə heç nə» prinsipi ilə yaşamağı zəruri hesab etmişdir.


***


Məmməd müəllim bütün pedaqoji, elmi, yaradıcı fəaliyyətini sosial, ictimai, elmi-nəzəri və digər aspektlərdə daim realizə etməyə səy göstərməyə çalışmışdır. Bu baxımdan M.F.Axundov adına APRD və Əİ, sonralar Bakı Slavyan Universitetindəki ictimai, kollektiv və tələbə mühiti onun bu xüsusiyyətlərinin cilalanmasında və inkişafında böyük rol oynamışdır. 

Məmməd müəllim bir fərd, şəxsiyyət kimi daim nüfuzunu qorumağı bacaran, özünə hörmət qoyan insandır. Bunun müqabilində Məmməd müəllim özünü o qədər adi, o qədər əzəmətli aparır ki, onunla ehtiyatlı, düşünüb-daşındıqdan sonra söhbət etməyə razı olursan. Onun yüksək şəxsi keyfiyyətləri sırasında mühakimə yürütmə bacarığı, müdriklik, sadəlik, təvazökarlıq, tələbələrin və müəllim-professor heyətinin arzu, istək və tələblərini hiss etmək, onlara qayğı ilə yanaşmaq və s. kimi nadir keyfiyyətlər mütləq qeyd edilməlidir. Məmməd müəllimə dövrümüzdə daha çox «dəbdə» olan yaltaqlıq, birindən digərinə söz çatdırmaq, irəli düşmək xatirinə yarınmaq və s. kimi əsl insan üçün yabançı xususiyyətlər yaddır. O, heç vaxt digərlərinə pislik etməklə ucuz nüfuz, sabun köpüyü kimi şişən avtoritet dalınca qaçmayıb. Məhz belə davranış normalarına görə də Məmməd müəllim mən tanıdığım müddətdə öz reputasiyasını daim qoruya bilmişdir. Onun kollektivlə, insanlarla ünsiyyətində məsuliyyət, özünənəzarət, başqalarının şəxsiyyətinə hörmətlə yanaşmaq və s. kimi cəhətlər özünü göstərməkdədir. Bizim çalışdığımız ali məktəbdə müxtəlif dövrlərdə müxtəlif səpkili kollektiv münasibətlər müstəvisi olub. Məmməd müəllim belə hallarda obyektivlik, düzlük tərəfində olub. O, vəzifə nüfuzu qazanmaq naminə başqalarının nüfuzuna təcavüz etməyib, onları aşağılamağa, digərlərinin buna getməsinə yol verməyib. Haqqı nahaqqa boğdurmayıb.


***


Prof. Məmməd Qocayev əsl elm fədaisidir. O, 1975-ci ildə «Appollon Qriqoryevin estetikasında ideal problemi» mövzusunda namizədlik, 1990-cı ildə isə «Fyodor Mixayloviç Dostoyevski yaradıcılığında xarakter konsepsiyası» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Onun tədqiqat işlərinin elmi dəyəri nəinki Azərbaycanda, həm də onun hüdudlarından çox-çox kənarda yetərincə verilmişdir. Rusiya və eləcə də dünya Dostoyevskişünaslığı Məmməd Qocayevin bu sahədə apardığı araşdırmaları layiqincə qiymətləndirmişdir. Dostoyevski yaradıcılığında xarakter probleminə dərindən nüfuz etmiş V.Dneprov, V.Yermilov, V.Kirpotin, V.Kuleşov, V.Pereverzev, L.Rozenblyum, A.Skaftımov, Y.Tyuxova, Q.Fridlender, M.Engelqardt və b. tədqiqatçıların araşdırmaları sırasında prof. M.Qocayevin əsərləri yetərincə yüksək mövqedə dayanır. Çünki Dostoyevskidə xarakter konsepsiyasını izləmək istəyən müəllimim bu böyük rus yazıçısı və psixoloqunun dünyagörüşünün xüsusiyyətindən, yaradıcılıq metodologiyasından, bədii xarakter təkamülündən elə səriştəli, sosial-psixoloji, elə estetik-fəlsəfi problemləri qaldırmaqla, qəhrəmanların xarakterinin sırf Dostoyevski yozumunda səciyyəvi tərəflərini elə açmışdır ki, bütün bunlar son nəticədə ona Dostoyevski yaradıcılığında psixologizmin özəl qatlarına nüfuz etməyə şərait yaratmışdır. Moskva Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Moskva Vilayət Pedaqoji İnstitutunun professorları A.A.İlyuşinin, A.C.Hacıyevin, A.C.Zaxarkinin opponentliyi ilə baş tutmuş bu maraqlı problematikalı və mövzulu doktorluq dissertasiyasının müdafiəsi onun müəllifi Məmməd Qocayevə böyük tədqiqatçılıq nüfuzu gətirmişdir. Çünki Məmməd müəllim Dostoyevski yaradıcılığını xarakter konsepsiyası aspektində öyrənməklə, onun ideya-bədii sisteminin səviyyəsini, xarakterologiya dominantasını, yazıçının yaradıcılığında ikiləşmənin mahiyyətini doğru-dürüst incələyib ortaya qoymağa müvəffəq olmuşdur. Prof. Məmməd Qocayevi elmi dairələrdə haqlı olaraq Məmməd Qocayev - Dostoyevski adlandırırlar. Bu, bir daha onu sübut edir ki, o, öyrəndiyi obyekti doğrudan da bütün tərəfləri ilə dərindən mənimsəyə bilmişdir.

***


Prof. Məmməd Qocayev Dostoyevski yaradıcılığına dərindən nüfuz etməklə, özünü filosof, sosioloq, psixoloq, estet, tənqidçi- ədəbiyyatşünas kimi təsdiq etmişdir. Sənətkarın yaradıcılığı üzərindəki incə müşahidələr Dostoyevskinin yaradıcılığını sistemli öyrənən mənbələrə müraciət etməni aktuallaşdırmışdır. Elə buna görə də Məmməd müəllim, rus və dünya fəlsəfi-estetik fikrinin nümayəndəsi Mixail Baxtini dərindən «həzm» etməyə, onun Dostoyevski haqqında yazdığı «Dostoyevski poetikasının problemləri» əsərini dilimizə böyük ustalıqla çevirməyə çalışmışdır. Mən az-çox tərcümə nəzəriyyəsi və praktikası ilə tanış olan bir mütəxəssis kimi Məmməd müəllimin bu tərcüməsini həm elmi, həm nəzəri və həm də metodoloji-praktik baxımdan yüksək dəyərləndirirəm və inşallah vaxtım olduqda onun adekvatlıq keyfiyyətləri haqqında geniş auditoriyaya bilgilər verməyi də nəzərdə tutmuşam. Kitabın tərcüməsində nəinki mütərcimin hər iki dili mükəmməl bilməsi müəyyən olunur, həm də onun tərcümə problemləri ilə yaxından tanış olduğu ortaya çıxır. M.Baxtin monoqrafiyasının, onun Dostoyevski poetikası ilə bağlı konsepsiyasının bütün tərəflərinin elmi xüsusiyyətləri bu tərcümədə səriştəli səviyyədə ortaya qoyulmuşdur. Mən Məmməd Qocayevi bu gün Azərbaycanda ədəbi-fəlsəfi əsərlərin ən səriştəli mütərcimi kimi tanıyıram. Bu, adicə tərif yox, böyük professorun əməyinə verə biləcəyim adekvat qiymətdir. Məmməd Qocayev, qeyd etdiyimiz kimi, böyük Vətənimizin Böyük Vətəndaşıdır. M.Baxtini dilimizə tərcümə etməklə, o, yaxşı bilir ki, həm də dünyanın digər böyük estetləri Nitşenin, Freydin, Berdyayevin, Haydeggerin, Fukonun, Şpenqlerin, Xomskinin, Borxesin, Ekonun və başqalarının əsərlərini Azərbaycanda daha yaxından tanıtmağa ehtiyac vardır.

Prof. Məmməd Qocayev M.M.Baxtinin «Dostoyevski poetikasının problemləri» əsərini dilimizə tərcümə etməklə heç də işini bitmiş hesab etməmişdir. Həm də bu dünyaçaplı filosofun «Mixail Baxtin və onun polifonik roman nəzəriyyəsi» ilə bağlı Azərbaycan oxucularına geniş məlumat vermişdir (Bax: «Dostoyevski poetikasının problemləri». Əsərin müddəaları ilə tanışlıq Məmməd Qocayevin dərin zəka sahibi olduğunu sübut edir. Qərbdə M.Baxtin və onun nəzəri-estetik konsepsiyaları ilə daha çoxdan və yaxından tanış olsalar da, M.Baxtinin nəzəri kodlarını Azərbaycanda incələməyə, onun yaruslarının mahiyyətini açmağa çalışan da məhz Məmməd Qocayevdir.

Məmməd Qocayev Baxtin nəzəriyyəsini izah etdikdə onun qnoseoloji dərinliklərinə baş vurur, polifonik roman nəzəriyyəsinin daxili, təhtəlşüurda duran elementlərini təhlil etməklə onları oxucunun təfəkkürünə hopdurur. M.Baxtinin roman janrına münasibətini – «monoloji» (homofonik) və «dialoji (polifonik)»liyin nədə, romanın hansı başlıca xüsusiyyətində gizləndiyini izah edir.

Prof. Məmməd Qocayev M.Baxtinin polifonik roman nəzəriyyəsində rus aliminin metalinqvistika məsələlərinə nə üçün üz tutduğunun səbəblərini açıqlayır. Çünki metalinqvistika linqvistika hüdudlarından kənarda baş verən nitq hadisələrini, onların üslub çalarlarını, məna incəliklərini öyrəndiyindən polifonik romanda sözün semantikasından və linqvistik funksiyasından başqa əlavə məna və funksiyalar kəsb etdiyini vurğulamağa ehtiyac duyur. Metalinqvistik təhlilə yatan dil hadisələri daxilində M.Baxtinin stilizasiya, parodiya, rəvayət və dialoji sözü, dil hadisəsi kimi götürdükdə Məmməd müəllim onun ikiistiqamətliliyinin mahiy¬yə¬tini açmağa müvəffəq olduğunu müəyyənləşdirir.

Ümumiyyətlə, M.Baxtinin «Dostoyevski poetikasının problemləri» əsərini dilimizdə səsləndirərkən M.Qocayev orijinal müəllifi ilə mütərcimin strateji imkan və məqsədlərinin fərqli olduğunu dərindən dərk etməklə orijinalın denotatının invariant məna ilə bağlı olan tematik transformasiyalara uğradığını göstərir. Bununla belə, M.Qocayev mütərcim olaraq yalnız orijinal mətnin gerçəkliyini tərcümə dilində yaratmır. Məmməd müəllim bir mütərcim kimi yaxşı başa düşür ki, tərcümə mətni ekspediyentlə persepiyent arasında daxili əlaqə kimi fəaliyyətdədir. M.Baxtinin bu əsərinin janrı M.Qocayevə onun bədii xüsusiyyətlərinin ümumiləşdirilməsi üçün əsas verir və o, tərcümədə orijinalın janr modelini uyğun yaradır, lakin bu model heç də mücərrəd janr sxemi təsiri bağışlamır. Tərcümədə orijinalın üslubi baxımdan dəyişməsi onun məzmununa xələl gətirmir. Bu, mənim M.Qocayevin M.Baxtinin əsərinin tərcüməsi ilə bağlı eksklüziv qənaətlərimdir. Bununla belə bu tərcümənin daha geniş spektrdə öyrənilməsi də az əhəmiyyət kəsb etmir.


***


Prof. Məmməd Qocayev olduqca məsuliyyətli və məhsuldar işləyən mütəxəssis mütərcimlərdəndir. Təkcə onu demək kifayətdir ki, o, 2000-ci illərin ortalarında F.M.Dostoyevskinin «Ölü evdən qeydlər» povestini, «Şeytanlar» kimi iri həcmli problematik əsəri və «Yeniyetmə» romanını tərcümə edərək Azərbaycan oxucularının ixtiyarına vermişdir. «Ölü evdən qeydlər» və «Şeytanlar» Bakıdakı «Qanun» nəşriyyatında, «Yeniyetmə» romanı isə «Filoloqun kitabxanası» seriyası altında nəşr olunan olan 150-cildlik «Dünya ədəbiyyatı kitabxanası»nda işıq üzü görmüşdür.


***


Prof. M.Qocayevin mütərcimlik fəaliyyətindən söhbət düşmüşkən onun F.M.Dostoyevskidən etdiyi povest və hekayələrin tərcüməsindən qısaca da olsa danı¬ş¬mağa ehtiyac vardır. 2010-cu ildə «Mütərcim» nəşriyyatı «F.M.Dostoyevski. Povest və hekayələr» Məmməd Qocayevin tərcüməsində» kitabında «Gizlindən qeydlər» povesti, «Gülməli adamın yuxusu», «Paxla» kimi hekayələri təqdim olunmuşdur. Tərcümələrdən əvvəlki izahlı ön söz bu nümunələrin mahiyyətinə oxucunun daha dərindən varması üçün zəruri şərait yaradır. Mütərcim F.M.Dostoyev¬skinin fərdi yazı manerası və üslub özəlliyini yetərincə adekvat və uyğun yaradır. Tərcümənin dili müəllif dəsti-xəttinin saxlanılması ilə seçilməklə belə mütərcim strategiyası özünü olduqca doğruldur. Qeyd etdiklərim heç də prof. M.Qocayevin rus klassikasından etdiyi tərcümələrin ümumi və əsaslı mənzərəsini yaratmır. Bu mənzərəni əhatəli təsəvvür etmək üçün Məmməd müəllimin tərcümələrini nəzəri və praktik planda daha dərindən öyrənməyə ehtiyac vardır. 


***


Prof. Məmməd Qocayevin ən böyük arzularından biri Azərbaycanda nəinki F.Dostoyevskinin əsərlərinin tərcümə olunub yayılmasını, həm də bu böyük sənətkarın yaradıcılığının müxtəlif qatlarını geniş oxucu, ədəbi ictimaiyyət üçün indiyə qədər sanki məlum olmayan tərəfləri haqqında təsəvvürlər ortaya qoymaq idi. Elə bu məqsədlə də Məmməd müəllim Dostoyevski yaradıcılığının alt qatlarına nüfuz edərək 2012-ci ildə yeni daha bir maraqlı «Dostoyevski ətrafında düşüncələr» kitabı ilə Dostoyevski pərəstişkarlarının görüşünə gəldi. Məmməd müəllim hər dəfə Dostoyevski ilə bağlı mülahizələr irəli sürdükdə onun əsərlərinin elə xüsusiyyətlərini göz önünə gətirir ki, onlar haqqında nəinki Azərbaycanda, eyni zamanda Rusiyada az məlumatlar mövcuddur. Bu ilk növbədə prof. M.Qocayevin kitabda ortaya qoyduğu başlıqlar və problematikalarda özünü büruzə verir. Onlardan bir neçəsinə nəzər salaq: «Yoxsul insanlar» və ya məhəbbətin iflası və qələbəsi, «Oxşar» və ya iddiaların iflası, «Mənəviyyatın sosial başlanğıc üzərində qələbəsi», «İdiot» romanında ana simvolikası, «Stavrogin paradoksu», «Dostoyevski yaradıcılığında fəlsəfi-dini mərhələyə keçid» və s.


***


Prof. Məmməd Qocayev Azərbaycan oxucularının Dostoyevksi ilə tanışlığını ardıcıl olaraq davam etdirməkdədir. Bu məqsədlə o, F.M.Dostoyevskinin XIX əsrin 40-cı illərində qələmə aldığı «Yoxsul insanlar», «Oxşar», «Cənab Proxarçin», «Ev sahibəsi», «Zəif ürək» əsərlərini tərcümə edib, birinci kitab üçün çapa hazırlamış və bu işi Məmməd müəllim özünün böyük mütərcimlik borcu hesab edir. Tərcümənin ikinci kitabında isə yenə də Dostoyevskinin «Yazıçının gündəliyi»ndən seçmələrinin (əlbəttə, burada ilk növbədə birbaşa ədəbiyyat və sənətlə bağlı olan yazılar üstünlük təşkil edir) yer alması nəzərdə tutulmuşdur. O, yaxşı başa düşür ki, Dostoyevski yaradıcılığını bu böyük sənətkarın 40-cı illərdə (yəni yaradıcılığının ilkin dövründə) qələmə aldığı əsərlərsiz təsəvvür etmək mümkün deyildir.


***


Prof. Məmməd Qocayevi bir türk aydını olaraq nəinki Azərbaycan, türk, Şərq mədəniyyəti və estetikası, həm də Qərb fəlsəfi fikri maraqlandırmaqdadır. O, Qərbi Avropa filosoflarının əsərlərini böyük sevgi və həvəslə dilimizə çevirməkdən usanmır. Elə bunun nəticəsidir ki, o, dünya fəlsəfəsi tarixində özünə kifayət qədər rəğbət qazandırmış Fridrix Nitşenin irrasionalist və volyuntarist təfəkkürünü dərindən öyrənmiş, onun «Zərdüşt belə demişdir» əsərini təhlil etmiş, onun insan fəlsəfəsi ilə bağlı fikirlər söyləmiş və 100-dən artıq aforizmlərini dilimizə çevirərək Respublikada nəşr olunan qəzet və jurnal səhifələrində çap etdirmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Nitşe konservativ romantik baxışlı və volyuntarist təfəkkürlü təlimini «Yersiz fikirlər», «İnsani, ifrat dərəcədə insani», «Səhər şəfəqi», «Xeyirlə Şərin o biri tərəfi ilə» əsərlərində ortaya qoymuş olduğundan Məmməd müəllim aforizmlərdən ibarət bu əsərlərin dilimizə tərcüməsinin olduqca böyük əhəmiyyətini göstərmişdir. Məlum olduğu kimi, Nitşe fəlsəfəsi öz ifadəsini daha çox poetik yaradıcılıqda, əfsanə və miflərdən gələn məqamlarda əks etdirir. «Zərdüşt belə demişdir» (I-III cildlər – 1883-1884) əsərində Nitşe rasional fəlsəfi metodu dəf etməyə çalışsa da, onun ortaya qoyduğu anlayışlar vahid sistem yaratmaqla qarşıda çoxişarəli simvol-rəmzlər kimi dayanır. Məmməd müəllim daim axtarışda olan alim kimi həmin çoxişarəli rəmzlərin mahiyyətinə işıq salmağa can atır. Çünki vahid sistemə tabe olunmayan Nitşe fəlsəfəsi XX əsr Qərb fəlsəfəsinə, xüsusən praqmatizmə, ekzistensializmə nəzərəçarpacaq təsir etmişdir. 


***


Prof. Məmməd Qocayevin diqqətini daha çox cəlb edən digər bir Qərb filosofu Osvald Şpenqlerdir. Estetik maraqları əsasən Nitşedən əxz etmiş Şpenqlerin dil haqqında, rus ədəbiyyatı haqqında, dram haqqında, mədəniyyətlə sivilizasiyanın hədləri və hüdudları və differensiasiyası ilə bağlı söylədiyi mülahizələr kifayət qədər aktualdır. Məlum olduğu kimi, Şpenqler mədəniyyət anlayışını vahid bir orqan kimi nəzərdən keçirir və o, burada səkkiz mədəniyyətin adını çəkir: Misir, Hind, Babil, Çin, Apollon (Yunan-Roma), magik (Bizans-ərəb), Faust (Qərbi Avropa) və Mayya. Bununla bərabər, Şpenqler rus - Sibir mədəniyyətinin doğulacağını da istisna etmirdi. Şpenqlerin fikrincə, mədəniyyət ölməklə sivilizasiyaya çevrilib yenidən doğulur. Şpenqler estetikasında mədəniyyətdən sivilizasiyaya keçid yaradıcılıqdan səmərəsizliyə, faydasızlığa keçiddir. Şpenqlerin belə bir fikri də maraqlıdır ki, sivilizasiyanın gəlişi ilə bədii və ədəbi yaradıcılıq heç bir əhəmiyyət kəsb etmir. Buna görə də ifadə üslubunda geniş metaforiklikdən istifadə edən Şpenqler mədəni iddiadan əl çəkib lüt texnisizmə üstünlük verməni məsləhət bilir. Məmməd müəllimin fikrincə Şpenqler fəlsəfəsinin zirvəsini onun «Qərbin qürubu» (yaxud «Qərb dünyasının qürubu»)əsəri təşkil edir. Və orada Şpenqlerin Qərb mədəniyyəti haqqında söylədiyi mülahizələr özəl olduğundan bu əsərin dilimizə tərcüməsi də mühüm əhəmiyyət kəsb edir. Buna görə də Məmməd müəllim Şpenqlerin əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasını fəlsəfi-estetik fikrimizin qarşısında duran ən başlıca arzu və problem kimi ortaya çəkir.


***


XIX əsr rus ədəbiyyatının böyük klassiki F.Dostoyevski yaradıcılığını Məmməd müəllimin ətraflı təhlil etməsi onu filosof-ədəbiyyatşünas səviyyəsinə ucaltmışdır. Rus klassikinin yaradıcılığına belə səriştəli münasibət müəllimimi ədəbiyyatımızın ulu və şərəfli ad sahibinin, məsələn, Nizaminin estetikasına müraciət etməyə sövq etmişdir. Bu zəmində Böyük müəllimim «Nizaminin insan fəlsəfəsi, «Bədii ədəbiyyatda insan fəlsəfəsi» kimi kitabları ədəbiyyatşünaslara, filosoflara, estetik fikir aydınla¬rına, oxuculara böyük məsuliyyətlə təqdim etdi. «Nizaminin insan fəlsəfəsi»ndə Məmməd müəllimin dahi şairin insan konsepsiyasını, onun fəlsəfəsinin əsaslarını, «Şahlıq və aşiqlik», «Aşiqlik zirvəsi», «Şahlıq zirvəsi», «Fatehlik şərəfi», «Peyğəmbərlik səadəti», «Nizamidən Füzuliyə qədər» kimi fəsillərdə öyrənmək istəyi onun problematikaya yaxından bələd olduğunu sübut etdi. 


***


«Bədii ədəbiyyatda insan fəlsəfəsi»ni araşdırarkən Məmməd müəllim Nizami fəlsəfəsini Şərq fəlsəfəsi konteksti ilə qərb fəlsəfi-estetik meyarlar və postulatlar əsasında quraraq insan və ədəbi-tarixi proses, Barokko üsulu və üslubu, Məsihinin «Vərqa və Gülşa» poeması, Dostoyevski fenomeninə müraciət, Uliss haqqında mülahizələr, analitik psixologiya ilə bədii yaradıcılıq arasında münasibətlər və bir də, mən deyərdim ki, kitabın fəlsəfi apofeozunun zirvəsi və mayasını təşkil edən Karl Qustav Yunqdan etdiyi «Analitik psixologiyanın poetik bədii yaradıcılığa münasibəti» əsərinin tərcüməsini birlikdə təqdim etməsidir. Sadaladığımız bütün bunlar prof. Məmməd Qocayevin yaradıcı fəaliyyətinin olduqca cüzi hissəsidir.

Yuxarıda qeyd etdiyimiz kimi, Məmməd Qocayev ədəbiyyatşünaslığı, filosofluğu, estetliyi ilə yanaşı, həm də psixoloqdur. Bu sözü biz heç də təsadüfən işlətmədik. Bunu biz onun təhlil etdiyi material və mövzulara yanaşma metodikasında, hadisələrə psixoloji münasibətində və təhtəlşüurdan gələn fikirlərində duymuşuq.

***


Prof. Məmməd Qocayevin Dostoyevskiyə sevgisi adi bir təsadüfdən yaranıb. Bunun səbəbini kitabda o, aşağıdakı kimi izah edərək söyləyir ki, hələ Axundov adına Pedaqoji Dillər İnstitutunu təzəcə bitirib laborant işləyərkən bir tələbə qızın əlində Leonid Qrossmanın «Dostoyevski» əsərini görüb. Onun kitabla maraqlandığını görən qız deyib ki, Dostoyevski epileptik olub. Bu, Məmməd müəllimi təəccübləndirib və o gündən nə Dostoyevski paradoksu ondan əl çəkməyib, nə də o, Dostoyevskidən. Epilepsiyaya tutulmuş Dostoyevskinin həyata, sosial gerçəkliyə, psixoloji əhval-ruhiyyəyə münasibəti, müəllimimin fikrincə, ona səhhəti yerində olan insanların baş vura bilmədikləri ruhi mahiyyətə nüfuz etməyə imkan vermişdir. Elə buna görə də ruhun, düşüncənin ayıqlıq vəziyyətindən klinik ölüm vəziyyətinə keçməsi Dostoyevski romanlarının mahiyyətində yer almışdır. Dostoyevski romanlarının alt qatından bizə «əl edən» əksər məqamlar (sosial, psixoloji, fəlsəfi, idraki, heyvani, antibəşəri və s.) nə varsa, hamısı Məmməd müəllim tərəfindən fərdi təfəkkürün işarələri, semantik ifadələri ilə açılır. Məmməd müəllimin «Dostoyevski ətrafında düşüncələr»i onun sırf fərdi və fərqli idrakının məhsuludur.


***


Prof. M.Qocayev Azərbaycan bədii-estetik fikrinin inkişaf dinamikasını və özünəməxsusluğunu daim diqqət mərkəzində saxlamağa çalışır. Təsadüfi deyildir ki, onun Kamal Abdullanın bir sıra əsərləri, o cümlədən “Sehirbazlar dərəsi” və “Unutmağa kimsə yox”, romanları, dramaturgiyası haqqında qələmə aldığı konseptual istiqamətli məqalələri Məmməd müəllimin geniş erudisiyasından, mifoloji təfəkkürdə oturmuş hadisə və məqamları təhtəlşüurdan gələn yozum və ədəbi-bədii faktlara söykənərək müasir ədəbiyyatşünaslığın inkişaf perspektivləri baxımından təhlil etdiyini sübut edir. Bir sözlə, prof. Məmməd Qocayev kim haqqında, nə haqqında danışır-danışsın, yazır-yazsın, oradan biz bu böyük alimin öz idrakının işığını görməkdəyik. Bu işıq çağdaş ədəbi-estetik düşüncəmizin dərin qatlarına ciddi şəkildə nüfuz etməkdədir.


***


Məmməd Qocayev ədəbiyyatşünaslıq elminin, komparativistikanın, müqayisəli mətnlərin öyrənilməsinə böyük töhfə vermiş alimlərdəndir. Onun rəhbərliyi altında indiyə qədər elmlər doktoru və neçə-neçə namizədlik dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunmuşdur. M.Qocayevin bu istiqamətdə apardığı fəaliyyət bu gün də intensivliklə davam etdirilməkdədir. Ümidvarıq ki, o, indən belə hələ neçə-neçə elm fədailəri yetişdirəcəkdir.


***


Prof. Məmməd Qocayevin ömrünün (50 ildən artıq bir dövrü) başlıca səhifələri bugünkü Bakı Slavyan Universiteti ilə bağlıdır. Bu bağlılığın 42 ilə yaxını mənim gözlərim qarşısındadır. Onu, demək olar ki, bütün statuslarda görmüşəm – müəllim, baş müəllim, dosent, dekan, prorektor, kafedra müdiri və s. Bu statuslardan heç biri Məmməd müəllimə heç kimə yuxarıdan aşağı baxmaq şəraiti yaratmayıb. O, daim özünə nəzarət etməklə nəzakəti, təvazökarlığı, mənəvi-əxlaqi dəyərləri səliqə-sahmanı ilə hamının yanında başını uca tutub, heç kimin yanında xəcalətli olmayıb.

Mənim 1972-ci ildən üzü bəri Məmməd müəllimə daim ehtiyacım olub. Bu ehtiyac mənəvi, idraki, təfəkkür ehtiyacıdır. Mən tələbə olduğum illərdə də, bütün sonrakı dövrlərdə də onunla saatlarla söhbətləşməkdən, bölüşməkdən, diskussiya etməkdən doymamışam. Bu aclıq bu gün də davam etməkdədir.


***


Prof. Məmməd Qocayev rəhbərlik etdiyi kafedra ilə mənim çalışdığım kafedra Universitetimizin eyni korpusunda yerləşir. Elə gün yoxdur ki, mən onunla görüşüb söhbət etməyim, bölüşməyim. Adicə görüşmək, hal-əhval tutmaqla bağlı onun yanına girmək bəzən saatlarla vaxt aparır, onunla ünsiyyətdən, məntiqi təfəkkür tərzindən qidalanırsan. Həyatda belə insanlar az olur... 

Bir də Məmməd Qocayevin bir keyfiyyəti haqqında danışmaq istəyirəm. O, öz həmsöhbətini olduqca böyük diqqətlə dinləyən alimdir. Onunla həmsöhbət olmaq böyük xoşbəxtlikdir. Çünki o, başqalarının fikir və mülahizələrinə hörmətlə yanaşmağı bacaran insandır. Mən ölkəmizdə bir neçə belə alimlər görmüşəm. Haqq dünyasına qovuşmuş prof. Həbib Babayev, prof. Y.Rüstəmov, Allah canına sağlıq vermiş, ziyasından və şövqündən hamıya pay düşən prof. Aydın Ələkbərov...

Bu gün Azərbaycan ədəbiyyatşünaslığında bir fenomen dolaşmaqdadır. Bu, prof. Məmməd Qocayev fenomeni – bizim hamımızın neçə onilliklər ərzində tanıdığımız Mamed müəllim fenomenidir.

Bu, mənim Sizin barədə söyləyəcəyim fikrlərin tezisləridir. Bu tezislər¬dən yaranan bütöv mətni isə mən Sizin 80 illiyinizdə, inşallah, Azərbaycan elm ictimaiyyətinə təqdim edəcəm.