Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

İNSAN NƏYƏ NAİL OLURSA,
DEMƏLİ,
ONA DA LAYİQDİR
60 yaşlı dramaturq Əli Əmirli “Ulduz”a belə dedi


Əbülfət MƏDƏTOĞLU


İ­man USU­BOĞ­LU
ONDA DURNALAR QAYITMIŞDILAR


Elçin HÜSEYNBƏYLİ
AŞQABADIN GÖZƏLLİKLƏRİ VƏ ÖZƏLLİKLƏRİ


İnqilab İSAQ


Sevinc MÜRVƏTQIZI
"HƏRƏ ÖZ DÖVRÜNÜ YAŞAMALIDIR"


Fərqanə MEHDİYEVA
ELDAR BAXIŞ: “MƏNI TORPAĞA BAĞIŞLAYIN...”


Fərqanə MEHDİYEVA
ELDAR BAXIŞ: “MƏNI TORPAĞA BAĞIŞLAYIN...”


Eldar BAXIŞ


Na­hid HA­CI­ZA­DƏ
MƏNİ GÖZLƏYİN
Hekaya


HİC­RAN
Hekayə müsabiqəsi:
birinci mərhələ sona yetdi


Xəyalə SEVİL


Hacı NƏRIMANOĞLU
XLOR
hekaya


Nurəddin MİRZƏXANLI


Ziyəddin SƏLİMOV


HİCRAN
2008-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı
O, ilk romanını 7 yaşında yazıb


Ağalar İDRİSOĞLU
DƏYƏRƏM MİN CAVANA



 

Elçin HÜSEYNBƏYLİ
AŞQABADIN GÖZƏLLİKLƏRİ VƏ ÖZƏLLİKLƏRİ


 

Lütfən, bu yazını yol yoldaşlarıma və türk (türkmən) məmləkətinə sayğının nümunəsi kimi qəbul edin, yol yoldaşlarımla tanış olun və başlayalım: "Altun kitab" nəşriyyatının direktoru, köhnə və yeni dostum Rafiq İsmayılov, Azərbaycan Kitab Klubunun rəhbəri Elxan Rzayev, Elmlər Akademiyası kitabların komplektləşdirilməsi və beynəlxalq mübadilə şöbəsinin müdiri Səidə Rzayeva və "Letterpresin" direktoru Cabir Əsədov. Yaxşı yol yoldaşı olduqlarına görə onlara təşəkkürlər və atəşin salamlar!
Bu səfərdə Elxan Rzayev özünü kitabların mahir təbliğatçısı, Rafiq İsmayılov zövqlü naşir və müşahidəçi, Cabir Əsədov təcrübəli iş adamı, Səidə Rzayeva səliqəli və işgüzar xanım kimi göstərdi, bəndəniz isə türkmən yazarların axtarışındaydı…
Bir zamanlar küləyin at oynatdığı, günəşin yandırdığı ucu-bucağı görünməyən səhra indi cənnətməkandır. Şərti desək, "Yeni Aşqabad" səhranın ortasında bir yaqut kimi parıldayır. Sonradan bilirsən ki, bu, zahiri parıltıdır.
Aşqabad mənim "Tut ağacı boyunca" romanımın qəhrəmanı Aişə xanımın vətənidir. Ona görə də səfər barədə eşidən kimi razılaşdım. Xəyallarımda canlandırdığım şəhəri əyani görmək istəyirdim.
Hava limanından (düz tapdınız, burada az qala hər şey türkmənlərin atası Türmkənbaşının adınadır) "Qara altın" mehmanxanasına qədər uzanan yolda Aşqabadla bağlı bədbin fikirlərimizi dəfn edirdik. Çünki yollar enli, hamar və təmiz, küçələr geniş, parklar az qala bir "Azadlıq" meydanı boyda, çoxsaylı fəvvarələr. Baxdıqca göz sevinir, ürək sakitləşir. Türkmən qardaşlarımız yeni, şərq üslublu çoxmərtəbəli binalar yaradırlar. Memarlar Fransa, İtaliya və Türkiyədən olsalar da, deyilənə görə, bu gözəl və yaraşıqlı binaların əksəriyyətinin layihəsini türkmənlər üçün hələ də diri, başqa millətlərə görə o dünyaya təşrif aparmış mərhum Saparmurad Niyazov verib. Şəhər sakinlərinə evlər 50 iliyə kreditlə verilir. Gömrük xidməti sərtdir. Ölkədən çıxarılan nisbətən qiymətli əşyalara (xalçalara) hökmən dövlətin icazəsi olmalıdır.
Aşqabadda kişilər əsasən avropasayağı geyinir, qadınlar isə milli libaslara üstünlük verirlər. Küçələrdə işləyənlər, hətta ofisiantların da əksəriyyəti qadınlardır. Görünür, kişilər kölgədə qalmağı xoşlayırlar.
Türkmənbaşı kultu hər addımda özünü göstərir. "Aşqabad Türkmənbaşıdan ibarətdir" - desəm, şübhə etməyin. Burada adamlar astadan danışmağı öyrəniblər. Məşhur bir romanda deyildiyi kimi: hündürdən danışsan, qar uçqununa, qum selinə səbəb olarsan.
Saparmurad Niyazovu burada həm sevir, həm də ondan qorxurlar. Özü olmasa da, ruhu başlarının üstündədir. Amma yeni prezident Qurbanqulu Berdımuhəmmədovun mövcud rejimi yumşaltmaq meylinin olduğunu deyənlər də var.
Oktyabrın 6-dan 13-nə qədər Aşqabadda keçirilən tədbiri Dövlət Nəşriyyat Xidməti təşkil etmişdi. 22 ölkədən 108 təşkilatın, onlarla yazıçı və şairin iştirak etdiyi sərgi-yarmarka səhər saat 10-dan axşam 18-ə kimi davam edirdi.
Öncə bizi Türkmənbaşının uyuduğu məscid - məqbərə kompleksinə, başqa cür desək, mavzoleyə apardılar. Mənimçün yaxşı mənada təəccüblü olanı yüzə yaxın tər çiçək dəstələrinin iştirakçılara paylanmasıydı. Yovşan qoxuyan çiçəklər türk çölündə olmağımızdan xəbər verirdi.
Möhtəşəm mavzoley-məscidin ortasında Türkmənbaşının özünün, Böyük Vətən müharibəsində həlak olmuş atasının, Aşqabadı batıran zəlzələ zamanı bu dünyadan köçmüş anasının və iki qardaşının sinədaşı var. Çiçəklər isə Aşqabad zəlzələsində həlak olmuş ana və cocuqların heykəli qarşısına düzülürdü. Guman ki, həmin ana və uşaqlar Saparmurad Niyazovun doğmalarının heykəlləşmiş faciəsiydi. Molla yasin oxuyub, fatihə verəndən sonra namazgaha gəldik, bardaş qurub oturduq. Bələdçinin dediyinə görə, dünyada ən böyük günbəz buradadır. Divarlara Türkmənbaşının "Ruhnamə"sindən sitatlar həkk olunmuşdu. "Quran Allahın kitabıdır, "Ruhnamə" isə müqəddəs kitabdır"-həmin sitatların birində deyilirdi. Dünyanın son yarımdiktatorlarından biri, deyəsən, son peyğəmbər olmaq iddiasındaymış. Amma nədənsə onu dilinə gətirməyib. Olsun ki, öz əbədiliyinə inanırmış və yenə də deyilənə görə, bu məscid-məqbərəni hələ sağlığındaykən tikdiribmiş.
Türkmənbaşının qızıl suyuna çəkilmiş heykəli (bəziləri onun qızıldan töküldüyünü deyirlər) günəş istiqamətində fırlanır. "Ruhnamə" kitabına isə böyük abidə qoyulub. "Ruhnamə" adına məktəb də var. "Ruhnamə"nin ruhu hər yerdədir.
Türkmənistanda İnternet şəbəkəsi yoxdur. Yalnız dövlət və hökümət idarələrinin bəzilərində elektron poçt fəaliyyət göstərir.
Zəhmətkeş türkmən xalqının nümayəndələri tezdəndən axşama kimi yolları süpürməklə, qazonları biçməklə məşğuldurlar. Bu ölkənin sərvətinin sadə adamlara, deyəsən, az dəxli var. Həyat şəraiti aşağı, ərzaq və sənaye mallar mağazaları kasaddır. Amma kətan paltarlarından razılıq eləməyə dəyər.
Sən demə, Türkmənbaşı vətəndaşlarına sevgisindən sosial təqaüdləri ləğv edibmiş: "Mənim soydaşlarım çoxuşaqlıdırlar. Bizdə isə valideynə məhəbbət çox yüksəkdir. Ona görə də qocalanda onlara öz uşaqları baxırlar. Pensiya nələrinə gərəkdir", - deyibmiş. Amma indi pensiyalar yenidən bərpa olunur, əvəzində kommunal xərclərə də pul ödənilməyə başlayıb.
Yazıçıların vəziyyəti o qədər acınacaqlıdır ki, adam az qalır dəsmal götürüb ağlasın. Elektron poçta həsrət qalan yazıçılar, bir-birilə ünsiyyətdə də çətinlik çəkirlər. Çünki heç bir yazıçı təşkilatı yoxdur. Onlar Azərbaycan yazıçılarına yaradılmış şəraitdən heyrətlənirdilər.
Sovetlərin hələ də şüurlarda qaldığı Aşqabadda əslində nə kapitalizm, nə də sosializmdir. Zahirən hər şey gözəldir, daxildə isə insanlar gərgin bir atmosferdə yaşayırlar. Dəbdəbəli teatrları olan bu ölkədə dramaturqlar, demək olar ki, qonarar almırlar. Mən deyəndə ki, dövlət yazıçılara təqaüd verir, yaradıcılıq kompleksi tikdirir, binamız əsaslı təmir olunur, Mədəniyyət və Turizm Nazirliyi dramaturqların əsərlərini satın alır, onların gözlərində həsədi hiss eləməmək mümkün deyildi. Əmək haqqı aşağı olan Aşqabadda (normal işi olan adamın əmək haqqı 150 dollardır) dramaturqun bir əsərinin alınması onun bir illik qazancıdır.
Türkmənistanda bir ədəbi dərgi ("Qaraqum") və bir ədəbi qəzet ("Ədəbiyyat və sənət") çıxır.
Ən kövrək məqamlardan biri "Köy ata" deyilən qutsal bir məkanda baş verdi. Təzə evlənənlər zifaf gecəsindən əvvəl bura ziyarətə gəlir. Musiqi də oxşardı, rəqs də, adət-ənənə də. Bizim mahnıları çox sevirlər. Burada hələ də başlıq dəbdədir. Oğlan evi qız evinə 50 milyon manatdan 100 milyon manata qədər pul verir (təxminən 4- 8 min dollar). Burada da pul vahidi manatla ölçülür, amma onu daşımaq üçün hərənin əlində bir çanta var. Ən qiymətli əskinası 10 min manat olan pulun alıcılıq qabiliyyəti çox aşağıdır.
Aşqabadın təxminən yüz kilometrliyində yerləşən "Köy ata" (bəlkə də "Göy ata", yaxud "Göl ata") mağarası yerin dərinliklərindədir. Mağaranın ortasında göl var. Həvəsi olanlar hərarəti +36 dərəcə olan müalicəvi suda çimməyə tələsir.
Ziyarətgahın həyətində türkmən qardaşlarımız inək (sığır) ətindən lülə, qoyun ətindən tikə kabab verirlər. Ora qədər gəlib, türkmən kababını dadmamaq günah olardı.
Dilləri bizə yaxın olan türkmənlərin danışıqları sərtdir. Onları başa düşmək üçün gərək bir müddət aralarında yaşayasan.
Sərt rejimin hökm sürdüyü Türkmənistanda təşkilatçılıq aşağı səviyyədədir. Təsəvvür edin ki, sərgi salonunda naşirlər özləri piştaxtaları quraşdırırdılar. Türkmən yazıçıları ilə görüşmək üçün mən 3 gün gözləyəsi oldum. Əsasən rus kitablarının çoxluq təşkil etdiyi sərgidə Azərbaycan kitablarının poliqrafik göstəriciləri ən yaxşı olmasa da, pis təsir də bağışlamırdı.
Xörəklərini əsasən pambıq yağı ilə bişirən türkmənlər yun çubuğu kimidirlər, qara və arıqdırlar. Bu ölkəni Azərbaycanla müqayisə eləmək mümkün deyil. İnciməsələr deyərdim ki, onlar çox geridə qalıblar. Memarlıq məsələsində isə bizi üstələdikləri şəksizdir. Aşqabad bir Bakı merinə möhtacdır ki, geniş parkların yerində göydələnlər ucaltsınlar.
Türkmənlər soyköklərini Oğuz xanla bağlayırlar. Dədə Qorquddan tutmuş, üzü bəri qiymətli nəyimiz varsa, ona şərikdirlər. Dədə Qorqud, Koroğlu, Qaracaoğlan, Qazan xan, hətta səlcuq bəyləri də onların ulu babaları hesab olunur. "Kazandandır nəslimiz, aridir əslimiz" -deyən Qaracaoğlan bir əlində saz, bir əlində qızılgül tutub.
Türkmənbaşının saldırdığı "Sağlıq yolu" parkı seyrçilər üçün füsünkar bir mənzərə açır. Deyilənə görə, bu gözəllik sadə türkmən xalqına baha başa gəlib. Dağ başına aparan 1000-ə yaxın pilləkənin salınması zamanı onlarla fəhlə həlak olub.
Amma kim nə deyir-desin, Türkmənbaşına göstərilən açıq sayğı və sevgi (daxili qorxunu nəzərə almasaq) özünü doğrultmaqdadır. Belə ki, türkmənlər qonaqları, məhz onun tikdirdiyi elmi və milli mərkəzlərə aparır, sarayların əzəmətilə açıq-aşkar qürurlanırlar.
Bu dünyadan o biri dünyaya sevgi və qorxu üstündən körpü salmış Saparmurad Niyazovun inşa etdirdiyi binalar dünyanın bir qədər də gözəlləşməsinə, baxımlı olmasına kömək edir. "Bu qala - daşlı qala, çınqıllı-daşlı qala, tikmədim özüm qalam, tikdim ki, izim qala"- mahnısını burada zümzümə etmək yerinə düşür.
Bizim qaldığımız "Qara altın" mehmanxanasında bar olmadığına görə sərgidən sonra üzümüzü "Nebitçi" ("Neftçi") qonaq evinə tuturduq. Rusiyalı yazıçı dostlarımız yaşayan bu mehmanxanada rus ab-havası hökm sürürdü. Bu ab-havanı isə görüb-götürmüşlər yaxşı duyurlar. Gecə yarısına qədər qarşılıqlı zarafatlarla rövnəqlənən məclis…
Sonda onu deyim ki, nəğmələri, dilləri, adət-ənənəsi bənzər olan türkmənlərlə azərbaycan türklərinin dostluğuna, daha da yaxınlaşmasına ehtiyac var. Bunu zaman, məkan və doğmalıq tələb edir. Qəribədir ki, ikitərəfli əlaqələrin yaxşılaşmasına kömək etməli olan səfirlik işçilərindən heç birini sərgidə görmədik. Halbuki türkmən televiziyası sərgi barədə müntəzəm məlumatlar verir və azərbaycanlı naşirlərin çıxışlarını işıqlandırırdı. Onsuz da səfirliyin bu mötəbər tədbir haqda məlumatı vardı.
Mən öz tərəfimdən türkmən qardaşlarımıza yardım əlimi uzatdım və Türk Dünyası Ədəbi Dərgilərinin oktyabrın sonunda Bişkekdə keçiriləcək ikinci konqresinə dəvətnaməni təmin etdim.

                                                                                     Bakı-Aşqabad
                                                                                     14 oktyabr