Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zahid SARITORPAQ


Hicran HÜSEYNOVA
İNSAN MƏSKƏN SALIR


Za­kir SA­DAT­LI (Əd­nan)
SALAM, BAÇA!


Fə­x­ri UĞ­UR­LU (Toğ­rul Oğ­uz­xan)
DI­RIL­MƏ
(Yas yerindən 30 il gecikmiş reportaj)


Eyvaz ZEYNALOV (Qoca)
Mənim tanımadığım Moskva


Və­si­lə USU­BO­VA (NƏR­GİZ)
PO­LO­NEZ


Elbariz MƏMMƏDLİ


Vasif SÜLEYMAN


Sahib CAMAL


Vaqif ƏSƏDOV
SƏMƏD VURĞUNUN ZƏMANƏTİ İLƏ…


Böyükxan PƏRVİZ


Yadigar Əliyev
QƏDİM TÜRK RUNİK YAZILI ABİDƏLƏRİNİN YENİ AREALI AZƏRBAYCANDIR


Güloğlan DÜNYA


Vaqif YUSIFLI
BU, SEVGIDIR....


Xey­rəd­din QO­CA
GÖR-GÖ­TÜR DÜN­YA­SI…


S.Həmidli
Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının builki laureatları bəlli olub


Gül­şən LƏ­TİF­XAN
MİL­YON­ÇU
(po­vest)


Vüsal NAZİMOĞLU


Oxu zalı
 

Gül­şən LƏ­TİF­XAN
MİL­YON­ÇU
(po­vest)


 

Gülşən Lətifxan Hollandiyada yaşayan azərbaycanlı yazardır. Onun «Mənim nəslimin qızları» romanı bu il Moskvada keçirilən beynəlxalq ədəbi müsabiqədə baş mükafata layiq görülüb. Yazıçının 2004-cü ildə rusca qələmə aldığı «Milyonçu» povestini Məmməd Orucun tərcüməsində «Ulduz»un oxucularına təqdim edirik.
Üç uşağının anası-kəbinli arvadı da daxil olmaqla hamı bu fikirdə idi ki, Cümşüd kişi çox xəsis adamdır. Təzə ailə quranda Sitarə xanım ərini «hesabını bilən adam» kimi qələmə versə də, daha sonra «qənaətcil» adlandırsa da, illər ötdükcə o da ərinin xırdaçılığından təngə gəldi. Ona bəslədiyi mərhəm duyğular da nifrətə çevrildi.
Bu dünyada kimsəyə bəlli deyildi ki, onun nə qədər pulu var, amma hamı deyirdi ki, parası çoxdu. Qoca özü də bilmədən özünün və öz varidatının ətrafında özünəməxsus ilğım yaratmışdı.
Maraqlıdır, övladları böyüdükcə, varlı ataları daha da özünə qapılırdı, elə bil qorxurdu ki, varisləri varidatına yiyələnmək istəyərlər, axı uşaqlar etirazlarını hərdən açıq-aşkar bildirirdilər, qulağı eşidə-eşidə deyirdilər ki, yaxşı pul-parası olsa da, niyə hər qəpiyin üstündə əsir; bəli, uşaqları onu başa düşmürdülər, amma Cümşüd kişi fikirləşirdi ki, hər yerdə, hər anda qənaət etməlidir, el arasında deyildiyi kimi pulu çıxanda elə bil canı çıxırdı. Amma zavallı Cümşüdü heç kim başa düşmək istəmirdi, heç kim fərqində deyildi ki, o öz varidatını bütün ömrü zahid həyatı yaşaya-yaşaya yığıb, yeməyib-içməyib, başqaları kimi kef məclislərinə, meyxanalara getməyib..

***

İkinci dünya müharibəsi qurtaran il dünyaya gələn Cümşüd çətinliklə böyümüşdü. O, qəfildən atasız-anasız qalmasını, əmisi Adıgözəlin ona yiyə durmasını, onu öz evinə aparmasını yaxşı xatırlayırdı. Əmisi ona anlatmışdı ki, Cümşüd ona minnətdar olmalıdır və elə bu səbəbdən də hər dəfə əmisi arvadının açdığı süfrədə doyunca yeyəndə, əmisi oğlanlarının köhnə-kürüş paltarlarını geyinəndə dərhal öz minnətdarlığını bildirirdi. Əmisinin, əmisi arvadının səxavətini qəlbən də yüksək dəyərləndirirdi. O, əmisinin ailəsinə necə minnətdar olmaya bilərdi ki, onun yaxşı-yaman bütün hərəkətlərinə dözürdülər; acgözdü, nə qədər yedizdirirdilərsə də o, yenə də yemək istəyirdi; pisdən-yaxşıdan geyindirirdilər, iki günə cırıb dağıdırdı, ona öyüd-nəsihət verirdilər, amma yenə də küçələrdən yığa bilmirdilər və beləcə nə qədər tərbiyə versələr də, xuliqan kimi böyüyürdü.
Yeniyetmə vaxtlarında dəhşətli dərəcədə hiss eləyirdi ki, doymur. Bütün günü yemək istəyirdi. İnkişafda olan orqanizmin tələbləri yəqin ki, vitaminlər, minerallardı və elə bu ehtiyac da onu qonşu bağlara, bostanlara oğurluğa aparırdı və o, bu bağlarda, bostanlarda əlinə keçəni ağzına təpirdi, əlbəttə, yumadan, qabığını soymadan.
Aylar, illər keçdikcə o doğulduğu Aşağı Mərəzə kəndində bir bostan oğrusu kimi o dərəcədə məşhurlaşdı ki, onu qotur it kimi hər yerdən qovmağa başladılar. Cümşüdün qarınqululuğu haqqında əfsanələr meydana gəlmişdi və beləcə çox keçmədi ki, onun hərəkətlərinə dırnaqarası baxan ən qəlbikövrək qonşular da ondan üz döndərdilər, bağı-bostanı ondan qorumağa başladılar. Yeməkdən doymayan yeniyetmə dəvə kimi qarnına ehtiyat yem doldurmağı da öyrəndi. Bir Allah bilirdi ki, bir dəfəyə iyirmi-otuz kilo xiyarı, pomidoru tozlu-torpaqlı qarnına doldursa da, mədəsi pozulmurdu. Bir sözlə çılpaq, ayaqyalın gəzməsinə, əlinə keçəni tozlu-torpaqlı ağzına təpməsinə baxmayaraq, bütün xəstəliklər ondan yan keçirdi.
«Heç bir xəstəlik bu yetimçəyə yaxın düşə bilmir». Bu bütün ili uşaqlarına dava-dərman içirdən əmisi arvadının sözüdür. O, tez-tez qonşu arvadlara deyirdi ki, mən uşaqlarıma içinə qoz ləpəsi, yüz cür ədviyyat doldurulmuş ləvəngi yedizdirirəm, yağ içində böyrək kimi bəsləyirəm, amma nə olsun, bütün ili xəstədilər.
Öz aramızdı, o ləvəngidən hərdən Cümşüdün də dişinə dəyirdi-o iştahla əmisi uşaqlarının qabağından qalan sümükləri gəmirirdi, toyuğun içalatını, diş batmayan pətənəyini yeyirdi və bu səxavətinə görə xeyirxah ev sahibəsinə təşəkkür etməyi də unutmurdu.
Dişlərinə diş fırçası, saçlarına şampun, daraq, bədəninə isə hələ kisə dəyməmişdi. İy verib iylənməsini onun yadına yalnız bayramdan-bayrama salırdılar, bir vedrə sabunlu su ilə yaxalanıb, nimdaş, tullanası bir qətfə ilə qurulanması üçün şərait yaradırdılar. Çimməkdən ona görə zəndeyi-zəhləsi gedirdi ki, sabun köpüyü gözlərini acışdırırdı, üstəlik də çiməndən sonra saçları biz-biz dururdu.
Hamama girməyi ilə çıxmağı bir olanda onu yenidən vadar eləyirdilər ki, çimsin. İşlənmiş, mələfə və alt paltarları yuyulmuş aravı-sabunlu suyu ondan əsirgəmirdilər və bu aravla bədəninin kirini çıxardanda, o heç nədən incimirdi, yenə də özünü ailənin tam hüquqlu üzvü sayırdı, axı başqa, kənar adamları o hamama buraxmırdılar və o, özü də hiss eləyirdi ki, çimməyə yer tapmayan daha kasıb qonşular ona həsədlə baxırlar.

***

Yox, həyatdan gileylənməyə onun haqqı yoxdu. Onun öz döşəyi də vardı. Düzdür, bu döşək yepyekə oğlan olmasına baxmayaraq, hələ də hər gecə yerini isladan əmisi oğlunun altından çıxmışdı və döşəkdəki iri, sarı ləkə məlum məsələ idi ki, necə yaranıb, amma bu onu iyrəndirmirdi. O özünün tər qoxulu, çirkli balıncını daha çox sevirdi və qışda da, yayda da sırığı söküldüyündən yunu hara gəldi yumbalanan yorğanına bürünüb yatırdı. O qaranlıq tikilinin gil döşəməsində yatsa da, özünü bəxtiyar sayırdı; özü də ona görə ki, o, bu böyük otağın yeganə sahibi idi. Öz sakinlərinin özünəməxsus kəsif qoxusunu özündə yaşadan bu «malikanəyə» kimsə ayaq basmırdı və onun uzun qış gecələrində başını onun ayaqlarına qoyub yatan Alabaşın yumşaq tüklərini sığallaya-sığallaya xəyala dalmaq, arzulara qovuşmaq imkanı yaranırdı.
Otun altında gizlətdiyi yeşik onun ərzaq anbarı idi və əlinə düşəni orda saxlaya bilirdi. Nəticədə də qış gecələrində onun dişinə şirəli alma da dəyirdi; günəşin rəngini özündə yaşadan ətirli, bal kimi narıngi də. Yox, o öz həyatından çox razı idi, şikayətlənmək günah olardı. Hərdən onun həyatına qara ləkələr də düşürdü; belə ki, şikayətlər üst-üstə gələndə əmisi onu qayışla döyürdü və o, başa düşürdü ki, günahkardı, cınqırını da çıxarmırdı, dözürdü. Zəhləsi gedən şeylərdən biri də hər yaz qoyun qırxımı zamanı başına gələn hadisə idi; onun başını dibdən qırxırdılar. Cümşüd ha çalışırdı ki, başının qırxılmasına macal verməsin, amma əbəs yerə. Dibindən qırxılmış par-par yanan, nahamvar başını zibillikdən tapdığı iri kepka ilə gizlətməyə çalışsa da, uşaqlar bu kepkanı başından götürür və «keçəl, keçəl!» deyə onu cırnadırdılar.

***

Bir dəfə onun da həyatında əsil bayram oldu; onu əmisi oğlu Əflatunla bir yerdə sünnət elədilər. O zaman Cümşüdün yeddi yaşı vardı və o, artıq hər şeyi başa düşdüyü üçün utanırdı. Sünnət ərəfəsində mərhum anasının bacısı-xalası Samaya onu öz evinə apardı, öz hamamına salıb çimizdirdi, hətta başını yumurtalı «Solnışka» şampunu ilə yudu, hələ sonra da qayçı ilə əvvəl əllərinin, sonra da ayaqlarının uzanmış, qatlanmış dırnaqlarını tutdu. Bacısı oğlunun əllərindəki yara yerləri, döyənəklər və dabanlarındakı çatlar xalasını o dərəcədə kövrəltdi ki, gözlərinin yaşını saxlaya bilmədi, hönkür-hönkür ağladı.
O gün o, ailə üzvləri ilə bir süfrə arxasında qarnını doyurdu, sonra da əsil çarpayıda yatdı, altında da qar kimi ağappaq mələfə. Keçirdiyi duyğulardan o qədər həyəcanlanmışdı ki, səhərə qədər gözlərinə yuxu getmədi. Kraxmallanmış mələfə altında xışıldadıqca, onu tər basırdı və ona görə uzandığı yerdə tərpənməməyə çalışırdı ki, mələfənin ütüsü pozulmasın. Gecənin bir vədəsi xalasının qaradinməz, adamayovuşmaz ərini nəyə isə inandırmaq istədiyini eşitdi, amma dəqiq kəsdirə bilmədi ki, söhbət nədən gedir, o ərinə niyə yalvarır, amma öz adını və xalasının hıçqıra-hıçqıra dediyi sözü aydınca eşitdi: «bədbəxt yetim uşaq». O eşidirdi: xalasının əri əvvəlcə olunan xahişdən sadəcə, günahkarcasına imtina elədi, amma sonra arvadına çəmkirdi və xalası dərhal otaqdan çıxdı.

***

Ertəsi gün səhər yeməyi zamanı xalası ona bal, qaymaq, yağlı kökə-fətir yedizdirəndə, əri gəlib çıxdı, əlində də iri bir bağlama. Yaltaqcasına arvadına nəzər salandan sonra bağlamanı açdı və məlum oldu ki, o, Cümşüdə sünnət olunması münasibətilə hədiyyələr alıb. Ömründə ilk dəfə, öz səadətinə inanmadan, yalnız təzə paltarlar geyindi. Xalasının əri təzə mayka-tuman, şalvar, köynək, kepka, corab, hətta tufli də almışdı. Cümşüdün qaloşdan başqa ayaqqabı görməyən yalın ayaqları qəribə bir duyğunun həzzini yaşadı, ayaqlarını nə şüşə kəsdi, nə daş-kəsək əzdi.
İki saatdan sonra Cümşüdün əmisi öz təzə libasında, xalasının ərinin –kirvəsinin əlindən tutub inam və fəxarətlə əmisi evinə səmt addımlayırdı.
Onu soyundurub əyninə qırmızı, atlas yubka geyindirdilər, kirvəsi onu qucağına aldı və dəllək çox rahatlıqla onu sünnət elədi. Ağrıdan gözlərinə qaranlıq çöksə də, qonaqların diqqət mərkəzində olduğundan səsini də çıxarmırdı və çalışırdı ki, bu ağrını tez unutsun. Onu da artıq sünnət olunmuş əmoğlusu kimi çarpayıya uzatdılar.
Sonra firavan anlar, saatlar başladı. Başının üstündən qırmızı şarlar asdılar, onu çay qaşığı ilə yedirtməyə başladılar, sünnət olunduğu üçün iri sinilərdə çeşidli şirniyyatlar, çərəzlər gətirdilər, kənd uşaqları onlara baş çəkib, töhvələrlə sevindirdilər. O gün Cümşüdə çoxlu hədiyyələr bağışladılar, amma bunların çoxusu ona gərək deyildi. Xüsusən də karandaşları, məktəbli çantasını, oyuncaq maşınları, yarasanı, rezin topu o bilmirdi neyləsin. Feldşerin bağışladığı konstruktora baxanda isə onu gülmək tuturdu, fikirləşirdi ki, onun belə şeylərlə oynamağa vaxtı hanı?!
Yataqdan qalxmadığı bu bir neçə günü Cümşüd ömrünün ən bəxtiyar anları, saatları sayırdı, o günlərin özünəməxsus qoxusunu səadət anları kimi həmişə xatırlayırdı.

***

O günlərin sehirli rayihəsi yeniyetməlik çağlarında daha tez-tez yuxusuna girirdi; məhz o günlərdə burnunda pulun özünəməxsus qoxusu qalmışdı; məhz o günlərdə onun əlinə bəxşiş kimi pul da vermişdilər. Özü də əsil pul.. O bu cür pulları kənd dükanında, çayxanada yaşlıların əlində görmüşdü. İndi isə onun özünün də pulu vardı. Özünü sərvət sahibi sayırdı; ona verilən qırmızı, kağız əskinasların üzərində hansısa bir keçəl kişinin surəti əks olunmuşdu. İkisi beşlikdi, beşi üçlük. O, əmoğlusuna daha çox pul və hədiyyə verildiyini görsə də, zərrə qədər də ona paxıllıq eləmədi, axı onun özünün də pulu vardı!!!
Ertəsi gün xalası Samaya onu yedirdəndə gördü ki, Cümşüd ona verilən pulları hələ də ovcunda tutub; elə bil itirməkdən qorxurdu. Hətta o, bacısı oğluna təklif edəndə ki, pullarını versin, o etibarlı bir yerdə saxlayar, Cümşüd qorxu içində əlini geri çəkdi, pullarını balıncın altında gizlətmək istəyəndə isə az qaldı ki, bozbaş yatağa dağılsın. Onu qəlbən anlayan xalası heç nə söyləmədi, amma ertəsi gün ona boyundan asmaq üçün qaytanı da olan bir tənbəki kisəsi bağışladı. Bu hədiyyə Cümşüdün xoşuna gəldi, eynini açdı və əskinaslarını bu kisəyə qoyub boynundan asdı.
Bu tənbəki kisəsi Cümşüdü göyün yeddinci qatına qaldırdı, çünki bu kisənin sayəsində gündüz də, gecə də pullarından ayrılmırdı.
Sünnəti tamam sağalandan, kənd arasına çıxandan sonra dükana da gəldi və dükançı həmişə olduğu kimi onu qovub mağazindən çıxartmaq istəyəndə zəhmindən yer yarılan satıcının üzünə bozardı və özü də yekə-yekə:
-Mənim pulum var, -dedi, -sənnən alver eləyəcəm.
Heyrətə gəlmiş dükançı onun qarşısından çəkildi və o, udqunaraq sözünü dedi:
-Mənə yüz qram noğul çəkin!
O yüz qram noğulu və satıcıya şəstlə uzatdığı «üçlüyün» qalığını alıb dükandan çıxanda ucadan:
-Bax, buna deyərəm xoşbəxtlik, -dedi, -xoşbəxtlik!

***

..Daha dükanın qapısı üzünə açıqdı və Cümşüd vaxtaşırı bu qapıdan girirdi, amma heç vaxt artıq yox, beş ya on qəpik xərcləyirdi. Əsasən şirniyyat alırdı və pulu azaldıqca bir ümdə məsələni anlayırdı: pulla bütün qapıları açmaq olar. Və elə bu səbəbdən də boynunda gəzdirdiyi tütün kisəsindən pulların günbəgün azalması onu dəhşətə gətirirdi və tütün kisəsi boşaldıqca o fikirləşirdi ki, görəsən hardan pul əldə etmək olar? Nəhayət ki, ona bir həqiqət də ayan oldu: pulu nə qədər ki, xərcləmirsən, sənindi, nə isə aldınsa, yayda yağan qar kimi əriyəcək, heç izi də qalmayacaq. Beləcə onun da varidatı tütün kisəsində əridikcə, Cümşüd az qalırdı havalana. Bir dəfə tay-tuşları ilə aşıq-aşıq oynayanda, Cümşüd təklif etdi ki, boş-boşuna yox, bir qəpikdən oynasınlar. İlk bir qəpikliyi uduzanda ürəyi elə döyünürdü ki, az qalırdı sinəsini deşib çıxa. İkinci bir qəpikliyi də uduzdu. Üçüncü bir qəpikliyinin başına da belə bir müsibət gəldi və sonra da..
Cümşüd dəli kimi oldu! Bir saatın içində o, bütün varını-yoxunu uduzdu: düz səksən qəpik! Başa düşə bilmirdi ki, bu oyundan niyə aralana bilmir?; niyə bu oyunda onunku gətirmir? Amma nə qədər uduzsa da kənara çəkilmirdi; o bilmirdi ki, bunun üçün də iradə-kişilik gərəkdi! Nəhayət ki, tay-tuşları pullarını çox asanlıqla uduzan «yetimçə»nin inadkarlığından təngə gəldilər və onu göz yaşları, dərin kədər içində qoyub aşıq-aşıq oynadıqları söyüdün altını tərk etdilər.
O gündən sonra Cümşüd bütün vaxtını aşıq-aşıq oynamağa sərf elədi. Demək olar ki, həyətdən çıxmırdı, səhərdən axşama kimi aşıq atırdı, bu oyunun bütün sirrlərinə vaqif olmağa çalışırdı. Bir az sonra, o yenidən kənd arasına çıxanda və o tanış uşaqlar onu pulnan aşıq-aşıq oynamağa çağıranda, o bu təklifi elə bir coşğunluqla qarşıladı ki, hamı heyrətə gəldi. O, dərhal təklif elədi ki, bir qəpikdən yox, iyirmi qəpikdən oynasınlar. Asan qələbəyə ümidvar olan uşaqlar razılaşdılar, amma bu dəfə Cümşüd onlarıa göz verdi, işıq vermədi, nə az, nə çox düz iki manat pullarını uddu. Və sonra da onunla aşıq-aşıq oynamağa heç kim ürək eləmədi. Bu dəfə pullarını yavaş-yavaş xərcləməyə başladı, üstündə keçəl kişinin əksi olan əskinasa isə qıymadı, onu tütyə-təbərrük kimi qorumağa başladı və o bir neçə il sonra bildi ki, zaman-zaman öz ətrini itirən, bozaran, qıraqlarını qat kəsən bu əskinas ölüb. Dövlətin əskinaslarını dəyişməsindən o, xəbər tutmamışdı. Bununla belə o daha heç nəyə yaramayan, adicə kağız parçası olan əskinasdan ayrılmaq istəmirdi.

***

Uşaqlığı belə keçdi və yəqin ki, yaşa dolmuş Arazxan müəllim təqaüdə çıxmasaydı, Cümşüdün həyatında çətin ki, nə isə dəyişəydi. Mədə xorasından əziyyət çəkən Arazxan müəllim sərtliyinə görə şöhrət qazanmışdı, üzü gülməzdi, həmişə qaş-qabaqlı gəzib dolanardı. Bir zamanlar içkiyə qurşandığını, hər axşam bir-iki stəkan tut arağı gillətdiyini təəssüflə xatırlayırdı, indisə mədə ağrılarından qurtarmaq üçün həkimlərin yazdığı dərmanları ata-ata günlərini sayırdı. Elə ilk gündən –Cümşüdü cır-cındır, səfil kökündə görəndə yuyunub-daranmış, şax dayanmış müəllimin ondan zəhləsi getdi. Elə o gündən müəllimlə şagirdin arasında təlim-təhsil qaydalarına yad olan, tamamilə fərqli bir münasibət yarandı. Arazxan müəllimin vəzifəsi ilk baxışdan «cındır» kimi qəbul elədiyi, adına «cındır» dediyi bu avaranın boş başından səfeh şeyləri çıxarmaqdı və elə bu səbəbdən də Arazxan müəllim bu işə çox həvəslə girişdi və az bir müddətdə Cümşüdün belində bir neçə nar çubuğu sındırdı. Tağda xiyar əyri bitirdisə, Cümşüddən görürdülər; əgər məktəbdə bir sinfin şüşəsi sınırdısa, ya məktəbin həyətində iki uşaq dalaşırdısa, deyirdilər burda Cümşüdün əli var, onu tənbeh eləyirdilər, kiminsə, nəyisə oğurlanırdısa, məhşər ayağına Cümşüdü çəkirdilər. Görünür, elə bu səbəbdən də Cümşüd məktəbə də, müəllimlərə və onların verdiyi təlimlə bir yerdə nifrət eləyirdi.

***

Cümşüdün taleyində dönüş anı paytaxt sakini Ədalət müəllimin ali məktəbi bitirəndən sonra təyinatla onların kəndinə gəlməsilə başlandı. Onu uşaqlara təqdim eləyəndə artıq bir neçə ay idi ki, məktəb boşdu; dərslər keçirilmirdi. Arazxan müəllim pedoqoji fəaliyyətini başa vurub bir təqaüdçü kimi dincəlməyə başlamışdı, uşaqlar da boş-bekar qalmışdı. Əyalətə romantik duyğularla gəlmiş Ədalət müəllim boş sinifləri, toz basmış partaları görəndə təəssüflənsə də, elə həmin gün əsil fəaliyyətə başladı. Kənd Soveti sədrinin köməyi ilə valideynlərin yığıncağını çağırdı, alovlu bir nitq söylədi; inamla dedi ki, Kommunist partiyasının və Sovet hökumətinin başlıca vəzifəsi savadsızlıqla mübarizədir, ölkənin tarlalarına və inşaat meydançalarına savadlı adamlar lazımdır. Çıxışının sonunda o, kənd camaatına müraciət etdi ki, məktəb binasını sahmana salmaqda ona kömək eləsinlər. Gənc pedaqoqun nitqi hamını həyəcanlandırdı və demək olar ki, kənd camaatı arasında bu çıxışa biganə qalan olmadı. Kolxoz sədri özü təmirə rəhbərlik etməyə başladı və heç bir ay keçməmiş təzə təmirdən çıxmış köhnə məktəbin təntənəli açılışı oldu və bu mərasimdə də yorulmaq bilməyən Ədalət müəllim sözünü dedi, ümumxalq işinə əl tutanlara təşəkkür elədi. Sonra o şəhərə də getməyə macal tapdı, bir maşın dərs ləvazimatı və kitab-dəftərlə qayıtdı. Tezliklə məktəbdə xudmani bir kitabxana da yaradıldı, kitabların uşaqlara paylanması isə təqaüdə çıxmış aqronom Züleyxa xalaya tapşırıldı.
Hürküdülmüş heyvan balası kimi tay-tuşlarının arxasında gizlənməyə çalışan, aradan çıxmağa fürsət axtaran cılız, pırtlaşıq saçlı Cümşüd dərhal Ədalət müəllimin diqqətini çəkdi. O, uşağı yanına çağırdı və onu dindirməmiş ailə vəziyyəti gözləri önünə gəldi; yuyulmamış əlləri, tutulmamış dırnaqları, dar köynəyin altından nəzərə çarpan qabırğaları, yamaqlı şalvarı, ağ kəndirlə bağlanmış cırıq çəkmələri, dərhal kənar adama anladırdı ki, ya bu oğlan yetimdir, ya da çox uğursuz bir ailədəndir..
Ədalət müəllimin diqqətini hər şeydən öncə oğlanın boynundan asılmış tütün kisəsi cəlb elədi.
Sovet ateizmi ruhunda tərbiyə almış bu cavan pedaqoq əlini oğlanın sinəsinə atdı, çünki dərhal bu qənaətə gəlmişdi ki, oğlan boynundan asdığı bu kisədə hansısa bir savadsız molla tərəfindən ərəb hürufatı ilə yazılmış duadan başqa heç nə ola bilməz. Amma Cümşüd Ədalət müəllimə yaxasından tutmağa imkan vermədi, qəfil hərəkətlə kənara çəkildi və inamla:
-Bu kisədəki mənim pullarımdı, -dedi, -məni sünnət eləyəndə bağışlayıblar! Nə istəyirsən?
Bu arıq, sısqa oğlandan belə sərt davranış gözləməyən Ədalət müəllim başını aşağı saldı və qərara aldı ki, onu təklikdə dindirsin.


Oğlanın faciəli həyatı ilə bütün incəliklərinə qədər maraqlanan Ədalət müəllimə çox şeylərin səbəbi bəlli oldu: sözə qulaq asmamasınına da, fənləri qavramamasının da, dərslərdən yayınmasının da, xuliqanlıq etməsinin də!
Gecə «Kənd müəlliminin gündəliyi»ni dolduranda Ədalət müəllim Cümşüdlə bağlı baş vermiş hadisəni təfsilatı ilə yazdı və həm də bu höcət oğlanla necə davranacağını qeyd elədi.

***

Ertəsi gün dərsdən sonra Ədalət müəllim Cümşüdü evə getməyə qoymadı. Onu özüylə qabaq-qənşər oturdub süfrə açdı:
-Birlikdə nahar edəcəyik, -dedi, -ikimizə bəs eləyər.
Üstünə kərə yağı çəkilmiş, pendir qoyulmuş çörəyi, bir butulka limonadı görəndə Cümşüdün gözləri parladı, amma bununla belə şəstlə yeməkdən imtina elədi; bildirdi ki, dünən günorta yeyib, toxdur. Ədalət müəllimin gözlərindən damla-damla yaşlar gilələndi və Cümşüdü qol gücünə məcbur elədi ki, yağ-çörəyi yesin. Cümşüd acgözlüklə yeməyə girişəndə Ədalət müəllim də ona öz həyatının bəzi məqamlarını nağıllamağa başladı. Söylədi ki, o da valideynlərini erkən yaşında itirib, uşaq evində böyüyüb, acılar çəkib, amma həmişə də qazandığı biliklər karına gəlib. Və yalnız öz zəhmətsevərliyi və işgüzarlığı sayəsində bu mərtəbəyə çıxıb, cəmiyyətdə özünə görə hörmət-izzəti var.
-Mən görürəm, sən pulu çox istəyirsən, bu pis əlamət deyil, -dedi, -bəs sən bilirsənmi pul necə qazanılır? –Xəfifcə gülümsəyib sözünə davam elədi, -Əgər çoxlu uşaq atası olmaq istəyirsənsə, oxu! Yaxşı oxusan, bütün qapılar qarşında açılacaq, ixtisasın, vəzifən olacaq, səni sayacaqlar, hörmət edəcəklər! Əgər aşıq-aşıq oynasan, avaralansan qismətin səfalət olacaq! Sən səkkizdə oxuyursan, amma inkişafın o səviyyədə deyil. Mən sənin gündəlik aldığın qiymətlərə baxanda, sadəcə heyrətə gəldim, bilmirəm necə olub səni sinifdən-sinfə keçiriblər? Bəlkə də səndən canlarını qurtarmaq üçün.. İndi özün fikirləş, süpürgəçi olub tualet yumaq istəyirsənsə, belə də davam edə bilərsən!
Cümşüd heyrətə gəlmişdi. O günəcən kimsə onunla belə bir söhbət eləməmişdi. Deməli pulun mənbəyi haradı?- kitablar! Amma o, səfehcəsinə fikirləşirdi ki, kasıb, yetim kimi doğulubsa, elə kasıb, yetim kimi də ölməlidi! Deməli, bu belə deyil! Demək, onun kasıblığın daşını atmaq üçün şansı var! Demək o da əmisi kimi varlı ola bilər!
Oğlan həyəcandan titrəyirdi. Gələcəkdə varlanmaq arzusu, doyunca yemək və həm də kimsədən asılı olmamaq, onu elə ilhamlandırdı ki, o andan başlayaraq «pul qazanmaq» qərarına gəldi. Və Ədalət müəllimdən xahiş elədi ki, ona bütün kitablarını versin və o da oxuyub varlana bilsin. Ədalət müəllim belə asan qələbəyə ümid bəsləmirdi, gülümsədi:
-Bu o qədər də asan başa gəlmir, sənə kitabları sadəcə oxumaq yox, dönə-dönə oxuyub öyrənmək, zəhmətə qatlaşmaq lazımdı. Sən orta məktəbi yaxşı bitirməlisən ki, instituta girə biləsən və orda da layiqincə çalışıb diplom alasan, çünki diplomun olmasa heç yerdə sənə yaxşı vəzifə verməzlər.
Cümşüdün gözləri parıldadı:
-Siz mənə yolunu göstərin, Ədalət müəllim, oxumaq mənim boynuma, -dedi, -Söz verirəm ki, nə cür göstəriş versəniz, yerinə yetirəcəm.
Ədalət müəllim hələ bilmirdi ki, oğlanın qəlbində necə bir çevriliş eləyib, bir neçə dəqiqə ərzində onu hər şeyə can atan, ciddi bir insana çevirib. Üstəlik də uşaq artıq əqidə sahibi idi, nailiyyət naminə nə gücünü, nə sağlamlığını itirməkdən qorxmurdu.

***

Cümşüdün səfildən nümunəvi məktəbliyə çevrilməsi diqqətdən yayınmadı. Sahibsiz it kimi bütün günü küçələrdə veyillənən bir avaranın bütün günü kitab oxuması bütün kənd camaatını heyrətləndirmişdi. Ədalət müəllim «Maarif»in müdiri ilə razılaşandan sonra məsələni elə bir yönə saldı ki, hər səhər Cümşüdə məktəbin bufetində pulsuz nahar verməyə başladılar. Ədalət müəllim daha bir ictimai quruma müraciət eləyəndən sonra isə ona məktəbli forması, çanta və palto aldı.
Cümşüdün müəllimə səcdə etdiyini də söyləyimmi? O Ədalət müəllimi sevirdi və bilirdi ki, hələ bu dünyada kimsəni belə sevməyib. Cümşüd ona görə axırıncı partadan birinci partaya yer dəyişdi ki, müəllimin ağıllı gözlərinə yaxından baxa bilsin. Oğlan su çəkən kağızı kimi müəllimdən nə eşidirdisə, özünə çəkirdi, düzdür onun biliyi və bacarığı Ədalət müəllimi təəssüfləndirirdi, amma oxumaq şövqünə, həvəsinə görə bütün uşaqları kölgədə qoymuşdu. O, özü də müəlliminin kölgəsi, sağ əli idi, kənddə ona ən sədaqətli adamdı. Bir dəfə kənddə elə hamının zökəmə tutulduğu bir zamanda hiss edəndə ki, oğlanın qızdırması var, qərara aldı ki, onu evə ötürsün. Amma Ədalət müəllim ən cəfakeş şagirdinin yatacaq yerini görəndə sarsıldı.
Ertəsi gün Sovet sədrinin kabinetində Cümşüdə yaşayış yeri verilməsi ilə bağlı məsələ qaldırdı və dedi ki, bu məsələ köklü surətdə həll olunmalıdır. Və çox keçmədi ki, müəllimin yaşadığı evdə Cümşüdə ayrıca bir otaq verdilər. Oğlan təzə çarpayısına, yazı masasına, paltar şkafına, kitab rəflərinə baxırdı və bu boyda bir səadətə qovuşduğuna inanmırdı.

***

Onlar ata-oğul kimi bir yerdə yaşamağa başladılar, xörəklərini məktəbin köhnə bufetçisi Reyhan xala bişirirdi, o ki, qaldı ərzağa, xeyirxah kənd camaatı müəllimi bu qayğıdan qurtarmışdı: biri yumurta gətirəndə, digəri də toyuq, ət, biri də meyvə-tərəvəz gətirirdi.
Oğlan yaxşı şeylərə alışırdı; vaxtında yeməyə, təmizkarlığa. Sonra otağı səliqə-sahmana salmağı da, qab-qaşıq yumağı da əməlli-başlı öyrəndi. Hər görən, kənd arasına çıxan kimi onların evindəki ideal təmizlikdən danışırdı.
Ədalət müəllimin kənd məktəbində keçirdiyi üç il, Cümşüdün nəzərində bir yuxu idi. Oğlan öküz kimi çalışırdı; yuxusuna haram qataraq, gecə-gündüz elmin ənginliklərinə can atırdı. Bu üç il ərzində Cümşüd çox şeylərə nail olmuşdu. O, yalnız kənd məktəbinin yox, bütün vilayətin ən nümunəvi tələbəsinə çevrilmişdi. Bir zaman müəllimin ona nağıl kimi görünən sözləri həqiqətə çevrilməyə-gerçəkləşməyə başlamışdı.
Və artıq üç ildən sonra kənd sovetinin bağışladığı ağ köynəkdə, qara qayışlı ütülü şalvarda əlində çemodan xeyirxahlarının xeyir-duası ilə kənddən çıxan orta məktəb məzunu Bakı şəhərinə tələsirdi ki, paytaxtda Xalq Təsərrüfatı İnstitutuna imtahan versin.

***

Böyük şəhər öz bənzərsiz gözəlliyi və maştabı ilə əyalət cavanını məftun elədi. Burda hər şey qeyri-adi idi. Nəhəng binalar, magistrallarda şütüyən maşınlar, çeşidli musiqilər çalınan restoranlar maraq doğururdu. Amma daha çox onu valeh eləyən ənniksiz-pudrasız kənd arvadlarından dərhal seçilən qadınlardı; ona elə gəlirdi ki, gözəl geyinmiş bəzənib-daranmış, incəbelli, meylli-məzəli, xırda addımlarla, dikdabanda gəzən bu gəlinlər-qızlar yerin adamı deyillər, göydən gəliblər. Amma bununla belə o, qəti olaraq bu fikrə gəlmişdi ki, heç zaman belə qadınlarla ailə qurmaz: «Bəyəm belələrindən kişiyə arvad olar?»
Zəhmətsevər abituriyent lazım olan qədər bal topladı və bir avqust günü adını instituta qəbul olunanların arasında tapdı. Beləcə oldu tələbə. Tələbə yataqxanasında yer aldı və çox keçmədi ki, professor müəllim heyətinin sevimlisinə çevrildi. Onu sinifkom seçdilər. Məmnuniyyətlə ictimai iş aparırdı, bütün tapşırıqları vicdanla yerinə yetirirdi. Hər hansı bir tapşırıq ona yalnız şadlıq gətirirdi. Onsuz da tələsən yeri yoxdu, nə ailəsi vardı, nə dostları. Hamıyla ara saxlamağı bacaran, sağlam münasibət yaradan Cümşüd öz taleyini də kimsəyə açmırdı, ürəyinin dərinliyində sirr kimi saxlayırdı. Kitabxanalardan başqa heç yerə getmirdi, yalnız həftədə bir kərə səcdə qıldığı adama onun uğurları ilə qəlbən maraqlanan, halına yanan Ədalət müəllimə baş çəkirdi.
Cümşüd bütün gününü institutda keçirirdi, səhər hamıdan tez gəlirdi və axşam gözətçi qapıları qıfıllayanda auditoriyadan çıxırdı. Onu yataqxanada da gözləyən yoxdu, naharı institutun yeməkxanasında eləyirdi, şam yeməyinə isə perajki alırdı, əsasən də kartofla bişəni. Çünki kartof perajkisi ucuz olurdu və bu çox vacib amil idi.

***

Üçüncü kursda Lenin təqaüdçüsü Cümşüdü partiya sıralarına qəbul elədilər. İşləri əla gedirdi, professorlar hörmətini saxlayırdılar. Tələbə Elmi Şurasında müzakirə olunan məsələlərdə onunla hesablaşırdılar. Amma həmişə olduğu kimi puldan korluq çəkirdi, düzdür xırda bir işə də düzəlmişdi, gecələr gözətçilik eləyirdi, amma pul yenə çatmırdı. Axı, gərək qənaət edəydi ki, özünə qış paltarları da alaydı, kənddən gətirdiyi palto əyninə gəlmirdi, üstəlik də qolları, yaxalığı tamam didilib getmişdi. O, bir qayda olaraq özünə qış paltarı seçəndə də son dəblə geyinən tələbə yoldaşlarını özünə güldürməsinə baxmayaraq, elə paltar alırdı ki, qalın olsun, bir neçə il geyinə bilsin. Oğlanlar onu «latış», qızlar isə «Cumu» adlandırırdılar, amma Qaz balası deyənlər də vardı. O qrup yoldaşlarının ki, hərdən kurs işlərini yazırdı – bütün kaprizlərinə tab gətirirdi.. Dişini-dişinə qıcıyıb dözürdü, öz zəfər saatını gözləyirdi. Qələbə anı o zaman gerçəkləşdi ki, Cümşüd Hüseynova –«day-day»ların sayəsində ali məktəb bitirən «Gül balalara» yox, məhz Cümşüd Hüseynova qırmızı diplom verdilər və respublikanın ən iri rayonlarından birinə müfəttiş təyin etdilər. Bu elandan diksinən məzunlar qibtə ilə qrup yoldaşlarına nəzər salırdılar, Cümşüdün isə yalnız qanadı çatmırdı ki, uçsun. Pillələri fəxarətlə qalxdı və alın tərilə qazandığı qırmızı cildli «Qırmızı diplomu» alqışlar altında rektorun əlindən aldı.

***

Onun ev yiyəsi olduğu və «cənab Cümşüd» kimi təqdim olunduğu andan əsil həyatı başlandı. Ötən illərin «Yetimçəsi», «cındırı», «Qaz balası», «latış»ı dönüb oldu Cümşüd müəllim, rayonun ən hörmətli adamlarından biri.
Cümşüd Hüseynov dalğaların qanadında otura-otura həyatın axarı ilə üzürdü. Rüşvət almayan müfəttişin şöhrəti bütün vilayətə yayılmışdı.
Mərkəz isə onun tərtib etdiyi hesabatlara və yoxlama materiallarına diqqətlə yanaşırdı. Cümşüdün yetimçiliklə başlanan xidməti yüksəlişi belə təşəkkül tapdı, halbuki heç bir «müfəttiş»in ünvanına xoş söz deyən yoxdu, hər halda onu görəndə əl-ayağa düşürdülər, ona yaltaqlanırdılar.
..İlk rüşvəti alanda çox əzab çəkməli oldu. Kommunist partiyasının və hökumətin xeyir-duası ilə «silahlanmış» perspektivli cavan çox mürəkkəb daxili mübarizə ilə üz-üzə qaldı; növbəti təftiş zamanı bir topa kağız-kuğuzla bir yerdə ona verilmiş iri konverti açanda, ordakı yüzlükləri sayanda və anlayanda ki, bu para onun aylıq maaşından yüz dəfə artıqdır, əlləri əsməyə başladı, dili-ağzı təpidi. Bəli, bu Dövlətin müfəttiş kimi ona verdiyi maaşla müqayisədə fantastik bir məbləğ idi. Müəssisə rəhbərinin iri qovluğu ona təqdim edəndə irişə-irişə, bic-bic dediyi söz bir də yadına düşdü:
-Ümidvaram ki, təftiş üçün bu kağızlar bəs eləyər, yox əgər az olsa, əlavə edə bilərik, təki siz bizdən razı qalın..
Bəli, Cümşüd yalnız indi anlayırdı ki, müəssisə rəhbəri nə demək istəyirmiş..
Tamah qarabasma kimi Cümşüdün əzəldən sürüşkən iradəsini qırdı. Qanuna görə Cümşüd müəllim təcili olaraq Dövlət orqanlarına məlumat verməli idi ki, bəs «Raypo»nun sədri onu ələ almaq məqsədilə belə bir addım atıb..
Bir neçə dəfə sol əli telefonun dəstəyinə sarı uzandı, amma konvertdəki pulu artıq qamarlamış, saymış sağ əlinə zillənən baxışları öz hökmünü verdi və o, bir neçə kərə cəhd etsə də, əli telefonun dəstəyinə çatmadı.
Cümşüd Hüseynov bütün gecəni yata bilmədi, konvertdə ona verilmiş pulu saydı. O, hələ bu məbləğdə pulu əlinə almamışdı; şübhələr, gümanlar onu didib-parçalayırdı; bir zamanlar boynunda medalyon kimi gəzdirdiyi kisəciyi xatırlayırdı, məşəqqət içində keçən uşaqlıq illərinin o pul kisəsi ilə bağlı sevincli anları yadına düşürdü. O pul kisəsi onun xəlvət cibi idi və indi də elə bir cibi olsaydı bu pulla dolu konverti-bu xəzinəni orda gizlədərdi, amma birdən-birə təsəvvür eləyəndə ki, hüquq mühafizə orqanları onun bu əməlindən xəbər tuturlar və qandallayıb istintaqa aparırlar onu sop-soyuq tər basdı.
Səhərə qədər gözünə yuxu getməyən Cümşüd birdən-birə qəti şəkildə inandı ki, yox, daha heç bir qüvvə onu yüzlüklərlə doldurulmuş o konvertdən ayıra bilməz.. Həyəcanı da aram-aram əriyib sönməkdə olan şam kimi öləziyirdi.

***

Bu əfsanəvi təftişdən sonra onu daha bir yoxlamaya göndərdilər və burda da cavan müfəttiş «zəhərli tərəflə» üz-üzə qaldı və nə qədər qəribə olsa da, Cümşüd müəllim bu dəfə ona kağızların arasında təqdim olunan yüzlük dolu konvertdən qətiyyən qorxmadı, amma yenə də təptəzə, bəlkə də əl dəyməmiş əskinasları sayanda əlləri titrədi. Növbəti yoxlamada isə gənc müfəttiş ona xəlvətcə təklif olunan yüzlük dolu konverti aşkarca qəbul elədi, sonra isə… Daha doğrusu, sonralar isə verilən məbləğ onu qane etməyəndə, başladı səhnələr quraşdırmağa, hətta açıq alverdən də çəkinmədi, necə deyərlər, bazar açdı.
Heç bilirsiniz öz xanəsinə çəkilib pulları sayanda necə ləzzət alırdı?! Nahaq yerə demirlər ki, iştah diş altındadır, pul-parası çoxaldıqca, iştahı da artırdı və elə bil ayaqları yerdən üzülür, göylərə qalxırdı. Pulu ona o adamlar verirdi ki, onlarla ilk dəfə qarşılaşırdı və onda belə bir inam yaranırdı ki, bu adamlardan üstündü, adamlar ondan asılıdı; yoxsa niyə ona pul verməlidirlər ki? İstəyirdi ki, boğazını onun əlinə verən adamların sayı artsın, axı bu pul, sərvət deməkdi!
Cümşüd müəllim aybaay artan varidatını saxlamaqdan ötrü bir qıfıllı çanta da əldə elədi və açarını da pencəyinin elə bir küncündə gizlədi ki, heç kim bu açarı görməsin. Demək olar ki, çantadan ayrılmırdı, gecələr balıncının altına qoyurdu, ikiəlli qucaqlayırdı, xəlvətcə sığallayırdı, hətta ayaqyoluna gedəndə də mütləq özü ilə aparırdı.

***

Cümşüd cavan yaşından dul qalmış, kəndlərində ismətli bir qadın kimi ad çıxarmış süpürgəçi Zeynəb xalanın qıvraq, alyanaq qızı Sitarə ilə evləndi və haqlı olaraq bu qənaətə gəldi ki, o yaxşı ana, etibarlı həyat yoldaşı olacaq. Toy etmədilər, amma qarşılıqlı üzük «mübadiləsindən» sonra kəbin kəsdirdilər və köçdülər Cümşüdün müvəqqəti məkanına -kirayə elədiyi mənzilə.
-Biz şəhərdə yaşamayacağıq, -Gümşüd nigah gecəsi arvadına dedi, -şəhərdə yaşamaq mənim ürəyimcə deyil, uşaqlar təmiz havada böyüməlidirlər, təmiz şeylərlə qidalanmalıdırlar, üsəlik də əxlaqsızlıqdan başqa onlar şəhərdə heç nə öyrənməyəcəklər.
Sitarə pis arvad çıxmadı, amma onun həddindən ziyadə iştahlı olması Cümşüdü məyus eləyirdi. Sitarə bir ilin içində elə kökəldi ki, boynu, boğazı qat kəsdi. Arvadının qarınqululuğuna Cümşüd müəllim dözürdü, çünki o, ona aid olan işlərin öhdəsindən məharətlə gəlirdi, üstəlik də dünyaya buz baltası kimi sağlam körpələr gətirmişdi; ikisi oğlan, biri qız. O, arvadına tikiş maşını, top-top parça aldı və onu məcbur elədi ki, uşaqların əyin-başını özü tiksin.
Sitarə xanım ikinci dəfə hamilə olanda Cümşüd müəllim Allaha yalvardı ki, ona daha bir oğul versin. Sitarə ərinin bu hərəkətinə təəccübləndi və anlaya bilmədi ki, nəyə görə əri daha bir oğlan istəyir. Adını ərinin mənəvi atası Ədalət müəllimin şərəfinə Ədalət qoyduqları oğlu çox ağıllı uşaq idi və Sitarə onunla fəxr eləyirdi. Ancaq bir gecə həyat yoldaşının nəyə görə Allahdan daha bir oğlan istəməsinin səbəbini izah eləyəndə və deyəndə ki, qızları olsa, gərək qız paltarları alalar, amma Ədalətin əynindən çıxanları –köhnələrini, ikinci oğullarına da geyindirə bilərlər, qadın çox pərişan oldu.
Ərindən heç bir diqqət görməyən Sitarə xanım onu son dərəcə qənaətcil bir adam kimi qəbul eləmişdi, çünki Cümşüd ona demişdi ki, bərəkətli kəndlərində böyük torpaq sahəsi almaq və orda imarət ucaltmaq istəyir. Kasıbçılıqla böyümüş kəndçi qızının ürəyi böyük torpaq sahəsinə yiyələnməkdən başqa daha nə istəyə bilərdi ki? Elə bu səbəbdən ərinin həddindən artıq simicliyinə dözürdü…
İki il sonra cavan ailə Cümşüd müəllimin tikdirdiyi üçmərtəbəli mənzilə köçdü. Sitarə xanım fəxrlə deyirdi ki, kənddə ən böyük tikili də onlarınkıdı, meyvə bağı da.
Həqiqətən bina ilə öyünməyə dəyərdi. Cümşüd müəllim evi tikdirəndə hər şeyi nəzərə almışdı, hətta mer-meyvəni saxlamaq üçün elə bir zirzəmi inşa etdirmişdi ki, ikinci soyuducuya ehtiyac olmasın. İri daş tikilinin alt qatında geniş mətbəx, camaşırxana, həmçinin istirahət otağı nəzərə çarpırdı. Geniş qəbul otağı, yataq otağı, Cümşüd müəllimin kabineti hələ ki, uşaqların sərəncamında olan qonaq otağı ikinci mərtəbədə yerləşirdi. Binanın üçüncü qatındakı dörd iri otaq gəlinlər və nəvələr üçün nəzərdə tutulmuşdu, hələ ki, bombalomboşdu. Binanın tavanı hündür olsa da, qapısı-bacası elə səliqə-səhmanla tutulmuşdu ki, nə otaqlar soyuyurdu, nə də ağ kafellə işlənmiş hamam-tualet.
Cümşüd müəllim mənzilini öz zövqünə görə par-par yanan çex mebelləri ilə bəzəməyə çalışsa da, hiss elədi ki, yox o, bu mənzili ev əşyaları ilə doldura bilməz. Ancaq iki aydan sonra onlara o qədər əlavə şeylər gətirdilər ki, Sitarə xanım sevincindən ağladı. Yalnız Allaha məlum idi ki, onun əri gözəl xalçalara, mebellərə, servislərə, çilçıraqlara, qab-qacaqlara nə qədər pul xərcləyib.
Hər halda Sitarə xanım boş yerə bir qəpik də xərcləməyən ərinin alıb gətirdiyi şeylərin hesabını tez apardı, evə ağzı bağlı qutularda, yeşiklərdə nə gəlmişdisə, hamısına əri ilə baxdılar, diqqətlə gözdən keçirdilər və ən yaxşılarını bir kənara qoydular.
«Hesabını bilən valideyn övladları üçün cehizi gərək hələ onlar dünyaya gəlməmiş toplamağa başlaya».
Bu ərinin sözüdür; Sitarənin ağlına batan və hardasa batmayan sözü.
Belə ki, Sitarəyə bir-birindən gözəl qazanlardan, incə çay, nahar servizlərindən, gümüş qaşıqlardan, qiymətli əl xalçalarından, xrustal çilçıraqlardan, mətbəx dəstlərindən istifadə etmək qismət olmadı, çünki Cümşüd müəllim özü onları yenidən qablaşdırandan sonra ehmalca evin anbarında gizlədi. Əvəzində isə qayğıkeş ər gündəlik istifadə üçün iri, alüminium qazanlar, qablamalar, ucuz palazlar, adına «kovralit» deyilən xalça məmulatları, mis qaşıqlar, çəngəllər, sadə, adi şüşədən üç lampalı çilçıraqlar alıb gətirdi. Sitarə xanımın əri ilə razılaşmaqdan başqa çarəsi qalmadı, çünki kişi onu inandırmışdı ki, qiymətli şeyləri qoruyub saxlamaq lazımdır. Cümşüd müəllim:
-Hələ ki, uşaqlar balacadı, adi şeylər işlədək ki, sinanda da bizi yandırmasın, -dedi, -sağlıq olsun, uşaqlar böyüyər onda qiymətli şeyləri üzə çıxararıq.
Sitarə xanım başını tərpətməklə onunla razılaşdığını bildirdi. Onun zəhmətini qiymətləndirmək lazımdı; ailəcanlı olmasa da, həyət-bacanın gözəllənməsi naminə can qoyurdu. Boş vaxtlarında bağçada tər tökürdü; yeni tinglər basdırırdı, ağacları sulayırdı, torpağa peyin verirdi, tənəkləri kəsirdi, kolları budayırdı. Cümşüd kişinin zəhməti nəticəsiz qalmadı və heç üç il keçməmiş ağaclar bar gətirməyə başladı. Bağ elə bərəkətli oldu ki, məhsulu yığıb-yığışdırmağa, satmağa hər deyəndə gücləri çatmadı. Amma bununla belə əl tutmaq istəyən qohumlarını Cümşüd müəllim yaxına buraxmadı. Almanı, armudu öz əli ilə dərirdi, səliqə ilə yeşiklərə yığırdı və bazara da özü aparırdı ki, sərfəli qiymətə satsın. Əri meyvəni bazara aparanda və sonra da gəlirini hesablayanda Sitarə xanım utandığından tər tökürdü, axı o bilirdi ki, ərinin o mer-meyvəyə görə qazandığı qəpik-quruşa ehtiyacı yoxdur.

***

İllər bir göz qırpımı kimi keçdi. Uşaqlar böyüdülər, amma Sitarə xanım bilmədi ki, varlı ərinin nə qədər pulu var. Ər-arvad kimi yaşadıqları illər ərzində əri ona üç dəfə pul xərcləmişdi: növbəti varisini dünyaya gətirəndə ona qızıl əşyaları almışdı, amma dərhal da anlatmışdı ki, bu cəvahiratı yalnız toya-şenniyə gedəndən-gedənə taxa bilər.
Sitarə xanım canı-dildən zəhmət çəkirdi, hər əzaba qatlaşırdı ki, ailə təsərrüfatında hərc-mərclik yaranmasın. İşi çox olurdu: otaqların yığışdırılması, gündəlik biş-düş öz yerində, üç uşağa da qulluq etməli idi. Mal-davara qulluq etmək də çox vaxt aparırdı. İnəyi sağmaq, toyuqlara, hinduşkalara dən vermək, pəyəni, hini kürümək onu yormasa da, bezdirirdi. Hələ üstəlik hər yaz bostan da əkirdi; tərəvəz məhsulları, göy-göyərti becərirdi. Dan yeri qızarmamış yataqdan qalxan Sitarə xanım xəmir yoğurmağa, təndir yandırmağa, mürəbbə, cem bişirməyə də, turşu qoymağa da macal tapırdı. Cümşüd müəllim uşaqlarını lap erkən yaşlarından meyvələri dərib səbətə yığmağı, yetişmiş meyvələrə çəyirtgə kimi daraşan sərçələri, qarğaları qovalamağı, dərilmiş meyvələri bazara apararkən necə saf-çürük etməyi, yaxşılarını satış üçün ayırmağı öyrətmişdi və bazar günləri onlar sübh tezdən ağaclardan dərilmiş meyvələri evə daşıyırdılar ki, yaxşılarını seçib bazara çatdırsınlar.
Sitarə xanım tək qalmış qoca anasını öz yanına gətirmək istəsə də, bunun uşaqlara nəzarət üçün faydalı olduğunu söyləsə də, Cümşüd müəllim evdə daha bir yeyən ağzın artmasını arzulamırdı. Amma istəkli oğlu Ədalət baxımsızlıq ucbatından təndirə düşəndə və rayon xəstəxanasının yanıq şöbəsində həkimlər onu ayağa qaldırmaq üçün aylarla əlləşəndə, o inadından döndü və özü gəlib qaynanasını evə gətirdi.
Hər səhər ailənin başçısı öz mülkiyyətinə baş çəkirdi; toyuq-cücə öz yerində yumurtaları sayırdı. Bar-bəhərdən əyilən budaqlara haça vururdu ki, budaq sınmasın; hələ vay o gündən ki, bostanda bir zaval müşahidə edəydi, elə həmin gün ailəni ayağa qaldırıb adına «ana bacı-sulfat» deyilən məhlul dızəldirdilər və dərmansəpən maşınlarla tağlara çiləyirdilər. Hər şeyə qənaət olunduğu bir evdə heç nə itirmək olmazdı.

***

Cümşüd müəllimin qəribəlikləri çoxdu və bu ailədə hamıya məlumdu, amma heç kim baş aça bilmirdi ki, onun gecələr beş-altı dəfə yuxudan oyanmasına, açarını yalnız öz cibində gəzdirdiyi kabinetinin qapısını yoxlamasına səbəb nədir? Evin bütün qapıları dəmirdəndi, pəncərələrə də dəmir çərçivələr vurdurmuşdu, «siqnalizatsiya» qurdurmuşdu, evin həndəvərinə daş barı çəkdirib üstünə tikanlı məftil dolatdırmışdı, amma yenə də rahat yata bilmirdi. Harasa ezamiyyətə gedəndə gecə yarı mütləq arvadına zəng eləyirdi və eyni sualı verirdi:
-Hər şey qaydasındadırmı? Kabinet bağlıdırmı?
Bu və buna bənzər sorğu-suallara şahid olan uşaqlar da artıq anlayırdılar ki, kabinetdə ataları üçün qiymətli olan nə isə var və elə bu səbəbdən də atalarının ixtiyarında olan bu guşəyə maraqla boylanırdılar, hətta içəri keçməyə də cəhd eləyirdilər, amma onların qazdan ayıq ataları bir an da olsun öz sayıqlığını itirmirdi. Son nəhayətdə uşaqlar bu qənaətə gəldilər ki, atalarının evdəki kabineti həsrəti çəkilən ölkə kimi bir ərazidi, hamı üçün əlamətdar bir məkandı, atalarından başqa, amma fikirləşirdilər ki, heç eybi yox, ataları öləndən sonra bu «əlçatmaz ərazi» onların əlində olacaq və bəlkə də çox sirrlərin üstü açılacaq. Onlar güman edirdilər ki, atalarının kabineti «Min bir gecə» nağıllarındakı Əlibabanın mağarası kimi bir yerdi və bu yerə «ata seyfi» deyirdilər. Uşaqları yandıran o idi ki, bu boyda var-dövlətə baxmayaraq, ataları hər qara qəpiyin hesabını aparırdı.. Onlar artıq görürdülər və başa düşürdülər kasıb tay-tuşlarından qat-qat pis yaşayırlar. Kənddə hamı bu fikirdə idi ki, müfəttiş Hüseynov yalnız kəndin yox, rayonun ən varlı adamıdır, amma bu var-dövlətin işığı müfəttişin balalarının üstünə düşmürdü ki, düşmürdü. Uşaqlar atalarından gileylənirdilər, ən adi şeylərdən belə məhrum olduqlarını analarına eşitdirirdilər.
-Hamı dənizə dincəlməyə gedir,-Ədalət dedi, -amma biz dənizin sahilini də görməmişik.
-Ədalətin köhnələrini geyinməkdən utanıb-ölürəm, -Muxtar etirazını bildirdi,- bəyəm siz görmürsüz ki, mən ondan hündürəm, onun şalvarı mənə gödək olur?
Yeganə qızları Mətanət hərdən səsini qaldırırdı:
-Bu nədi ay ana, bəyəm biz o qədər kasıbıq ki, sən öz köhnə donlarından mənə don tikirsən?
Sitarə xanım isə çiynini çəkirdi və bilmirdi ki, övladlarına nə cavab versin. Evdə bütün məsələləri Cümşüd həll eləyirdi və o, yaxşı bilirdi ki, nəyə qənaət etmək lazımdır. Əmin idi ki, əri neynədiyini bilir və bu səbəbdən də ailə başçısının tərəfini saxlayırdı:
-Bəyəm sizin atanız özünə nə isə alır?
Bu sualla Sitara xanım cızıqlarından çıxmaq istəyən övladlarına təpindi və sözünün ardını belə gətirdi:
-O, özünü hər şeydən mərhum eləyib. Bəyəm siz başa düşmürsünüz ki, o, sizin gələcəyiniz üçün yığır? Bəyəm siz anlamırsınız ki, nə artırırsa, nə yığırsa, sizə qalacaq?


***

Cümşüd müəllim əslində də özünə heç nə almırdı. Əgər o, bir rayona yoxlamaya gedirdisə, ən ucuz nəqliyyata «elektriçka»ya minirdi, bir pencəyi əvvəllər olduğu kimi illərlə geyinirdi, rəngi solanda astarını üzünə çevirtdirirdi. Əynində-başında yerli «Voladarski»nin malları olmazdı, amma bu o demək deyil ki, o, yalnız xarici mallar alırdı; yox, xarici malları ona təftişə getdiyi yerlərdə rüşvət əvəzinə bağışlayırdılar, yoxsa özünə qalsaydı, heç vaxt «od qiymətinə» xarici mal almazdı. Bu yaşa gəlmişdi, hələ bir dəfə də olsun taksiyə əl qaldırıb oturmamışdı, ya metroya minərdi, ya da zığ verən, adamın içini-içalatını tərpədən «Alabaş»lara. Yenə də, əvvəllər olduğu kimi əlində diplomat çanta ayda bir-iki rayona ezamiyyətə gedirdi və hələ də ona aşkar, xəlvət təqdim olunan pulla dolu konvertləri əlinə alanda tir-tir titrəyirdi.
Əgər söyləsək ki, ömrünün qürub çağında o, bəs deyincə kapital toplamışdı, təəccüblənməzsiniz, amma nə qədər yığmışdı? Hansı məbləğdə, bu çoxlarını düşündürürdü. Arvadı və eləcə də övladları zənn eləyirdilər ki, əgər el arasında ailə başçısına «Milyoner Cümşüd» deyirlərsə, bunun əsası var, necə deyərlər, elin sözü əzəl-axır düz olar. Uşaqlar artıq yetkinlik yaşına çatmışdılar və atalarının onlara haçansa bir xeyriyyəçi kimi əl tutacağına inanmırdılar, qabaqcadan bilirdilər ki, ən adi, ən məsum xahişləri belə etirazla, rədd cavabı ilə qarşılanacaq.
Onların ən adi hüquqlarının belə tapdalandığı sıxıntılı, kədərli uşaqlıq illəri arxada qalmışdı.
Sədaqətlə özünü qismətinə qurban verən, hər şeyə dözən ana ömrün qürub çağında uşaqlarının tərəfini saxlamağa başladı, daha ailə başçısının qiybətini bir yerdə qırırdılar, kölgəsini hardan gəldi qılınclayırdılar və sidq-ürəkdən ona ölüm arzulayırdılar ki, varisliyə görə hər kəsə çatası məbləği ala bilsinlər. Həyatı onlar üçün cəhənnəmə çevirən bir atanı niyə sevməli idilər ki? Əgər o, bir çox tay-tuşlarının ataları kimi yoxsul olsaydı, uşaqlar qədər-qismətlə barışardılar, amma hamıya artıq bəlli idi ki, ataları son dərəcə varlı olduğu qədər də xəstəlik səviyyəsində xəsis və acgözdü.
Milyonçunun özlərini son dərəcə bədbəxt hesab eləyən övladları kasıb ailələrdən olan bir sıra dostlarına həsəd aparırdılar; qəribə idi ki, o kasıb uşaqları talelərindən də razıydılar, atalarını da çox istəyirdilər.

***

..Ədalət bir dəfə ezamiyyətdən qayıdan atasının adəti üzrə təsərrüfatı diqqətlə nəzərdən keçirməsini və hindəki toyuqların naxoşlamasını görəndə nə hala düşdüyünü həmişə xatırlayırdı.
Cümşüd müəllim heç əynini dəyişməyə də vaxt itirmədi, pipiyi qaralmış toyuqların başını bir-bir üzüb səbətə doldurdu və on yaşlı oğlunu məcbur elədi ki, qışın sazağında, palçığa bata-bata bu yararsız məhsulu aparıb bazarda satsın.
-Sizə bel bağlayanın beli qırılar, -Cümşüd kişi dedi, -yaxşı ki, vaxtında gəlib çıxdım, yoxsa bircə gün yubansaydım, hamısı haram olacaqdı, di tərpən, ucuz ver ki, satılsın, amma üç manatdan aşağı vermə, hamısını satandan sonra evə dönə bilərsən.
Ədalət yəqin ki, o soyuq qış gününü ölənəcən unutmayacaq. Başı kəsilmiş toyuqlara heç qanrılıb baxan da yoxdu. O isə soyuqdan və aclıqdan tir-tir titrəyirdi və ona elə gəlirdi ki heç bu toyuqları müftə də versə, alan olmayacaq. O qış gününün sonunda, bu xırda əyalət bazarında daha bir nəfər belə alıcı qalmayanda onu ağlamaq tutdu və elə bu arada da bazarkom ona yaxınlaşdı:
-Sən niyə çıxıb getmirsən, bala? –dedi, -daha nəyə isə ümid bəsləməyə dəyməz. Sənin toyuqların bu bazarda pula getməz, bura kənd yeridi, naxoş toyuğu hamı kənardan tanıyır. Bura bax, sən onları zibillikdən yığmamısan ki?
Uşaq utandığından ağladı:
-Yox, zibillikdən yığmamışam, -dedi, -atam özü başlarını kəsdi, özü də dedi ki, nə qədər ki, satmamısan, evə dönmə.
Bazarkomun qəlbi sıxıldı:
-Doğrudanmı sənin atanın qəlbi yoxdu? Kimin oğlusan? Bəlkə mən tanıyıram sənin atanı?
Ədalət bazarkomun üzünə baxmadan:
-Cümşüd müəllimin, irvizor Cümşüd müəllimin oğluyam, -dedi, -kənddə oluruq.
-Nə danışırsan?-Bazarkom heyrətlə dilləndi, -Sən bir dünyanın işinə bax! Sənin dədən bu rayonun ən varlı adamıdı! Yəni o, o günə qalıb ki, sənə ölü toyuq satdırır?!
Bazarkom ayaqüstə tir-tir titrəyən oğlanı bu dəfə astadan, müəmmalı bir təbəssümlə dindirdi:
-Sən yalan danışmırsan ki? Əgər sənin atan həqiqətən Cümşüd müəllimdirsə, mən səni öz maşınımda evinizə qədər aparmaq istəyirəm, mənim o kişiyə hörmətim var, yığışdan gedək, gecdir..
Uşaq iniltiylə cavab verdi:
-Mən toyuqları satmamış evə qayıtsam, atam məni qayışla döyər,-dedi, -Siz yolunuzdan qalmayın.
-Sən narahat olma, -bazarkom bir qədər fikrə gedəndən sonra dilləndi, -sənin toyuqlarını mən özüm alacam, amma sən mənə söylə görüm birini neçəyə deyirsən?
Bazarkom amansız, zalım müfəttişdən oddan qorxan kimi qorxurdu və elə bu səbəbdən yana belə bir hadisə ilə qarşılaşmasına sevinirdi; o Cümşüd müəllimə yaxşılıq etməyə imkan qazanmışdı, daha doğrusu, Allah özü ona belə bir fürsət vermişdi..
Ayaqüstə tir-tir titrəyən, gömgöy göyərmiş Ədaləti evə çatdırandan sonra maşından düşüb qapını özü döydü və qarşısına çıxan Sitarə xanıma üzünü tutub:
-Sizin oğlunuz əsil tacirdi, min yaşasın, bu da onun qazancı, -dedi və cibindən çıxartdığı pulu dəstəsilə ona verdi, -Cümşüd müəllimə məndən salam deyin, mən bazarkomam, adım İsfəndiyardı, o məni tanıyır.
Donuxub qalmış Sitarə xanım gömgöy göyərmiş oğlunu sinəsinə sıxdı və görəndə ki, əri də qapıya yaxınlaşır bazarkomun verdiyi pulları qəzəblə üstünə atdı:
-Sənin kimi atası olunca, kaş elə yetim olaydı, -dedi-soyuqdan donub uşaq.
Amma Cümşüd müəllim Ədalətə yox, arvadının onun üstünə atarkən yerə düşüb dağılmış pullara baxırdı..
Sonra o heç nə olmayıbmış kimi pulları topaladı, saydı və ehmalca kabinetinə adladı.

***

Uşaqlar atalarından oddan qorxan kimi qorxurdular, amma bununla belə hərdən onun acığına, qəsdən nəyisə sındırırdılar, ya vurub yerə salırdılar. Düzdür, buna görə Cümşüd müəllim günahkarın dərsini verirdi; qayışını işə salırdı və bar-bar bağırırdı:
-Mən bütün ömrüm boyu yığmışam ki, siz töküb dağıdasınız?!
Hərdən o qayışı əlinə dolayıb əlinin suyunu arvadına da içizdirirdi, amma heç nədən yox, xırda da olsa səbəb tapırdı, məsələn xörəyin duzu artıq olanda, ya onun çox sevdiyi kələm dolmasının dibi yananda. Ailə başçısının iti gözlərindən heç nə yayınmırdı; o öz malikanəsinin ağası idi və bu evdə yaşayanlardan hər xırda şeyə hesabat tələb eləyirdi. Uşaqlar böyüdükcə özlərini daha bədbəxt və qəlbiqırıq hiss eləyirdilər. Orta məktəbi kənddə bitirəndən sonra müxtəlif ali məktəblərin qiyabi şöbələrinə imtahan verdilər; çünki ataları onların əxlaqi cəhətdən onu qətiyyən qane etməyən şəhərdə qalmalarına dözə bilməzdi. Cümşüd müəllimin qiyabiçi övladları ildə bir-iki dəfə beş-on günlüyə sessiyaya gedəndə dəblə geyinən, deyib-gülən cavanların yanında ağ qarğaya oxşayırdılar.
Cümşüd müəllimin ala gözlü, əsmər qızı Mətanət anasına bildirəndə ki, bəs suçu Əsgər kişinin oğluna ərə getmək istəyir, atası suyu bulandırmaq məqsədilə dedi:
-Onların nəyi var ki, biznən qohum olmaq istəyirlər? Bir həsirdilər, bir Məmmədnəsir, yeməyə çörək də tapmırlar.
Cümşüd müəllimin var-dövlətində gözü olan oğlan anası geri çəkilmədi və Mətanət də iki ayağını bir başmağa dirədi ki, bəs verməsəniz, qoşulub qaçacam.
Hər halda izdivac baş tutdu, amma oğlan evi yanılmışdı, Cümşüd müəllim burda da öz həyat amalına sadiq qaldı. Və çox keçmədi ki, nişan mərasimi kənddə eşidilməmiş bir söhbətin mövzusuna çevrildi: Sən demə Cümşüd müəllim elçiliyə gələnlərin qabağına borş qoyubmuş, özü də iri aliminium kasalarda; ən qarınqulu qonaqların belə bu camları boşaltmağa gücü çatmırmış. Düzdür, sonra ciyər kababı da veriblər, amma hərəyə bir tikə. Axırda ucadan elan eləyib dəbdəbəli toylarda olduğu kimi işıqları söndürüb deyiblər ki, pəncərədən daş gəlir, məclisimizə aş gəlir, amma məlum olub ki, bu aş qovurmasızdı, aşdan çox, düyü sıyığına oxşayır. Qonaqlardan biri limonad, digəri alma şirəsi istəyib, amma hərəsinə bir stəkan alça kompotu veriblər və deyiblər ki, bura sizinçün Neolit restoranı deyil.
Cümşüd müəllim yeganə qızına cehiz olaraq bekara, amma vacib şeylər verdi. Halbuki evinin anbarları qiymətli mallarla dolu idi. O cehiz maşınını ucuz şeylərlə doldursa da, arvadına bərk-bərk tapşırdı ki, qırmızı banta qənaət etməsin, hamısına bağlasın. Nişanlısının cehizlərinə nəzər salan təzə bəy qaynatasının qarasınca:
-Sən bir insanın simicliyinə bax, adam xəcalət çəkir, -dedi, -mənim kasıb atam bacımı daha şərəflə köçürtdü!
Bütün ömrü boyu üçüncü növ mallara qane olan Sitarə xanım bu ümidlə yaşamışdı ki, ərilə birlikdə yığdıqları balalarına qalar, bu səbəbdən də Mətanəti köçürəndə ərinin simiclik etməsi onu bərk məyus elədi. Və üzünü həyat yoldaşına tutub:
-Sənin bircə qızın var, -dedi –kimə verəcəksən yığdıqlarını, goruna aparacaqsan?
Amma haqqına deyilmiş bu sözlər nəinki Cümşüd müəllimə təsir etmədi, heç onun tükü də tərpənmədi. Amma nə fikirləşdisə, birdən-birə qeyzləndi:
-Bilmirsən kimə yığmışam? Hər halda qonşuların oğullarına yığmamışam. O ki, qaldı gədələrin evlənməsinə; haçan işləyərlər, qazanarlar, arvadlarını saxlamağı bacararlar, onda da onları evləndirərəm!
Amma Cümşüd müəllim bu vəddən sonra arvadının məmnunluq hissilə gülümsədiyini görəndə, nə üçünsə qorxdu..

***

Söz ayqır deyil, ağzından çıxdı, tuta bilməzsən. Axşam Cümşüd müəllim eşitdi ki, arvadı onun evlənmək barədə söhbətini sevinə-sevinə oğlanlarına çatdırıb.
O axşamdan sonra elə bil Cümşüd müəllimin kürkünə birə salmışdılar. Həmişə fikirli dolanırdı, amma yalnız özünə məlumdu ki, nəyin dərdini çəkir. Sitarə xanım bu barədə ərinə nə isə eşitdirmək barədə götür-qoy eləyəndə, qəfildən Cümşüd müəllim dedi ki, bəs şəhərə usta gətirməyə gedir. Məlum oldu ki, məqsədi həyətdə hamam tikdirməkdi.
-Nə hamam?-Sitarə xanım heyrətlə dilləndi, - bizim ki, evin içində hamamımız var, həyətdə hamam tikdirmək nəyinə lazımdır?
-Sən heç təsəvvür edirsənmi bu məlunlar hərəsi bu evə bir arvad gətirəndə burada necə bir müşkül vəziyyət yaranacaq? –deyə Cümşüd müəllim səsini qaldırdı, -Mən yaxalanmaq üçün gərək onda növbəyə duram, hə? Mənim bu yarım hektarlıq həyətimdə adam balası kimi dincəlmək üçün bir xanəm olmalıdır, ya yox?
Cümşüd müəllim hamamın inşaasına o qədər bağlanmışdı ki, səhhətinin qaydına qalmırdı. Ömründə ilk dəfə qanuni məzuniyyətə çıxdı və cani-dildən hamamın tikintisində tər tökməyə başladı. Özü fəhlələrlə yanaşı daş daşıyırdı, sement qarışdırırdı, boru çəkirdi, kafel kəsirdi.
-Yəqin ki, özü qara fəhlə kimi işləyir ki, ustaların pulunu kəssin.
Kiçik oğlu bu sözü böyük qardaşına rişxəndlə dedi, amma Cümşüd kişi nə bu sözə əhəmiyyət verdi, nə də, ümumiyyətlə, bu hamamın inşaasına kəm baxan yaxınlarının atmacalarına.
Çox keçmədi ki, hamam tikildi, santexnika işləri də qurtardı, yalnız qaldı bər-bəzək işləri. Və bu arada o kafel vurmağı da öyrəndi və məlum oldu ki, o, bu sənəti heç də peşəkar «kafelşik»lərdən pis bilmirmiş. Məzuniyyəti sona yaxınlaşırdı, amma bununla belə Cümşüd müəllim fəhlə tutmurdu, qərara almışdı ki, tamamlama işlərini özü yekunlaşdırsın. Məzuniyyətinin bitməsi də əlini işdən soyutmadı, işdən qayıdandan sonra əynini dəyişib kafel düzməyə başladı.
-Tamam ağlını itirib_-gecə yarı yuxudan oyanıb ərini yataqda görməyən Sitarə xanım öz-özünə söyləndi, -nahaq demirlər ki, Allah adamın ağlını alınca canını alsın, qocalıq hələ ucalıq deyil.
Hamamın inşaası başa çatandan sonra ailə üzvləri elə-belə maraq xatirinə qərara aldılar ki, ailə başçısının bir sənətkar kimi yaradıcılığına nəzər salsınlar. Amma onlar divarlarına ağappaq çex kafeli vurulmasına baxmayaraq adi kolxoz hamımına oxşayan, xırda soyunub-geyinmə və iri duş otağına malik olan hamamın içərisini görəndə tamam məyus oldular, xüsusən də gədələr, sən demə onlar ürəklərinin dərinliyində bu ümiddə imişlər ki, ataları bu iri hamamda sauna da yaradacaq.
Uşaqların bu yeni hamama olan az-çox marağı tamam söndü. Əlbəttə, evin içində daha rahat hamam ola-ola kimə lazımdı ki, həyətin o başına yuyunmağa getsin?
Belə məlum oldu ki, Cümşüd müəllimdən başqa heç kim bu yeni hamama girib-çıxası deyil. Ailə başçısı həqiqətən də işdən dönən kimi bədəni bərabərində qətfəni çiyninə salıb şövqlə istirahət otağına yönəlirdi və hərdən bu arada uşaqlarının atmacalarını da qulağı çalırdı.
-Hamam hamam içində
Xəlbir saman içində
Dəvə dəlləklik edər
Təzə hamam içində.


Cümşüd müəllim nə qədər fikirləşirdisə, bu elat sözünün – bu gülməcənin alt qatını aça bilmirdi, hər halda hiss eləyirdi ki, uşaqları onun bu əməlindən də narazıdırlar.
-Bəlkə də o hamamdakı daş kətilə yanını qoyanda elə bilir şahdı, taxtda oturub.
Bu da sevimli oğlu Ədalətin atmacasıdı.

***

Elə ki, ailə başçısı məxsusi hamamdakı növbəti xüsusi istirahətdən sonra xəstəlik tapdı, yaddaşı zəiflədi, hətta hərdən kabinetinin qapısını qıfıllamağı da yadından çıxartdı.
Belə fürsətlərdən birini uşaqlar fövtə vermədilər; o işə gedəndən sonra kabinetin açıq qapısından içəri keçdilər ki, bəlkə atalarının gizlətdiyi xəzinəni tapa bildilər.
-Biz milyonçunun dilənçi uşaqlarıyıq, -Ədalət dedi, - xəzinəni tapsam yəqin ki, götürüb evdən qaçacam, üzüb məni belə yaşamaq!
Kiçik qardaş bu sözdən həyəcanlandı və təlaş içində:
-Sən nə danışırsan?-dedi- o səni öldürər!
Ədalət gülümsədi:
-O məni tapa bilər, birbaş Pripaltikaya, dostumun yanına gedəcəm, -dedi, -ağlına da gəlməz ki, məni orda axtarsın!
-Bəs anam? Bəs biz? Hamımızdan üz döndərirsən? –Muxtar qorxa-qorxa soruşdu.
-Hər kəsin öz həyatı var, mən bu xəsis cəngavərin cəhənnəmə vasil olmasını gözləyə bilmərəm,-Ədalət nifrətlə dilləndi, -o «sandıqdan» aralanmaz.
Amma uşaqlar kabinetin altını üstünə çevirsələr də nə «sandığı» tapdılar, nə içindəkiləri.
Sitarə xanım qorxu içində uşaqlarına tamaşa eləyirdi və gözləyirdi ki, işdir ailə başçısı qəfildən gəlib çıxsa, övladlarını duyuq salmağa macal tapsın. Ancaq bir qədər də keçəndən sonra uşaqlar özləri məyus halda kabinetdən çıxdılar.
-Heç nə tapmadıq, -Ədalət dedi, -yalnız böyük şkafı yoxlamaq qaldı, o da qıfıllıdı, açarını da yəqin ki, ipləmə özüylə gəzdirir.
Ədalət bu məxfi şkafın qıfılını açmağı qarşısına məqsəd kimi qoydu. Təxəyyülü, gözləri önündə belə bir mənzərə canlandırdı: şkafın önündə diz çöküb dəst-dəst pulları ciblərinə, əlindəki çantaya dürtür ki, vaxtı itirmədən mənfur ata yurdunu tərk etsin, sonra isə bu pulları restoranlarda səxavətlə xərcləyir, gözəl-gözəl qızlarla şampan şərabları içir, musiqilər sifariş verir, təzə bir maşın alıb yaxın dostları ilə birlkidə şəhərdə cavanlıq eləyir, onu əyləyən YPX mayorunun ağzını pulla yumur..
Ancaq onun bütün bu arzuları həyata keçmədi, ucsuz-bucaqsız sovetlər ölkəsi əhalisinin həyatı alt-üst olanda, dünyanın çarxı birdən-birə tərsinə fırlananda, sovetlər dağılanda sovet adamlarının qəlbində qurulmuş dünyalar da dağıldı.
Başda oturan məmurlardan biri bu qənaətə gəldi ki, ölkə əhalisi qeyri-qanuni yolla çox varlanıb, əllərdə kifayət qədər iri kapital var. Belə ki, ölkədə banklar mövcud deyil, aşağı səviyyəli əmanət kassalarının xidmətindən isə çox az adam istifadə eləyir, bu isə o deməkdir ki, nanəcib sovet adamları ölkə iqtisadiyyatına öz mənfəətləri naminə zərbə vururlar və bu səbəbdən də onları elə cəzalandırmaq lazımdır ki, ağılları başlarına gəlsin..
Belə sakit axşamların birində bütün sovet toplumları kimi Cümşüd müəllimin ailəsi də gündəlik baş xəbərlər proqramına «Vremya»ya baxırdılar. Adəti üzrə özünəməxsus hamamda duş qəbul eləmiş ailə başçısı da ekran qarşısında əyləşib xırda-xırda doğranmış, saralmış kəllə qəndlə, üçüncü növ Lənkəran çayı ilə dəmlənmiş çayı tez soyusun deyə nəlbəkiyə töküb içirdi və fikirləşirdi ki, arvadının bişirdiyi mürəbbələri bazara göndərib satdırsa, xeyli pul qazana bilər.
Və elə anda da diktor metal cingiltisinə bənzəyən qorxunc bir səslə bildirdi ki, ölkə vətəndaşları evlərində saxladıqları yüzlük əskinasları-əmanət kassalarında dəyişməlidilər. Mübadilə məhdudiyyəti və müddəti Cümşüd müəllimi o dərəcədə sarsıtdı ki, nəlbəki əlindən yerə düşüb sındı. Sovetlər ölkəsinin bütün qanunsevər vətəndaşları kimi Cümşüd müəllim də dünyaya meydan oxuyan sovet hökumətindən öz camaatına qarşı belə bir fırıldaq gözləmirdi. Uşaqlar kətillərdən qalxdılar və yeni qanunu hay-küylə müzakirə etməyə başladılar. Bu vurhavurda ailə başçısının bomboz bozardığını və birdən-birə içini çəkib ağappaq ağardığını heç kim görmədi. Əlləri titrəsə də, ayaqları sözünə baxmasa da o, yerindən qalxıb əsməcə içində bayıra çıxdı. Arxadan arvadının ona nə dediyini eşitsə də əylənmədi. Nə isə qeyri-adi bir hadisə baş verəcəyini başa düşən oğlanlar sakitcə atalarının arxasınca çıxdılar və gördülər ki, ailə başçısı zirzəmidən çıxır, qoltuğunda da iri bir bağlama. Oğlanlarının ona yaxınlaşdığını görən Cümşüd müəllim dərhal səsini qaldırdı:
-Arxamca gəlməyin, -dedi, -mən yuyunmağa gedirəm..
-Bəyəm sən indicə yuyunmamışdın?
Ədalətin bu sualı cavabsız qaldı; nədən ki, Cümşüd müəllim hamama girən kimi qapını içəridən bağladı.
Ədalət həyəcanla dedi:
-Əgər gecənin bu vaxtı tək qalmağa yer axtarırsa, demək tifaqı dağılıb..
Ailə başçısını çox gözlədilər və görəndə ki, gecə keçir, o isə hamamdan çıxmır, gəldilər ona xatırladalar ki, gecə yarıdı, yatmaq vaxtıdı.
Uşaqlarının səsini və ona nə söylədiyini eşidən Cümşüd müəllim qapını açmasa da, gül ağzını açdı:
-Açılın başımdan, it küçükləri, mən özüm bilərəm, burda nə qədər qalacam! Lazım gəlsə bir ay burdan çıxmayacam! Kimin nə.. borcuna! Bir də bu qapını taqqıldadan olsa, çıxıb öldürəcəm, heç uf da deməyəcəm!
Bu xəbərdarlıqdan öz payını götürən ailə üzvləri evə qayıtdılar və qərara aldılar ki, bir də hamama yaxınlaşmasınlar. Elə beləcə də yuxuladılar; nigarançılıq və həyəcan içində..

***

Səhər tezdən uşaqları yuxudan gözlərinin yaşını çay kimi axıdan, son dərəcə qorxmuş Sitarə xanım ayıltdı:
-Qalxın, dədənizin ağlı yerindən oynayıb,-dedi, -üstümə qaynar su atır! Elə bil uşaqdı!
Uşaqlar tuman-köynəkdə hamama sarı qaçanda aramsız çəkic səsləri eşitdilər.
Ədalət məsxərə ilə:
-Yoxsa, bu ipləmə Morz əlifbası öyrənir?-dedi, amma hamamın qapısını taqqıldatmağa ürək eləmədi.
Hadisələri qabaqlamaqdansa, gözləmək qərarına gəldilər. Bütün günü gözlədilər ki, o qapını açsın, hamamda neynədiyini anlatsın, amma o, nə qapını açdı, nə onu səsləyənlərə səs verdi, yalnız bir dəfə bildirdi ki, bayıra çıxsa, hamını qıracaq, yaxşısı budur uzaq dolansınlar. Əhvalatdan xəbər tutan Mətanət də əri Əsgərlə gəlib çıxdı və gözlərinin yaşını axıda-axıda atasının gizləndiyi hamamın qapısına baxmağa başladı.
Gün keçdi, axşam oldu, hər kəs öz otağına çəkilib yatağına uzandı, amma yenə sübh tezdən kəsdirdilər hamam qapısının kandarını. Qapı hələ də bağlı idi, amma daha içəridən küt səkic səsləri eşidilmirdi..
Sitarə xanım bu qərara gəldi ki, ağlını itirmiş əri yatıb. Ehmalca qapını taqqıldatdı; bir dəfə, iki dəfə, üç dəfə.. Amma içəridən səs gəlmədi, halbuki hər qapını döydükcə ona elə gəlirdi ki, indicə ərinin səsi eşidiləcək, o yenə də gül ağzını açacaq və hamını yaş yuyub quru sərəcək.
Sakitlikdən bir qədər ürəklənən Sitarə xanım bu dəfə qapını zərblə döydü, təpiklədi və onun bu cəhdi də cavabsız qalanda kürəkəni Əsgər inamsız halda dilləndi:
-Bəlkə orda yuxuya gedib?
Gün günorta olanacan ailə başçısını oyatmaq məqsədilə hamamın qapısını döydülər və nəhayət lazım olan qərarı Ədalət verdi:
-Qapını qırmaqdan başqa yol yoxdur!
Sən demə, bu hamamın qapısını sındırmaq o qədər də asan deyilmiş. Amma cavanlar yorulub əldən düşsələr də nəhayət ki, bu işin öhdəsindən gəldilər.
Ağır qapı zərblə hamamın içinə düşəndən sonra hadisənin iştirakçıları ehtiyatla, amma inamsız halda bir-bir içəri girdilər.
Qarşılaşdıqları mənzərə onları elə sarsıtdı ki, dilləri batdı; Cümşüd müəllim bu hamamın divarına vurulmuş bir topa sınıq kafelin arasında yaş döşəmədə arxası qatda uzanmışdı, sinəsinin üstündü də selefona bükülü bir topa yüzlük əskinas və bu əskinaslardan tarixdə ilk proletar dövlətinin banisi Lenin Ulyanov baxırdı, özü də istehza ilə gülümsəyə-gülümsəyə.


                                             Hollandiya, 2004
                                            
                                             Rus dilindən çevirəni:
                                                           Məmməd Oruc