Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Xəyal RZA

Günel ANARQIZI

MƏLƏKLƏRİN MƏSKƏNİ

EYVAZ ZEYNALOVUN «NƏVƏ» HEKAYƏSINƏ YAZILAN MÜƏLLIF SONLUQlARI

Mehmet Ömer KAZANCI

KERKÜK BİR ÂŞIĞINI DAHA KAYBETTİ

Elbəyi CƏLALOĞLU

Yaşar QASIMBƏYLİ 

TƏNHA TƏNQİDÇİNİN ƏFSANƏSİ

Gülnar SƏMA

Elnarə NUR

Elnur SÜLEYMANLI

Rüfət AXUNDLU

Nəbi HÜSEYNLİ

Zərəngiz Dəmirçi QAYALI

Alpay AZƏR

MİZANTROPİK MƏQAMLAR

Elman TOVUZ

Mahir HƏMZƏYEV

MÜASİR LİTVA NOVELLASINDAN NÜMUNƏLƏR

Əziz MUSA

ZIRVƏDƏN DÜNYAYA BOYLANAN INSAN

Nərgiz CABBARLI

SÜKUTUN «MONOLOQ»U 

(«Ədəbi portretlər» silsiləsindən)

Qələndər XAÇINÇAYLI

Vaqif YUSİFLİ

BU ƏHMƏD CƏMİLDİR

(ƏHMƏD CƏMİLİN ANADAN OLMASININ 100 illiyi)

Hacı ƏRŞAD

Aşıq Əli QULİYEV
(Urfan Əli)

Rəşad BƏYDƏMİRLİ

Nizami TAĞISOY

ÇAĞDAŞ ƏDƏBİ-ESTETİK FİKRİMİZİN PROFESSOR MƏMMƏD QOCAYEV «SƏHİFƏLƏRİ»

«ULDUZ» JURNALI ILƏ «QAFQAZINFO.AZ» SAYTININ BIRGƏ LAYIHƏSI

İLHAM ABBASOVUN TƏQDIMATINDA

RABİNDRANAT TAQOR. ŞƏRQİN İLK NOBEL MÜKAFATÇISI

Mayisə ƏSƏDULLAQIZI

Hicran HÜSEYNOVA

REDAKSİYAMIZA GÖNDƏRİLƏN KİTABLAR


 
Vaqif YUSİFLİ

BU ƏHMƏD CƏMİLDİR

(ƏHMƏD CƏMİLİN ANADAN OLMASININ 100 illiyi)

 

XX əsr Azərbaycan poeziyasının tarixində bir adı heç vaxt unutmaq, yaddan çıxarmaq olmaz.Xüsusilə, ədəbiyyata yeni gələn cavanlar poeziyamızın inkişafında mühüm xidmətləri olan bu insanı-görkəmli şairi-Əhməd Cəmili tanımalı və sevməlidirlər. Tanıyandan sonra sevəcəklər. Çünki Əhməd Cəmilin şeirləri öz poetik gözəlliyi, sadəliyi və təbiiliyi ilə göz oxşayır. Onün ölümündən 36 il keçir, bu müddət ərzində poeziya vadisində çox küləklər əsib, çox çaylar axıb, amma Əhməd Cəmilin şeirləri hələ də öz bədii təravətini itirməyib. Böyük türk şairi, dünya poeziyasının korifeylərindən olan Nazim Hikmət Əhməd Cəmil poeziyasından söz açaraq yazırdı: «Onun poeziyası səhər mehi kimi adamın canına sinir. Onun şeir dili xalq dilinə çox yaxındır. Lirik qəhrəmanı pafossuz danışır. Lakin bunlar pıçıltı deyil, dost söhbətidir, onun poetik ahəngi mülayim və yapışıqlıdır». Görkəmli rus yazıçısı, Səməd Vurğunun dostu Aleksandr Fadeyev «Ədəbiyyat haqqında qeydlər»ində müharibədən sonrakı poeziyanın nailiyyətlərindən söz açarkən A.Tvardovskinin, K.Simonovun, Q.Abaşidzenin, E.Mejelaytisin, R.Həmzətovun və M.Kərimin adları ilə yanaşı Əhməd Cəmilin də adını çəkir.

Əhməd Cəmilin yaradıcılığına ən yüksək qiyməti isə müharibə illərində iki görkəmli sənətkar - Səməd Vurğun və Mehdi Hüseyn veriblər. Bu haqda az sonra söz açacayıq. Əvvəlcə onun şəxsiyyəti barədə bir neçə kəlmə… Öncə mərhum şairimiz Əliağa Kürçaylının Ə.Cəmil haqda yazısından misal gətirmək istəyirəm: «Onun zahiri görkəmi ilə yaradıcılığı arasında qəribə bir təzad var. 

Təbiətcə sakitdir. Söz-söhbətində həlimlik. Rəsmi və qeyri-rəsmi məclislərdə ondan söz açılsa, təriflənsə, narahatlığı bilinəcək. Deyəcək: «Bəsdirin, məndən yox, başqasından danışın».

Şair yoldaşlarının cild-cild kitabları çıxanda sevinir. Özü və kitabları barəsində bir kəlmə də demir.
Bu Əhməd Cəmildir. İnsan-Şəxsiyyət Əhməd Cəmil..
Bəs şair Əhməd Cəmil?
Onun poeziyası bulaq kimi qaynar, dəniz kimi təlatümlü, vulkan kimi atəşlidir.

Onuni poeziyasındakı bəstəkar partiturasındakı səsləri, səs çalarlarını eşitmək olar. Ton, yarım ton, çərək tona qədər. Çünki onun poeziyasında təşbihlər, müqayisələr o qədər canlı, aydın və realdır ki, bəzən adama elə gəlir istəsən onun təsvir etdiyi bu və ya digər predmeti əl ilə tuta bilərsən. Burada Çexovun bir fikri yada düşür: «Lakoniklik istedadın bacısıdır». Əhməd Cəmilin kiçik, amma dərin mənalı şeirləri kimi..»

Əhməd Cəmil çox sakit, təmkinli, həm də son dərəcə mədəni bir insan idi. Bu sakitliyin, təmkinin və mədəniyyətin arxasında isə istedad amili dururdu. Onun yaşadığı dövrün ədəbi mübahisələrinin heç birində adı hallanmır, Əhməd Cəmil bu mübahisələrin heç birinə qoşulmurdu, əgər belə demək mümkünsə, sakitcə oturub öz şeirini yazırdı. Bu şeirlər haqqında Səməd Vurğun kimi ustad şairlər, Məmməd Arif kimi görkəmli tənqidçilər məqalə yazır, onun poeziyasını yüksək qiymətləndirirdilər. Əhməd Cəmil savadlı və həm də təmiz bir insan olduğu üçün vəzifəyə irəli çəkirdilər (bir müddət o, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olmuş, sonra «Azərbaycan» və «Ulduz» jurnallarına da rəhbərlik etmişdir), bu vəzifələrdə etimadı həmişə doğruldurdu.

Lakin, əlbəttə, bu gün Əhməd Cəmili yad ediriksə,ilk növbədə, onun poeziyasından danışmalıyıq.

Onun yaradıcılıq yolu keçən əsrin iyirminci illərindən başlayır. Orta məktəbin yeddinci sinfində oxuyarkən «Gözəl Qafqaz» adlı ilk şeiri «Qızıl Gəncə» jurnalında dərc olunmuşdur. Elə həmin illərdə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. İlk şeirlərində o dövrün əksər cavan şairləri kimi yeni quruluşu vəsf edən Əhməd Cəmil tezliklə gənc proletar şairlərin cərgəsinə qoşulur, Gəncədə və Bakıda nəşr olunan qəzet və jurnallarda mütəmadi çıxış edir. Bakıda Ali pedoqoji institutda təhsilini başa vurduqdan sonra yeddi il Şəmkir və Gəncədə orta və ali məktəblərdə müəllim işləyir. Ancaq bölgədə yaşasa da, o artıq müasir ədəbi prosesin fəal iştirakçısına çevrilmişdi. 1940-cı ildə Bakıya gəlir və ömrünün sonunacan taleyini bu şəhərlə bağlayır. Müharibə illərində isə Əhməd Cəmil bir şair kimi daha çox məşhurlaşır. Böyük şairimiz Səməd Vurğun onun müharibə dövrü yaradıcılığına ayrıca bir məqalə («Şairin eşqi») həsr edir.

Səməd Vurğun yazırdı: «Mən, şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə zorlanmamış,heç bir təzyiq altına alınmamış bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir! Mən həqiqi şair dedim. Bu, həqiqi ilham deməkdir. Əsl ilham könüllər yolçusu, könüllər aşiqi olan bir şairin hünəridir».

Səməd Vurğunun Əhməd Cəmil haqqında yazdığı bu məqaləyə biz yenə qayıdacayıq. Amma öncə gətirdiyimiz sitatda «zorlanmamış, heç bir təzyiq altına alınmamış bir qəlb»dən söhbət gedir və bu fikri – Əhməd Cəmilin daxilən azad bir şair olmasını onun bütün yaradıcılığına şamil edə bilərik. Bəli, Əhməd Cəmilin istənilən şeir kitabında partiyaya, Leninə, Oktyabra həsr edilmiş şeirlər tapmaq olar və bunu gizlətmək də lazım deyil. Lakin Əhməd Cəmil bu mövzuda olan şeirlərdə öz ilhamını zorlamayıb, o mövzularda məhz şair Əhməd Cəmil olduğunu sübut edib. Ancaq Əhməd Cəmili yaşadan, onu unutdurmağa qoymayan şeirlər də çoxdur və həmin şeirlər XX əsr Azərbaycan poeziyası tarixində fakt kimi yox,parlaq nümunə kimi xatırlanır.


-Ay nənə, bir nağıl de!
-Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
-Can nənə, de birini də.
-Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir.


Mehdi Hüseyn vaxtilə bu şeir haqqında yazırdı: «Şairlərimizdən Əhməd Cəmil «Can nənə, bir nağıl de!» adında həcm etibarilə çox da böyük olmayan bir şeir yazmışdır. Onun məzmununu iki cümlə ilə ifadə etmək olar: azyaşlı bir uşaq Qızıl Ordu sıralarında olan atasının taleyini hər zaman düşünür və yata bilmir. Şair son dərəcə orijinal bir formada nənə ilə nəvə arasındakı dialoqu canlandıraraq, saf mündəricəli və dərin optimist bir əsər yaratmışdır. Bu əsərin gözəlliyini duymaq üçün onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər şey yenidir: məzmun da, ideya da, forma da, sözlər də.»Can nənə, bir nağıl de!» hər şeydən əvvəl həyatımızın ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, «romantikləşdirmir», amma əsər gözəl rayihəli bir romantizm ilə nəfəs alır. Burada lirika da vardır, xəfif bir kədər də, bahar qoxusu verən bir sevinc də».


Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı.
-Bəs ay nənə, atam indi haradadır, görəsən?!
-Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
-Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?


Etiraf edək ki, Azərbaycan poeziyasında bu dərəcədə səmimi şeir o qədər də çox olmayıb. Həm də bu poetik nümunə süjetli şeirin ən gözəl örnəklərindən biri hesab edilməlidir.

Əhməd Cəmil bütün yaradıcılığı boyu poema adına bircə nümunə də yazmadı. O, ömrünün sonunacan lirik şeir ustadı kimi tanındı. Xüsusilə müharibə illərində yazdığı şeirlərdə pafos və ritorika yoxdur, mədh və tərənnüm zilə qalxmır, şair əsgər qəlbinin çırpıntılarını şeirə gətirirdi. Səməd Vurğun yazmışkən: «O öz incə rübabında çaldığı nəğmələrlə həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir, qəhrəmanlarımızın mərd əllərini alqışlayır, həyat və azadlıq bayquşlarının törətdiyi dözülməz faciələrin bədii tablosunu verir». Səməd Vurğun şairin müharibə illərində yazdığı «Nişan üzüyü» şeirini xatırladır:


Qarlı düzdən uçub qonur komaya qış axşamı,
Şölə çəkir kənd evinin titrək, yanan ağ şamı.
Əsgərlərin miz üstünə əyilmişdir başları,
Qəzəbdənmi, kədərdənmi çatılmışdır qaşları.
Ortalıqda bir üzük var…Üstündə qan ləkəsi,
Gəzir evdə əldən-ələ soyuq alman qəməsi…
Şam əriyir, ocaq sönür, hamı dalğın, hamı lal..
Buz bağlamış pəncərədən baxır bir solğun xəyal:
O, tanıcaq üzüyünü, ala gözləri dolur,
Sonra yenə buz bağlamış pəncərədə yox olur.


Əhməd Cəmil insan hisslərinin, duyğularının rəssamı idi. İndi bəzən o illərpin poeziyasından söz açan bəzi müəlliflər yazırlar ki, sovet dövrünün şairləri zərif hisslərdən, duyğulardan yan kesmişlər. Bu fikrin nə qədər yanlış olduğunu sübut etməyə ehtiyac yoxdur. Budur, müharibənin od-alov saçan səngərindən bir əsgərin qəlbi həzin-həzin səslənir:


Ocaq sönür, yel əsir, yağış döyür səngəri..
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatırında qalırmı?
Görəsən, o gözəl qız məni yada salırmı?

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə…
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyub şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?


Öncə qeyd olundu ki, Əhməd Cəmil süjetli şeir ustası idi. Məlumdur ki, bu tipli şeirlərdə şair müəyyən obraz yarada bilir-fikir və duyğularını bu obraz ətrafında təqdim edə bilir. Ə.Cəmilin bu qəbildən olan şeirlərində hadisənin təsviri o qədər də önəmli deyil, şair başlıca diqqətini hisslərin, duyğuların dramatizminə yönəldir. «Şairlər və yollar» monoqrafiyasında Arif Abdullazadə yazırdı: «Süjetlilik Əhməd Cəmil şeirinin həm də quruluş cəhətini müəyyən edir. Belə ki, şairin süjetli şeirlərinin əksəriyyətində müəyyən poetik dramatizm mövcuddur»

Onun «Kənd xatirələri» silsiləsindən olan «Gülalı əmi», «Əmrahın ansı» şeirləri məhz bu bədii məziyyətlərinə görə seçilir. «Əmrahın anası» şeirindəki Hicran xala müharibədə həlak olmuş bir igidin anasıdır, yeganə nəvəsiylə bir yerdə yaşayır. Yolçular susuzluqlarını yatırmaq üçün onun yanına gəlirlər, amma bu qarı o qədər səmimi təsir bağışlayır ki, yolçülar su içməyi unudurlar.


Hər gün çöldən gələr, yorulmuş, xəstə,
Ləklərə su açar, fikrə gedərdi..
Oturub həyətdə bu taxtın üstdə
Gecə çubuğunu tüstülədərdi.

Bu, qarının öz əri haqqında dedikləridir. Görün o, nəvəsi barədə necə danışır:

-Əmrahdan nişanə odur, bilirsən,
Adı Nüşabədir, noğul deyirəm.
Oğul əvəzidir!.. Hərdən görürsən,
Huşum dağılanda «oğul» deyirəm…


Bu şeir, poema yazmayan Əhməd Cəmilin bir gözəl poemaya bənzər yaratdığı poetik nümunədir.

Onun şeirlərini oxuduqca, fikirləşirsən ki, bu gün üçün bunların hissi-emosional təsiri o illərdə olduğu kimi qalırmı? Əlbəttə, bəzi şeirlərində bunu axtarmaq əbəsdir, ancaq elə şeirlər də var ki, bu gün onlardan öyrənmək heç də pis olmazdı. Məsələn, «Bəxtiyar» şeirində şair təkcə Bəxtiyarın könül dünyasını deyil, həm də müharibənin özünün psixologiyasını yaradır. Şeirdə əsgərin boz şineli, tüfəngi canlanır, bunlar zahiri portreti tamamlayır. Şair əsgərə şeir oxuyur, bu ara toplar atılır. Sonra yüklü bir araba görünür, arabadan xeyli aralı qanlı, yaralı cəsədlər gözə dəyir. Və o həlak olanların içində on bir düşməni torpağa sərən bir igid uzanıb… O Bəxtiyardır!


Əynində boz şinel, əlində tüfəng,
Nəğmə oxuyursan gülümsəyərək:
«Mən bir qılınc idim, sığmadım qına…»
İri addımlarlı gəlir yaxına,
Əlimi sıxırsan, sonra ərk ilə
Məni gah danlayır, gah tutur dilə,
Deyirsən: «Bilirəm, məni anırsan,
Amma fikr etməsə yaxşıdır insan.
Yoxsa dərd adama olar ağır yük.
Könlüm şeir istəyir…Al, bir tütün bük.


Əhməd Cəmil həm də təbiət aşiqi idi və bu xüsusiyyət onun şeirlərində də bariz nəzərə çarpırdı.


Payızın son ayıdır…hər yan qırov, qar..
Qarşı sahil görünmür dumanda, çəndə.
Uğuldayır uzaqda-o tayda toplar
Sal üstündə üzürəm o taya mən də.
Uçuq evlər, aullar, xaraba kəndlər
Gözlərimdə canlanır, qorxunc yuxutək.
Kimsəsiz bağçalarda hər axşam-səhər
Körpə bir uşaq kimi ağlayır külək.


Bu misralar Ə.Cəmilin müharibə mövzusunda yazdığı bir şeirindən götürülüb. Təbiət təsviri burada insan əhval-ruhiyyəsi ilə paralel verilib. İndi isə başqa bir şeirinə müraciət edək:


Gecə dənizə baxdım-
Ürəyim dağa döndü.
Dənizi mən heç belə çırağban görməmişdim.
Ulduzlar,
göydən suya
enmiş kimi göründü.
Yox, ulduzlara yaxın
heç qayıq sürməmişdim
Xəzəri mən heç belə çırağban görməmişdim.


Heç şübhəsiz, Ə.Cəmil də öz dövrünün şairləri kimi «ənənəvi» mövzulardan yan keçə bilməzdi. «Onun da quruculuq illərinin romantikasını əks etdirən şeirləri olub. Əhməd Cəmil də beynəlxalq mövzuda şeirlər yazıb. Ancaq bu şeirləri də Əhməd Cəmil ürəksiz yazmayıb. «Bu gecə Nəsimi gəlmişdi bizə», «Təbrizdə», «Səməd Behrəngi», «Ancela Devisə», «Zəncilər məhəlləsi», «Kuba vətənpərvərləri», «Xulian Qrimau», «Konqo» və s. şeirlər buna misal ola bilər. Bəlkə də Əhməd Cəmilin o şeirlərində nəsə yaddan çıxacaq, amma şeirin özünün yaratdığı poetik təsir unudulan deyil.

Bütün məktublarını oxudum, Qrimau!
Mərdlik, inam, iradə,
Həyat, həqiqət dolu
Bütün qəlbini sanki oxudum
Sətir-sətir…
…Nəğmə nəqarətitək, orada binaların,
Uca divarlarında adın var, Qrimau!
Onlar səni qoynuna alan böyük baharın
Qüdrətli nəğməsində
Günəşli misralardır,
Misralar, Qrimau!


Altmışıncı illərdə öz azadlığı uğrunda mübarizə aparan Konqo həqqında ən gözəl şeirlərdən birini də Əhməd Cəmil yazmışdı:


Ağ oldu qaraların üzünə qara Konqo
Yetmiş beş il tapdanıb
Talanan müstəmləkə
Axır ki, qollarının zəncirini qırdı o.
Daşı, torpağı qızıl,
Xalqı ən yoxsul ölkə.


Əhməd Cəmil bədii yaradıcılıqda olduğu kimi tərcüməyə də tələbkarlıqla yanaşırdı. Onun müxtəlif illərdə V.Hüqodan, Nekrasovdan, İ.Frankodan, K.Simonovdan tərcümələri olub və əgər bu tərcümələrə də diqqət yetirsək, poeziyasına xas olan keyfiyyətləri burada da hiss edə bilərik.

Əhməd Cəmilin ömrünün son 10-15 ilində üstündə böyük zəhmət çəkdiyi bir tərcümə əsəri var ki, bu yazıda həmin əsər haqqında söz açmamaq insafsızlıq olardı. Bu, dahi alman şairi Hötenin «Faust» əsəridir. Ə.Cəmilin bu əsərə müraciətinin səbəbi ilk növbədə,Hötenin Şərq xalqlarının ədəbiyyatına məftunluğundan irəli gəlirdi. Məlumdur ki, Höte Şərq ədəbiyyatını yüksək qiymətləndirirdi və onların təsiri altında özü də əsərlər yazırdı. Onun «Qərb-Şərq divanı» (1814-1819) şeirlər məcmuəsi buna əyani sübutdur.Höte İran şairi Hafiz Şirazini «əbədiyyət kimi» uzunömürlü şair adlandırır və yazırdı ki: 


Nolaydı, mən də sənə bənzəyəydim bir qədər,
…Ancaq sənətdə təkrar yoxdur. Var ol yenə sən!
Sən bizdən çox böyüksən, sən həmişə yenisən!


«Faust» bütün dünya ədəbiyyatının şah əsərlərindən biridir və bu əsər dünyaya fəlsəfi-mifoloji motivlər əsasında bir baxışdır, azad cəmiyyət qurmaq axtarışlarını əks etdirir (tədqiqatçılar Nizaminin «İskəndərnamə»si ilə bu əsər arasında paralellər axtarmaqda səhv eləmirlər).

Əhməd Cəmil məhz belə bir möhtəşəm əsərə müraciət etmişdi və bu çətin vəzifənin öhdəsindən gələ bildi. Azərbaycan şairlərinin bir çoxu dünya ədəbiyyatının belə gözəl nümunələrinə müraciət etmişlər: S.Vurğun Puşkinin «Yevgeni Onegin»ini , R.Rza Mayakovski poeziyasını, M.Rahim Lermontov lirikasını, Ə.Kürçaylı Dantenin «İlahi komediya»sını,Yeseninin şeir və poemalarını, T.Əyyubov Şekspir sonetlərini Azərbaycan oxucularına, Ə.Cəmil Hötenin «Faust»unu yüksək sənət dililə Azərbaycan oxucusuna çatdırmışlar. «Faust»un ideyasını ən parlaq şəkildə ifadə edən misralara diqqət edin:


Yaşamaq istərsən, vuruş həmişə,
Azadlıq layiqdir o adama ki
Atıla bu yolda hər an döyüşə!
Olmuşam həmişə mən bu niyyətdə:
Gərək Yer üzündə bütün gənc, qoca
Yorulmaq bilməyə ömrü boyunca.
Ömrü başa vura fəaliyyətdə
Mən qaynar həyatlı azad ölkəmi
Yalnız belə görmək istərdim inan.
Görsəydim o günü, ah, o aləmi
Deyərdim: Ey zaman! Gözəlsən! Dayan!


Əhməd Cəmil yaradıcılığına həsr etdiyim bu yazını bir nisgillə bitirmək istəyirəm.

1983-cü ildə Ə.Cəmilin 70 illiyi münasibətilə «Azərbaycan» jurnalında bir yazı çap olundu, 1993-cü ildə də 80 illiyi qeyd olundu, beş il sonra da Ə.Cəmil unudulmadı. Bütün bu təşəbbüslərdə isə Ə.Cəmilin oğlu Eldar Cəmilzadə ən yaxın köməkçimiz idi. O, atasının ədəbi irsini göz bəbəyi kimi qoruyurdu, Əhməd Cəmil adını unutmağa qoymurdu. 2000-ci ilin yayında Eldar redaksiyaya belə bir yazı gətirdi: «Faust» Azərbaycan dilində». Bu məqalədə o, atasının bu tərcümə ilə bağlı apardığı axtarışlardan, çəkdiyi zəhmətdən söz açırdı.

Məqalənin çapı jurnalın dekabr nömrəsi üçün planlaşdırılmışdı. Lakin… günlərin birində baş redaktor İntiqam Qasımzadə kədərli bir xəbər çatdırdı mənə: Eldar Cəmilzadə xahiş edir ki, mümkünsə onun yazısı tez çap olunsun, o, ağır xəstədir və…


«Və» sözündən sonra dəhşətli bir söz gəlirdi.
Həmin məqalə oktyabr nömrəsində çap olundu.


Az sonra isə Eldar Cəmilzadə dünyadan köçdü. Atasına layiq, onun kimi sadə, təmkinli və istedadlı bir insan..Allah rəhmət eləsin!


Əhməd Cəmilin son şeirlərinin birində belə misralar var:

İki mininci ildə
Gəzəcəkmi sözlərim
Yenə ağızda, dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da
Qəlblərdə qalacağam.


Əhməd Cəmil səhv etmirdi-bu inamı onun şeirləri, poetik dünyası yaratmışdı.

Əhməd Cəmil 2000-ci ildə də anıldı, indi də anılır və gələcək illərdə də unudulmayacaq.